Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - EVERESTDƏ 20 MİLYONLUQ FIRILDAQ

Nepalda aparılan genişmiqyaslı araşdırma Everest bölgəsində fəaliyyət göstərən bələdçilər, tur operatorları və səhiyyə işçilərindən ibarət şəbəkənin alpinistləri aldadaraq, milyonlarla dollar qazandığını üzə çıxarıb.

Polisin məlumatına görə, 2022-2025-ci illər arasında ən azı 4782 xarici alpinist bu sxemin qurbanı olub.

Saxtakarlıq nəticəsində əldə edilən gəlirin təxminən 20 milyon dollar olduğu bildirilir.

İstintaq çərçivəsində müəyyən edilib ki, şəbəkə alpinistləri lazımsız və ya saxta xilasetmə əməliyyatlarına cəlb edərək, beynəlxalq sığorta şirkətlərini aldadıb. İş üzrə ümumilikdə 32 nəfər ittiham olunub, onlardan 11-i həbs edilib.

Araşdırma zamanı ortaya çıxan faktlar isə xüsusilə diqqət çəkib. Bildirilir ki, bəzi hallarda alpinistlər qəsdən xəstələndirilib. Onların yeməklərinə mədə pozğunluğu yaradan maddələr, o cümlədən, çörək sodası və digər kimyəvi qarışıqlar əlavə edilib. Hətta bəzi hallarda yeməklərə çiy toyuq və siçovul peyini qatıldığı iddia olunur.

Bu üsullarla ürəkbulanma, başgicəllənmə və digər simptomlar yaşayan alpinistlər “təcili vəziyyət” adı ilə bahalı helikopter təxliyələrinə razı salınıb.

Saxtakarlıq prosesi bununla da bitməyib. Məlumata görə, operatorlar eyni helikopterlə bir neçə nəfəri daşısalar da, sənədlərdə hər bir uçuşu ayrı-ayrılıqda göstərərək, xərcləri şişirdiblər. Xəstəxanaların isə müalicə olunmayan turistlər üçün belə saxta tibbi sənədlər hazırladığı bildirilib.

Qeyd edilib ki, Everestdə oxşar saxtakarlıq şəbəkələri 2018-ci ildə ifşa olunsa da, cəza mexanizmlərinin zəifliyi bu kimi halların davam etməsinə şərait yaradıb./"qafqazinfo"