“Ölkəyə narkotik gətirənlərə daha ağır cəza verilməlidir” – TANINMIŞ KRİMİNALİST

Teymur Baloğlanov: “Narkotik istifadəçilərini birinci dəfədən azadlıqdan məhrum etmək kökündən yanlışdır”

“Bütün gücü narkotikin satışı ilə məşğul olanlara yönəltmək lazımdır. Narkomanı aşkar edib, üzə çıxarıb məsuliyyətə almaq çətin deyil”

“Əgər adam narkotik qəbuluna görə məsuliyyətə cəlb olunursa, biz ona dərhal cinayətkar kimi yanaşmamalıyıq”

Həbsxanalarda cəza çəkən məhkumların içində narkotiklə bağlı cinayət törədən şəxslər üstünlük təşkil edir. Hətta 2024-cü ilin SPACE I hesabatlarında qeyd olunur ki, Azərbyacanda bu qəbildən məhkumların sayı 50%-ə qədər olub. Digər tərəfdən, vəziyyət elə qarışıb ki, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ittihamı ilə cinayət törədənlərin sayı narkotik vasitələrin qanunsuz satışı cinayətini törədənlərin sayını üstələyib.

Bundan başqa, 2026-cı ilin yanvar ayında qanunsuz narkotik dövriyyəsi ilə bağlı təkrar cinayət törədənlərin sayı 100 nəfər idisə, yanvar-mart ayları üçün bu rəqəm 500-ə qalxıb. Bəs, bu vəziyyəti ən azından yüngülləşdirmək üçün hansı addımları atmaq olar? Bu barədə tanınmış kriminoloq Teymur Baloğlanovun mövqeyini öyrəndik.

- Rəsmi hesabatlarda qeyd olunur ki, ölkəmizdə narkotiklərin qanunsuz saxlanması üzrə cinayət faktları qanunsuz satış faktlarını üstələyir. Sizcə, bu, istifadəçilərin daha çox narkotik ehtiyatına sahib olmaq istəyindən irəli gəlir, yoxsa satıcıların satış ittihamı ilə həbsə düşməmək üçün işlətdiyi fənddir?

- Aydın şeydir ki, narkotik satışı ilə məşğul olanların böyük bir qismi polis orqanları tərəfindən təqib olunacaqlarını yaxşı başa düşürlər. Ona görə, işlərini, necə deyərlər, konspirasiya xətalarına əməl etmədən həyata keçirməyə çalışırlar. Əsas səbəbi budur. Amma narkotik qəbul edənləri, istehlakçıları xüsusilə peşəkar hüquq-mühafizə orqanlarının əməliyyat işçiləri görən kimi tanıyırlar. İstehlakçıları aşkar etmək onlar üçün elə də çətin deyil. Onların bir qismi narkoman kimi, bir qismi də narkotik xarakterli cinayətlərdə adları hallandığına görə, digər tərəfdən də bədən dilindən, hərəkətlərindən, danışıqlarından, sifətlərindən və s. aşkar etmək elə də çətinlik törətmir.

- BMT-nin 69-cu sessiyasında irəli sürülən təkliflərdən biri bu oldu ki, satışla qanunsuz saxlamanın daha dəqiq müəyyən edilməsi üçün meyarlar dəqiqləşdirilməlidir. Bu iki kateqoriyanı ayırmaq üçün daha dəqiq meyarlar nə ola bilər? Yaxud bu mexanizmə hansı meyarları əlavə etmək olar? Məsələn, qurudulmuş marixuananın xeyli miqdarı 5 qramdan başlayırsa, külli miqidarı 500 qramdır və arada xeyli “məsafə” var...

- Aydındır ki, narkotik istehlakçıları ilə onların satıcıları arasında fərq qoymaq üçün əsas kriteriya kimi aşkar edilən narkotikin miqdarı ilə bunu etmək olur. Yəni satan özündə narkotik vasitələri saxlayır, istehlakçı isə gündəlik istehlak üçün lazım olan miqdarda narkotiki əldə edib saxlaya bilir. Bu, ilkin meyardır. Belə deyək, ilkin olaraq, əl altında olan vasitələrdən biridir. Amma istintaq, məhkəmə praktikasında da porsiyalara bölünmüş narkotikin aşkar edilməsi, çəkilib qablaşdırılmış narkotik vasitələr və onun yanında tərəzi də aşkar olunması istər-istəməz şəxsin satış ilə məşğul olmasını göstərən əlamətlərdir.

