Böyük Britaniya hökuməti bir sıra Rusiya qurumlarına və təxminən 50-yə yaxın Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Stopnarkotik.az azpolitika.info-ya istinadla xəbər verir ki, rəsmi London onları “Ukraynada demokratiyanın zəiflədilməsi və Ermənistanda seçkilərə müdaxilə cəhdləri”ndə ittiham edir.
Britaniya hökumətinin iddiasına görə, sanksiyaya məruz qalan qurumlardan biri – Moskvada fəaliyyət göstərən Sosial Layihələndirmə Agentliyi Ermənistanda rusiyapərəst təşkilatların yaradılması və hakimiyyət dəyişikliyinə nail olmaq məqsədi daşıyan kampaniyalar hazırlayıb.
Londonun sanksiya siyahısına daxil etdiyi digər Rusiya qurumu – ANO Dialoq isə Böyük Britaniya hökumətinin məlumatına görə, Ermənistanın daxili siyasətinə müdaxilə planlarını Rusiya kəşfiyyat strukturları ilə koordinasiya edib.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi artıq Britaniya hökumətinin qərarına reaksiya verərək ittihamları “cəfəngiyat” adlandırıb.
Rusiya səfirliyinin bəyanatında deyilir: “Əvvəllər Kiyevdə dövlət çevrilişinə gətirib çıxaran Londonun neo-müstəmləkə siyasəti indi Ermənistanı hədəfə alıb. Qərb özü suveren dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır. Bu yaxınlarda Moldovada və Rumıniyada baş verənlər buna nümunədir. Oğru elə ilk özü qışqırır ki, “oğrunu tutun””.