Pekində keçirilən görüşdə ABŞ və Çin liderlərinin çıxışlarından bəlli olur ki, onlar dünyanın perspektiv inkişaf dinamikasında iki ölkə arasındakı münasibətin necə böyük əhəmiyyət daşıyacağını yaxşı anlayırlar.
Trampın “Tesla” və “SpaceX”in baş direktoru İlon Maskı, ”Apple”in rəhbəri Tim Kuku, “Nvidia” şirkətinin baş direktoru Censen Huanq, həmçinin də “Boeing”, “Meta”, “Citi”, “Goldman Sachs”, “Mastercard” və “Visa” kimi şirkətlərin yüksək vəzifəli rəhbərlərini özü ilə Çinə aparması, bu görüşün əhatə dairəsinin sırf siyasi xüsusiyyətə malik olmamasından xəbər verir.

Yəqin ki, Tramp Si Cinpinlə yeni dünya nizamının necə formalaşmasının konturlarını da müzakirə edəcək. Onda, deməli, burada qlobal geostrategiyanın istiqamətini müəyyənləşdirməkdə əlahiddə rol oynayacaq iqtisadi-maliyyə resurslarının hər iki ölkə arasında bundan sonra hansı şərtlər daxilində paylaşılmasına da aydınlıq gətiriləcək. Əgər tərəflər bir-birlərinə güzəştə getməzlərsə, bu,dünya iqtisadiyatını dərin böhrana qərq edə bilər.
Dünyanın mövcud iqtisadi-maliyyə sistemi elə qurulub ki, burada ABŞ Federal Rezerv Sistemi (FRS) vasitəsilə qlobal emissiya funksiyasını yerinə yetirir. Dünya fabrikinə çevrilən Çinin böyüməsinin təməli isə 1972-ci ildə ABŞ prezidenti Riçard Niksonun Pekinə səfəri zamanı qoyulub. Çin indiki inkişaf səviyyəsinə məhz ABŞ kapitalı və texnologiyası sayəsində çatıb.
Bugünkü mənzərəyə diqqət etsək, görərik ki, Çinin istehsal sistemi ABŞ-dəki istehlak tələbatından çox asılıdır. Öz növbəsində isə uzun illərdir ki, ABŞ tədricən sənayesizləşməyə doğru sürüklənib və nəticədə onun ən zəruri tələbat mallarına olan ehtiyacı Çindən və Avropadan asılı hala düşüb. Ona görə də Tramp ABŞ-nin xarici ticarət balansındakı kəsiri ortadan qaldırmaq üçün tarif siyasətinin faydalı olacağını düşünür.

Donald Tramp hələ birinci prezidentlik dönəmində ABŞ-nin dünya ölkələri, xüsusən də Çinlə apardığı ticarətdə mənfi saldonun hədsiz yüksək olmasını qeyd edərək, buna qarşı əks tədbirlər göməyə başlamışdı. Həmin dövrdə Tramp ABŞ-dəki maliyyə qlobalçılarının himayə etdiyi qüvvələrin təzyiqi ilə üzləşmişdi. Maliyyə qlobalçılarının himayə etdiyi ABŞ-dəki liberal-sol təmayüllü Demokratlar partiyası Trampın radikal dəyişiklərə getməsinə qarşı çıxmış və hətta onu impiçmentə məruz qoymuşdular. ABŞ-də KİV-iin əksəriyyəti bu komandanın ixtiyarında olduğundan onlar Trampın istənilən siyasi addımını kəskin tənqid atəşinə tuturdular, halbuki, Bayden zamanı bunun tam əksi ilə qarşılaşırdıq.
Ancaq ABŞ-dəki sənaye korpusu, texnoloji innovasiya şirkətləri və yeni dalğa sayılan maliyyə qrupları ölkənin ümumi iqtisadi durumunun köhnə sxemlə davam edə bilməyəcəyini anlayaraq, Donald Trampı dəstəkləmək qərarına gəldilər. “BlackRock”, “The Vanguard Group” və sairə bu kimi iri maliyyə-investisiya korpusları hesab edirlər ki, qlobal miqyasda yeni iqtisadi-maliyyə sistemi qurulmazsa, onda mövcud statusu qoruyub saxlamaq çətinləşəcək.

Belə ki, indiyədək FRS-in emissiyası hesabına ABŞ tədiyyə balansındakı natarazlıq qapanırdı, amma bu proses ABŞ-nin real sektoruna ciddi ziyan vurur. Elə bu səbəbdən də Tramp köhnə metodlardan qurtulmağa və təsərrüfatın bütün sahələri üzrə ölkədə istehsalın inkişaf etdirilməsinə çalışır. Bu isə ABŞ-yə böyük həcmdə məhsul ixrac edən Çinin istehsal potensialına zərbə deməkdir. Dünya iqtisadiyyatının monetar stimullaşdırılmasını həyata keçirən FRS-ın sayəsində pul kütləsinin artırılması qlobal təlbatı da artırır. Ona görə də həmişə tələbat durmadan böyüyüb və buna müvafiq olaraq da Çindəki istehsalın həcmi də böyüyüb. Deməli, Çindəki istehsal maşınının böyüməsi, əslində, FRS-in daha çox pul çap etməsi ilə sinxron bağlılıq təşkil edib.
Beləliklə, istər Çin, istərsə də ABŞ geostrateji ambisyalarının sərhədlərini müəyyənləşdirməlidirlər, əks halda nəinki yeni dünya nizamnın qurulması prosesi ləngiyəcək ,həm də öncəki dönəmlərdən fərqli olaraq, bu gün saz işləməyən qlobal iqtisadi-maliyyə modelinin yenilənməməsi geostrateji fəsadlar törədəcək.
Hazırda dünyanın gələcəyi qeyri-müəyyənlik mərhələsindədir, bunun uzanması bu günə kimi monolit görünən koalisiyaları daxili ziddiyyətlər burulğanına salacaq. Əlbəttə, sözügedən yeni modelin qurulması təkcə deklorativ direktivlərlə həyata keçirilə bilməz. Dünyanın faktiki güc mərkəzləri olan Çin, ABŞ və Avropa ilk növbədə daxili problemlərini həll etməlidirlər. Çin ölkədəki böyümə tempinin aşağı yuvarlanmasını önləməli, Avropa Brüssel bürokratiyasının yaratdığı əngəllərdən xilas olmalı, ABŞ isə dolların sarsılmaması şərti ilə FRS-lə bağlı fundamental islahat aparmalıdır. /azpolitika.info