O ki qaldı daha böyük miqdara, bu, birbaşa həmin şəxslərin narkotikin satıcısı olduqlarını göstərir. Həm də daha təhlükəli şəxs olduğunu göstərən əlamətdir. Narkotik satıcılarını istehlakçılardan fərqləndirən digər əlamət o ola bilər ki, onların üzərində əməliyyat izləmələri həyata keçirilir. Hansı ki, narkotik satıcıları izlənilirlər, onların hərəkətləri çəkilir, onların ətrafından çəkilişlər aparılır. Amma bunlar məxfi həyata keçirildiyinə görə, təfərrüatları açıqlamaq düzgün deyil. Yeri gələndə hətta o da mümkündür ki, əməliyyat işçisi, yaxud əməliyyat işçisi ilə əlaqəsi olan vətəndaşlar narkotik aludəçilərinin vasitəsilə narkotik satan alverçilərin dövriyyəsinə gizlin olaraq daxil olur, özlərini narkoman kimi aparır, məlumat toplayırlar. Yəni onları izləyirlər, narkotik satıcılarının aşkar olunmasına kömək edirlər. İndi nə “Amerika” tapmaq, nə də velosiped icad etmək lazım deyil. Bunlar istintaqa məlum olan üsullar və “priyomlar”dır ki, narkotik satıcılarını necə aşkar etmək olur.

BMT-nin qərarına istinad etdiniz ki, onları müəyyən etmək üçün hansı kriteriyalar lazımdır. Yəqin ilk növbədə kriteriya bundan ibarət olmalıdır ki, aşkarlanan narkotikin miqdarı, vəziyyəti, ümumi sayı və s. satıcıları aşkarlamaq üçün ilk növbədə lazım olan əlamətlərdir.      

- Həbsxanalarda saxlanan məhbuslar arasında narkotiklə bağlı cinayətlərə görə məhkum olunanların sayı 50 faizdən çoxdur. Necə düşünürsünüz, ilk dəfə az miqdarda satışla tutulanlara, eləcə də ilk dəfə külli miqdarda qanunsuz saxlama ilə tutulanlara alternativ cəzalar vermək olarmı? Məsələn, şəxs hansı miqdarda narkotiklə tutulubsa, onun maddi dəyərinin çox üstündə pulla cərimə etmək və s. Bu, sui-istifadəyə yol açarmı?

- Ümumiyyətlə, narkotik istehlakçılarının cinayət məsuliyyətinə cəlb olunması üçün Cinayət Məcəlləsində tətbiq olunan populyar maddə 234.1-ci maddədir. Yəni qanunsuz əldə etmə-saxlama. Orada “qəbuletmə” sözü yoxdur, yəni bunlar istehlakçıdırlar. Mən belə şəxslərin - əgər ilk dəfə məsuliyyətə cəlb olunurlarsa - azadlıqdan məhrum edilməsinin əleyhinəyəm. Niyə? Mən özüm əvvəllər Rusiya Federasiyasında prokurorluq orqanlarında işləmişəm və orada hal-hazırda da qalıb işləyən həmvətənlərimiz var. Onlarla söhbət zamanı mənə məlum oldu ki, Rusiyada belə hallarda 99% cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin olunmur. Yəni bu şəxslərə azadlıqdan məhrumetmə cəzası vermirlər. Daha çox çalışırlar ki, müalicə ilə və digər vasitələrlə islah olunsunlar, cəmiyyətə inteqrasiya etsinlər. Amma bizdə bir qayda olaraq, deyərdim ifrat dərəcədə, daha ciddi cəzaya, azadlıqdan məhrum etmə cəzasına əl atırlar. Əminəm ki, əksər hallarda təcridin effekti olmur. Bu, baş ağrısı zamanı ağrıkəsici qəbul etməyə bənzəyir. Yəni müvəqqəti olaraq problemi kənara qoyursan, amma problem qalmaqda davam edir, əksinə daha da irəliləyir. Ona görə, hesab edirəm ki, belə şəxslərin birinci dəfədən azadlıqdan məhrum edilməsi ilə bağlı cəzanın təyin edilməsi kökündən yanlışdır. Mən 40 ildən artıq hüquq-mühafizə orqanlarında xidmət etmişəm və öz təcrübəmə əsasən bu qənaətdəyəm.

- Necə düşünürsünüz, ölkəmizdə cəzaçəkmə müəssisəsinə düşmə məqsədi olan islahetmə öz hədəfinə çata bilirmi?

- Birdəfəlik başa düşmək lazımdır ki, bu insanlar cinayətkardan çox xəstədirlər. Xəstəyə isə mərhəmətli münasibət göstərmək lazımdır. Onu ilk növbədə xəstə kimi görmək lazımdır. Əgər adam narkotik qəbuluna görə məsuliyyətə cəlb olunursa, biz ona dərhal cinayətkar kimi yanaşmamalıyıq. Onun hərəkətlərində digər cinayətləri varsa, bu başqa məsələ. Amma söhbət narkotik aludəçiliyindən gedirsə, bəli, bu gün praktikada var ki, ekspertiza tərəfindən şəxs istehlakçı kimi tanınarsa, ona məcburi müalicə təyin olunmalıdır. Əslində cəza təyin olunmur, məcburi müalicə təyin olunur. Və daha sonra cəzadan azad olunmalıdır. Amma praktikada bu qanunvericiliyin icrasına çox az rast gəlinir.

