Kəmalə Ağazadə: “Narkokuryerliyi etmək, metamfetamini əldə etmək üçün daha çox azyaşlıların imkanlarından istifadə edirlər”
“Mən hələ ad yazmamışam, birinci gündən başlayacam kimin öhdəliyi nədir, o haqda yazmağa...”
“Nəyi gözləyirlər? Gözləyirlər ki, cinayətkarlığın yaş həddi daha da aşağı ensin?”
Uşaqların məruz qaldığı zorakılıqlar son günlər ictimaiyyətin müzakirə mövzusudur. Stopnarkotik.az olaraq, narkomaniyanın yayılması kontekstində dəfələrlə uşaqlarla bağlı məsələlərə toxunmuşuq. Reabilitasiyalardan hazırladığımız materiallarda asılıların narkotikə əsasən yeniyetmə vaxtlarından qurşandığı da məlum olur. Amma artıq problem səhrədlərini aşmağa başlayıb. Vəziyyət o həddə çatıb ki, narkotik satıcıları “kuryerlik” işinə azyaşlıları da cəlb edirlər. Məqsəd onların cinayət məsuliyyətinə cəlb olunması yaşının az olmasının arxasına gizlənməkdir. Elə “Azərbaycan Uşaqları İctimai Birliyi”nin sədri Kəmalə Ağazadənin də bir neçə gün öncə “Xırdalan təcili nəzarətə götürülməlidir” həyəcan təbili problemin sərhədlərini nə qədər aşdığını göstərir. Bu çağırışa təfərrüatlı aydınlıq gətirmək üçün Kəmalə Ağazadə ilə söhbətləşdik.
“Qəlyan, içki, yüngül həyat tərzi, cinsi münasibətlər - bunların hamısı Xırdalan ərazisində baş verir”
- Kəmalə xanım, Xırdalanla bağlı sosial şəbəkədəki paylaşımınız cəmiyyətdə ciddi əks-səda doğurdu. Sizi bu kəskin xəbərdarlığı etməyə vadar edən son hadisə və ya daşırıcı damla nə oldu?
- Ümumiyyətlə, davamlı olaraq, bizdə yerləşdirilən, evdən qaçan, məişət zorakılığı qurbanları kimi qiymətləndirilən, hətta sosial təhlükəli vəziyyətdə olan uşaqlar daxil olanda baxırıq ki, onların əksəriyyətinin heç olmasa bir dəfə də olsun, Xırdalanla təması olub. Bu təmasın kötüyünə gedib çıxanda baxırıq ki, müxtəlif vaxtlarda gələn, məsələn, 2024-cü ilin axır gününə qədər gələn uşaqların (bizdə qızlardır) 70%-i “TikTok” vasitəsilə tanış olub, özlərinin “WhatsApp” qrupunu yaradıblar. Orada əsasən oğlanlar olur. Və bunların Xırdalana cəlb olunması orada baş verir. Qəlyan, içki, yüngül həyat tərzi, cinsi münasibətlər - bunların hamısı Xırdalan ərazisində baş verir. Uşaqlar bunların hamısını bizə danışırlar.
Mənim verdiyim məlumatın əks-səda doğurmasının səbəbi yazdığım statusa cəmiyyətin reaksiyasıdır. Çünki hamı birmənalı şəkildə yazırdı ki, doğrudur, biz artıq yorulmuşuq. Bir-iki gün bundan qabaq elə həmin ərazilərdən birində 15-16 yaşlı uşaqlar, çox güman ki, soyğunçuluq məqsədilə, 25-26 yaşlı bir gəncə hücum edib, ona 10-dan çox bıçaq vurmuşdular. Həmin gənc dünyasını dəyişdi. Bu, bir hadisə deyil axı. Və biz apardığımız araşdırmalar göstərir ki, bizim qızlar, hansılar ki, bax həmin o mühitlərdən olan qızlardır, oğlanlar tərəfindən ən çox qeyri-təbii yolla cinsi münasibətdə olanlardır. Yəni heç bir nəzarət yoxdur. Valideyn nəzarəti yoxdursa, o valideyn çox ciddi cəzalanmalıdır. Yox, uşaq artıq çətin tərbiyə olunan uşaqdırsa, biz hadisə baş verəndən sonra başlayaq reabilitasiyaya... Hansı reabilitasiyadan danışırıq?! Biz reabilitasiyanı 3 ay, 6 ay apardıq, uşaq hara qayıdacaq-həmin mühitə. Həmin mühitin kötüyü araşdırılıb, aradan qaldırılmasa, heç bir reabilitasiyanın effekti olmayacaq.
