Bakıda atasını bıçaqlayan yeniyetməyə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Abuzər Vəlizadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 2025-ci ilin yanvar ayında gecə saat 03:30 radələrində təqsirləndirilən şəxsin yaşadığı Bakı şəhəri ərazisində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan Abuzər Vəlizadə atası, zərərçəkmiş Yavər Vəlizadə (adı, soyadı şərtidir) ilə aralarında yaranmış münaqişə zamanı qəsdən ona ağır bədən xəsarətləri yetirib.

Məlumata görə, həmin gecə zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evdə Abuzəri və onun bacısını təhqir edib və onlara qarşı zor tətbiq edib. Bu səbəbdən də tərəflər arasında gərgin mübahisə yaranıb.

Abuzər atasının bu hərəkətlərindən sonra qisas almaq niyyəti ilə hərəkət edib və mətbəx bıçağı ilə ona iki dəfə zərbə endirib. Nəticədə Yavər Vəlizadə döş qəfəsinin arxa səthinin sol yarısında iki ədəd deşilmiş-kəsilmiş yara alıb. Həmin xəsarətlər pnevmotoraks və hemotoraksla müşayiət olunmaqla həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri kimi qiymətləndirilib.

Məhkəmə iclasında qanuni nümayəndə vasitəsilə dindirilmiş yetkinlik yaşına çatmayan Abuzər Vəlizadə özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib və ifadəsində hadisənin başvermə şəraitini izah edib

O deyib ki, hadisə günü atası ilə birlikdə kafedə olublar, Yavər orada spirtli içki qəbul edib. Daha sonra evə qayıdıblar. Təqsirləndirilən şəxsin sözlərinə görə, evə çatdıqdan sonra o, qısa müddətlik həyətə düşüb və geri qayıtdıqda evdə səs-küy olduğunu görüb.

Onun ifadəsinə əsasən, bu zaman atası bacısı ilə mübahisə edib və ona qarşı fiziki zor tətbiq etməyə çalışıb. Təqsirləndirilən şəxs müdaxilə etdikdə isə araya daxil olan mübahisə zamanı dəmir stul onun başına dəyib. Bu vəziyyətdən sonra Abuzər özünü qorumaq məqsədilə mətbəx bıçağını götürərək atasına zərbə vurduğunu bildirib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu da ifadəsində qeyd edib./pravda.az