ABŞ hərbçiləri Hörmüzdə İranla əlaqəli 57 ticarət gəmisini saxlayıblar

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında blokada başlayandan bəri İranla bağlantısı olan 57 kommersiya gəmisini saxlayıb.

Stopnarkotik.az oxu.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ-ın Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Rəsmi bəyanatda bildirilir:

"İndiyədək Mərkəzi Komandanlığın bölmələri 57 ticarət gəmisinin istiqamətini dəyişdirib və onların İran limanlarına giriş-çıxışına mane olmaq məqsədilə dördünü istifadəyə yararsız hala salıb".

ABŞ hərbçiləri diqqətə çatdırıblar ki, sözügedən ticarət gəmiləri ümumi məbləği 13 milyard dolları ötən 166 milyon bareldən çox İran neftini nəql etmək potensialına malikdirlər.

Bundan öncə də CENTCOM ABŞ donanmasının 70-dən artıq tankerin İran limanlarına daxil olmasına və ya oranı tərk etməsinə imkan vermədiyini bəyan etmişdi.

Komandanlığın məlumatında vurğulanır ki, ABŞ hərbi qüvvələri beynəlxalq sularda nəzarət-patrul xidmətini fasiləsiz həyata keçirir və İrana qarşı mövcud dəniz blokadasını təmin edir.