Reabilitasiya olunan qızlarımızdan biri artıq 8 aydan çoxdur ki, evə qayıdıb, bir neçə gün qabaq ana bizə müraciət edir ki, xahiş edirəm kömək edin, qızımı təzədən reabilitasiyaya götürün, mən artıq onu idarə edə bilmirəm. Səbəbi odur ki, məni dinləmir, istədiyi vaxt gedir, istədiyi vaxt gəlir. Soruşuruq ki, sən hardasan? Deyir, mən filan yerdə işləyirəm, gec gəlirəm. Mən özüm şahid olmuşam ki, qızlar gecə saat 12-yə, 1-ə qədər küçədədir. O gecə küçəyə çıxanda, onu geyindirib yola salan anadır. Uşaq özünə makiyaj edir. Ona kosmetikanı alan kimdir? Anadır. Uşağı aparıb salonda ona qaşıq dırnaqlar qoyduran kimdir? Anadır. Kim edir bunu? Əksəriyyəti də tək anaların uşaqlarıdır. Demək, bizim bu gün təbil çalmağımız elə-belə deyil. Aidiyyəti qurumlar da artıq çox ciddi fəaliyyətə keçiblər.
“Aktiv ərazilərə gəldikdə, bunlar Qaradağdır, Binəqədidir, Abşerondur, Sabunçudur...”
- Paylaşımınızda “Xırdalanı ciddi nəzarətə götürməyin vaxtıdır” deyərək buranı yeniyetmələrin neqativ mühitdə "formalaşdığı" mərkəz kimi təsvir etdiniz. Coğrafi və sosial baxımdan niyə məhz Xırdalan? Bakının digər ətraf ərazilərindən onu fərqləndirən nədir? Xırdalan üçün etdiyiniz xəbərdarlıq hansısa digər ərazilər üçün də keçərlidir?
- Bu gün bunu təkcə mən yox, eyni zamanda elə DİN də bilir. Ümumiyyətlə, sosial təhlükəli ailələr kimi qiymətləndirilən əraziləri biz bütün Bakı şəhəri və onu rayonlarında da görürük. Bunu kateqoriyalara bölməyək, amma bu Sabunçuda da, Binəqədidə də var.
Aktiv ərazilərə gəldikdə, bunlar Qaradağdır, Binəqədidir, Abşerondur, Sabunçudur. Qismən Suraxanıdır. Biz bunları niyə danaq, niyə gizlədək? Mənim də bunu deməyimin səbəbi odur ki, harada sosial həssas dediyimiz ailələri görürüksə, onlarla ciddi iş aparılmalıdır. Bu gün kirayə qalanların qeydiyyatı aparılırmı ki, bu, haradan gəlib? Bu, burada necə qalır? Gecəqondularda necə yaşayırlar? Gecəqondular niyə var? Əmlakçı azyaşlı uşağa hansı sənədin əsasında kirayə ev verir? Bilirsinizmi, Xırdalanda çox ucuz qiymətə gecəlik, saatlıq evlər var. Kim verir bunları? Deməli, bunu edən uşaq deyil. Deməli, bunun arxasında duran, türklər demiş, bir çətə, yaxud çətələr var.
- Sığınacağınıza yerləşdirilən uşaqların 70%-nin yolunun ən azı bir dəfə Xırdalandan keçdiyini vurğulamısınız. Ümumiyyətlə, zorakılığa məruz qalan uşaqlarla bağlı statistika varmı? Daha çox hansı tip zorakılıqlara məruz qalırlar?
- Biz bir il ərzində 300-350, elə ilimiz olub 400, 450-dən yuxarı uşaqla bir günlük, üç günlük profilaktik söhbətlər aparmışıq. Eyni zamanda, uzunmüddətli reabilitasiya üçün uşaqların həm valideynləri, həm də dövlət qurumları tərəfindən yerləşdirilməsini, reabilitasiyasını həyata keçirmişik. Bunlar əsasən baxımsız vəziyyətdə və ailədaxili zorakılığın qurbanı olan, erkən evlilik, erkən nigah və cinsi zorakılıın qurbanları olan uşaqlarmızdır. Daha çox göstərici - ailədaxili münaqişə və bu səbəbdən uşaqların küçə həyatına meyllənməsi faktları birinci yerdə durur.