- 2026-cı ilin yanvar ayında narkotiklə bağlı 100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmişdir. Mart ayında isə 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmişdir. Sizcə, həbsxana həyatı məhkumların gözünü niyə qorxutmur ki, onlar təkrar cinayətkarlığa qayıdırlar? Bunun altında yatan səbəblər nədir? İqtisadi, sosial, yoxsa psixoloji-şəxsiyyət olaraq bu şəxslər deqradasiyaya uğrayırlar?

- Faktiki olaraq, mənim dediklərimi təsdiq etdiniz. Narkotik aludəçisi olanlara ingilislər “addiction” deyirlər, yəni xəstəlik, öyrəşmə. Yəni onlar narkotik maddəyə öyrəşiblər. Demək, bunu məhkum etməklə biz nəyə nail olduq? Heç nəyə. Sadəcə, onu cəmiyyətdən təcrid etdik ki, çoxları cəmiyyətdə belə adamın olduğunu görməsinlər. O, gec-tez qayıdacaq bu cəmiyyətə. Amma necə qayıdacaq: yenə də həmin narkoman kimi, xəstə kimi. Yenidən cinayət törədəcək ki, onların sayının artması da təsdiq olunur. Əgər bizdə bu praktika davam edəcəksə, artım da davam edəcək. O praktikadan əl çəkmək lazımdır. Narkoman xəstələrə münasibəti dəyişmək lazımdır. Mən demirəm ki, bəli, bununla biz cəmiyyəti təhlükə altına atırıq. Əgər onlar başqa cinayət törətməyiblərsə, onun suçu yalnız narkotik qəbul etməkdirsə, o zaman buna daha mərhəmətli münasibət olmalıdır.

- Təkrar məhkumların içində narkotik satanlar da az deyil...

- Mən satışla bağlı onun tərəfdarıyam ki, məsuliyyət artırılsın. Xüsusilə külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olanlara qanunvericilik tərəfindən nəzərdə tutulan cəzalar maksimum həddə artırılsın.

- Bu əməl ilk dəfə də olsa?

- Bəli, artırılsın. Bəzi ölkələrdə, məsələn, qonşu İranda hətta ölüm cəzası verilir buna görə. Bizdə ölüm cəzası ümumiyyətlə tətbiq olunmur. Amma cəza artırılsın. Mən hesab edirəm ki, bunu effekti daha çox olar. Yəni bütün gücü narkotikin satışı ilə məşğul olanlara yönəltmək lazımdır. Narkomanı aşkar edib, üzə çıxarıb məsuliyyətə almaq çətin deyil. Çünki onlar onsuz da elə üzdədirlər. Hamı onları tanıyır. Bununla da hesabat vermək ki, aşkar olundu, mübarizə aparıldır, bu mübarizə deyil. Mən bunu mübarizə hesab etmirəm.

Sonda onu da deyim ki, bu çox böyük ağrılı məsələdir. Narkomaniya ilə təkcə hüquqi metodlarla, hüquq-mühafizə orqanlarının əliylə mübarizə aparmaqla biz böyük nəticəyə nail ola bilmərik. Burada kompleks tədbirlər olmalıdır. Düzdür, onu səsləndirirlər. Amma reallıqda bu necə həyata keçirilir, düzü, mən məlumatlı deyiləm. Yəni ilk növbədə onların müalicəsi ilə məşğul olan səhiyyə ocaqlarının artırılması, oraya peşəkar narkoloqların işə cəlb olunması, onların maddi-texniki təminatı və s. kimi məsələlərə diqqət yetirmək lazımdır. Maarifləndirmə təbii ki, lazımdır. Sonra, biz bilirik ki, ölkəyə narkotik qaçaqmalçılıqla gəlir. O sahədə diqqəti artırmaq lazımdır - həm gömrük orqanlarına, həm sərhəd mühafizə orqanlarına, həm digər hüquq-mühafizə orqanlarına diqqəti artırmaq lazımdır ki, bu narkotik Azərbaycana gəlməsin. Gətirənləri, özü də kontrabanda ilə gətirənləri çox ciddi cəza gözləməlidir. Qaçılmaz cəza gözləməlidir.

- Sizcə, onları hansı cəza gözləməlidir, həbs müddəti artırılmalıdır?

- Əlbəttə, əgər söhbər 10 kiloqramlarla narkotikdən gedirsə, özü də elə-belə narkotik yox, marixuanadan söhbət getmir, söhbət sintetik narkotiklərdən, bu və digər narkotiklərlə qarışdırılmış, daha öldürücü olan narkotiklərdən edir. Belə narkotikləri gətirənlərin, satanların məsuliyyəti çox ağır olmalıdır.

- Yəni hesab edirsiniz ki, daha ağır narkotik satanların da cəzası daha fərqli və ağır olmalıdır?

-Bəli, narkotikin növünə görə cəzalar ağırlaşdırılmalıdır. Vaxtilə qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti maksimum 15 ilə qədər idi, indi 20 il və ömürlükdür. Bax, onu artırdılar. Məhz narkotizmlə bağlı cinayətlərdə də eyni yanaşma olmalıdır.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az