Azərbaycan vətəndaşı, 44 yaşlı Mahfurə Hüseynovanın meyiti Bosforun Haydarpaşa sahilləri yaxınlığında aşkarlanıb.
Hadisə “Kırçıloğlu 4” adlı sərnişin gəmisində baş verib. Məlumata görə, Mahfurə Hüseynova İstanbulda yaşayan qızı Nigar Yusiflini ziyarət etmək üçün Türkiyəyə gəlibmiş. Səfər zamanı Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin gəmisində müəmmalı şəkildə yoxa çıxıb. Məlumdur ki, o, mayın 2-də 20:20 radələrində Kadıköy məhəlləsində turniketdən keçərək gəmiyə minib. Bu anlar müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra görüntülər qadının qızı Nigar Yusifliyə təqdim olunub və o, kadrlardakı şəxsin anası olduğunu təsdiqləyib. Hadisənin sirli tərəfi isə bundan sonra başlayıb. Sərnişinlər bir müddət sonra bərənin göyərtəsində sahibsiz qalmış qara çantanı görərək vəziyyəti heyətə bildiriblər.
Çantanın içərisində Mahfurə Hüseynovanın sənədləri olub. Lakin qadının özü gəmidə tapılmayıb. Polis və liman xidməti əməkdaşları Beşiktaş məhəlləsindəki təhlükəsizlik kameralarını da araşdırıblar. Məlum olub ki, Mahfurə Hüseynova gəmidən düşməyib. Yəni o, Kadıköydən gəmidə görünüb, amma marşrutun son dayanacağında izinə rast gəlinməyib. İstintaq zamanı ortaya çıxan başqa bir detal isə diqqət çəkib. Gəminin özündə quraşdırılmış təhlükəsizlik kameralarının aprelin 14-dən etibarən işləmədiyi müəyyənləşib. Bu səbəbdən qadının necə və hansı şəraitdə yoxa çıxması qeydə alınmayıb. Bundan sonra Bosfor boğazında genişmiqyaslı axtarış əməliyyatı başlanıb.
Türkiyə Sahil Mühafizəsi və liman polisi axtarışlara bir neçə kater cəlb edib. Bir neçə gün davam edən əməliyyatlardan sonra Mahfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında tapılıb. Meyit ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Türkiyə Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib. Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Türkiyə hüquq-mühafizə orqanları qadının ölümünün intihar, qəza və ya kriminal hadisə olub-olmamasını araşdırır./musavat.com