“Azyaşlı uşaqların bu gün ən ciddi problemləri oyunlara aludəçilikdir”
- Kəmalə xanım, “TikTok” vasitəsilə tanış olub Xırdalana qaçan uşaqların psixologiyasının, davranışının altında nə yatır? Bu uşaqlar virtual dünyadan real cinayət mühitinə (narkotik, fahişəlik və s.) keçidin fərqinə varırlarmı, yoxsa hər şey bir oyun kimi başlayır?
- Uşağın qarşısına ki, 6 aylıqdan telefon qoyursan, rəngləri hələ beyni tam qavramadığı halda, otuzdurursan, başlayırsan qaşıqla yedizdirməyə, bax onda başlayır. Uşağın “təki səsi gəlməsin” deyə telefonu əlinə verirlər, virtual aləm mühitini genişləndirirlər... Dünən axtardığı bu gün önəm kəsb etmir, bu gün daha maraqlı bir şeyə baxmaq istəyir, daha maraqlını oyunlarda tapır. Azyaşlı uşaqların bu gün ən ciddi problemləri oyunlara aludəçilikdir. Oyunların içində Snapçat, PubG, Robox var, o oyunlarda virtual otaqlar var, gedib orada söhbət edirlər, əlaqələr yaradırlar, bir-birinə nömrələr ötürürlər, nəticədə nə yaranır?.. Artıq evdə də bunu diqqətdən kənarda qalan uşaq kateqoriyasına aid edəndə, bu uşağın özünü ən rahat hiss etdiyi yer həmin otaqlarda tanış olduğu, amma görmədiyi virtual insanlardır. Bu insanlar həm onların həmyaşıdları, həm də yaşça böyüklər ola bilir. Əlbəttə, yaşça böyüklər çox ağıllı davranırlar, özləri deyil, həmin o uşaqlarla davranışlarını formalaşdırırlar. İş işdən keçəndən sonra artıq o insanlar öz məqsədləri üçün istifadə etməyə başlayırlar. Bu şantaj, hədə-qorxu yoluyla olur. Asılılığa salırlar, narkotik istifadəsi olur və s.
Bu gün bir baxın, görün şəhərdə hansı yerlərdə qəlyanlar verilir. Harada yazılıb ki, bu qəlyan hansı yaşa qədər verilir? Ümumiyyətlə, yaşından əlavə, bu qəlyan sevgisini yeniyetmələrin arasında haradan formalaşdırıblar? Motosikletlərlə o başa, bu başa gedirlər. Uşaqlara motosikletləri alıb verirlər, ya kirayəyə, ya kreditə götürürlər. Motosikletləri şəhərin o başından bu başına sürürlər. Valideyn fikirləşmir ki, bu nədir?!
Baxın, valideyn uşağa hər şeyi əlçatan etməməlidir. Nə cür imkanlı olsan da, nə qədər uşağa sevgin çox olsa da, uşağa hər şeyi “al, bu sənin olsun”, “istəyirsən, bu dəqiqə edim” kimi əlçatanlıqla biz onu yanlış tərbiyə edirik. Yəni uşaq bütün arzularını artıq həyata keçirir və biz onu daha pis arzulara tərəf sürükləyirik.
- Yəqin bəzi valideynlər uşağa hər şeyi verməni ona sevgi kimi göstərirlər...
- Bəziləri sevgi kimi, bəziləri “təki uşaq mənə mane olmasın” kimi göstərir. Bəziləri də “qonşudan qalma dala” kimi göstərirlər. Bir qrup isə, sadəcə, cahillikdən bunu edir.
- Azyaşlıların Xırdalandakı kafe və çayxanalarda qeyri-qanuni işlədilməsindən danışdınız. Bu obyektlərdə uşaqlar təkcə ucuz işçi qüvvəsidir, yoxsa orada həm də digər zorakılıq və istismar növlərinə məruz qalırlar?
- Uşaqlar orada ucuz işçi qüvvəsidir. Amma uşaq orada kuryer də ola bilər...
- Narkokuryer?
- Narkokuryer. Orada uşaq eyni zamanda fahişəliyə cəlb edilə bilər. Çünki orada bir qorxu, bir təhdid ola bilər. Ona görə, mən düşünürəm ki, bu istiqamətdə olduqca ciddi iş aparılmalıdır. Məgər, bu kafelərin hamısı rəsmi qeydiyyatdan keçib? Bunu görmürlər? Bunu bilmirlər? Bağlasınlar da. Yadınızdadır, bir ara “Memar Əcəmi” istiqamətində beşmərtəbəli binaların altında çayxanalar var idi. Qızlar az qalırdı ki, orada çayxananın qapısının ağzında striptiz göstərsin. Hamısı azyaşlılar idi. Dedik, dedik, axırda nə oldu, oranı dağıtdılar.
- Yeri gəlmişkən, 2-3 gün əvvəl 23 yaşlı narkokuryer və onun bu işə cəlb etdiyi azyaşlı qız iş başında saxlanıldılar. Burada sual ortaya çıxır ki, azyaşlı qız gecə saatlarına küçədə necə gəzir?
- Biz təkcə qızlardan danışırıq, bəs oğlanlar gecə küçədə gəzməlidir?
- Xeyr, yetkinlik yaşına çatmayan oğlan da gecə küçədə gəzməməlidir.
- Əgər uşaq çətin tərbiyə olunan uşaqdırsa, deməli, oğlanla da iş aparmaq lazımdır.
- Siz bu işin mexanizmini necə görürsünüz?
- Narkokuryerliyi etmək, metamfetamini əldə etmək üçün daha çox azyaşlıların imkanlarından istifadə edirlər. Çünki o azyaşlıdır, 14 yaşa qədər onun heç bir məsuliyyəti yaranmır. Mən hələ ad yazmamışam, birinci gündən başlayacam kimin öhdəliyi nədir, o haqda yazmağa.
- Evdən qaçan uşaqların çoxunun Xırdalanda gizləndiyini bilirik. Bəs yerli sakinlər, qonşular və ya obyekt sahibləri niyə səssiz qalır? İctimai qınaq və ya diqqətlilik niyə bu qədər aşağıdır? Məsələn, Binəqədi və Masazırda sakinlər yaşadıqları ərazidə narkotiklərin basdırılmasına qarşı ayağa qalxdılar, özləri növbə çəkərək narkotik kuryerlərinə qarşı təşkilatlandılar. Amma digər məsələdə səssizdilər...
- Demək, “hər kəs öz işini görür” adını qoymaqla deyil. Bu gün yeri gələndə hamı öz övladını qorumaq üçün bu təbili çalmalıdır. Bunu daha çox şou xarakterli etmək lazım deyil. Vurdular, apardılar, yıxdılar, lap yaxşı, gördünüz nəticə nə oldu?.. Keşlədə də bu oldu, Biləcəridə də, amma oldu...
Mən burada şou görümürəm, iş görürəm. Burada çox ciddi iş aparılmalıdır, aparılmasa bu uşaqlar çox böyük problemə çevriləcəklər. Onların hamısını həbsxanaya salacaqlar?..
- Təbii ki, yox.
- Demək, həbsə düşməmək üçün birinci cəzanı valideyndən başlamaq lazımdır. Valideynin məsuliyyətini çox ciddi şəkildə qarşısına qoyması lazımdır.
“Nəyi gözləyirlər? Gözləyirlər ki, cinayətkarlığın yaş həddi daha da aşağı ensin?”
- Bu, necə tənizimlənməlidir?
- Bunun mexanizmini belə görürəm: çətin tərbiyə olunan, vaxtının çox hissəsini küçədə keçirən uşaqlar üçün qısa, orta, uzun müddətli qapalı reabilitasiya mərkəzləri yaradılmalıdır. Nəyi gözləyirlər? Gözləyirlər ki, cinayətkarlığın yaş həddi daha da aşağı ensin?
- Bu paylaşımınızdan sonra aidiyyatı qurumlardan -Abşeron Rayon İcra Hakimiyyəti, yerli polis şöbəsi və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sizə hər hansı reaksiya, birgə fəaliyyət təklifi gəldimi?
- Gəlib, amma deməyəcəm. Çünki birinci gün gəlib görüşəcəyəm. Çünki paylaşımımı birinci gün bəndbəbənd yazacağam. Bu, belə davam edə bilməz. Sığınacaqlar ağzına qədər doludur. Bu gün azyaşlı qızların, oğlanların arasında narkotik istifadə edənlərin sayı artır. Buradan başlamaq lazımdır.
- Biz “Stopnarkotik” olaraq reabilitasiyalarda etdiyimiz çəkilişlər zamanı da görürük ki, artıq narkotik istifadəsi 13-15 yaşlardan başlayır. Bu isə onu deməyə əsas verir ki, yaş həddi daha da aşağı düşüb...
- Bəli, yaş həddi aşağı düşüb. Guya, bu gün bizim peşəkar reabilitasiya mərkəzlərimiz çoxdur? Ümumiyyətlə, var?
- Özəl reabilitasiyalar var, amma onların da içində peşəkar olanlar çox deyil. Dövlət mütləq bu məsələyə əlini qoymalıdır.
- Əlbəttə. Bunun hansı lisenziya əsasında, hansı sertifikat əsasında işləyir? Hansısa “papanın gül balası”nı küçələrdən yığışdırmaq, narkotik istifadəsini etməmək üçün açılan mərkəzlərdən söhbət gedir?
- İçlərində seçilənləri var, amma dövlət bunu nəzarətinə götürməlidir.
- Tamam, onun da gözünə şou xarakterli bir-iki nəfəri qatırlar, amma görürsünüz də, hələ də məhkəmə işləri gedənlər var.
- Qanunvericilik baxımından uşaqları bu bataqlıqdan qorumaq üçün hər hansı boşluq varmı? Problem qanunlardadır, yoxsa onların necə yerinə yetirliməsində?
- Problem o qanunların mexanizminin işə salınmasındadır.
- O zaman problem icraatdadır.
- Bəli, icra mexanizmi işə düşməlidir, qanunlar mükəmməldir.
- Qanunlar mükəmməldirdirsə, problem də icraatdadırsa, bəs indiyə qədər qanunların icrası niyə işə düşmürdü? Gərək kimsə SOS siqnalı verəydi?
- Bu sualı artıq mənə yox, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarına ünvanlayın. Bir təşkilat hər şeyi öz üzərinə götürə bilməz axı. Təsəvvür edin ki, narkotik istifadəçisini də mən götürmək zorunda qalıram, içki düşkünü olanı da, yüngül həyat tərzindən çıxıb gələni də. Deyin görüm, narkotik istifadəçisi ilə bu gün işləmək nə qədər mənim təcrübəmdə var?! Ona xüsusi qulluq lazımdır, ona xüsusi reabilitasiya proqramı lazımdır. Bir narkotik istifadəçisinin vaxtı gələndə iki qızı da aparacaq, üç qızı da aparacaq. İstifadə etməyəni də götürüb aparacaq, beşini də, onunu da aparacaq.
- Bəs sığınacağa götürdüyünüz uşaqların sonrakı taleyi necə olur? Reabilitasiyadan sonra onları hara yönləndirirsiniz?
- Əvvala, biz işimizi heç vaxt yarımçıq qoymuruq. Reabilitasiya tibb müəssisəsi deyil. Bizim psixoloji, sosial reabilitasiya proqramlarımız var. Biz lizensiya ilə çalışan, akkreditasiyadan keçən, sırf məişət zorakılığı qurbanları ilə işləyən təşkilatıq. Əlbəttə, bu məişət zorakılığı qurbanlığına gəlib çıxana qədər sosial təhlükəli vəziyyətdə olan uşaq kimi qiymətləndirilir və biz onunla 3 aylıq, 6 aylıq, 9 aylıq və 1 illik proqramlar tərtib edirik. O dövrdə uşaq təhsilə cəlb olunur, əgər təhsildən kənarda qalıbsa bərpa olunur, onun gələcək proqramının fərdi planı tərtib olunur. Onun əsasında art-terapiya dərsi keçirilir, psixoloji konsultasiyalar, idmanlar, məşqlər keçirilir. Əlavə olaraq, müxtəlif təhsil proqramlarına cəlb edirik və biz cəmiyyətə 18 yaşına qədər sağlam uşaq yetişdiririk. Əlbəttə, 18 yaşından sonra da onların işlə təmin olunmasında istər Məşğulluq İdarəsi, istər biznes qurumları olsun, onlarla iş birliklərimz olur.
- Bəs narkotik asılılarının taleyi necə olur?
- Çox vaxt yarımçıq qalır. Çünki onlarda reabilitasiya ilə iş bitmir.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az