ABŞ Prezidenti Donald Trump Ukrayna lideri Volodimir Zelenski ilə münasibətlərinə dair növbəti açıqlama verib.
O, bu barədə “Salem News Channel”a müsahibəsində danışıb.
Aparıcının Zelenskinin Yaxın Şərqdə ABŞ və müttəfiqlərinə pilotsuz uçuş aparatlarına qarşı dəstək təklifindən sonra münasibətlərin dəyişib-dəyişmədiyi ilə bağlı sualını cavablandıran Tramp Ukrayna Prezidentini “hiyləgər oğlan” adlandırıb. Bununla yanaşı, o, Zelenskinin “xoşuna gəldiyini” də bildirib.
“Məncə, biz həmişə yola getmişik. Yalnız Oval kabinetdəki hadisə istisna olmaqla. O zaman mənə elə gəldi ki, o, bir qədər aqressiv idi”, – deyə Tramp qeyd edib. ABŞ lideri bununla 28 fevral 2025-ci ildə özü, vitse-prezident JD Vens və Zelenski arasında baş vermiş gərgin müzakirəyə işarə edib.
Tramp vurğulayıb ki, ABŞ artıq Ukraynaya silahları pulsuz vermir. Bununla belə, onun sözlərinə görə, ukraynalılar “döyüşür” və hansı silaha malik olmalarından asılı olmayaraq Rusiyanı uzun müddət saxlayıb. ABŞ Prezidenti qeyd edib ki, Ukrayna ərazilər itirsə də, Rusiya da itkilərlə üzləşir.
O, həmçinin Ukraynanın NATO ölkələrinin satın alaraq təqdim etdiyi Amerika silahlarından “yaxşı istifadə etdiyini” bildirib və aparıcının Ukraynanın bəzi NATO müttəfiqlərindən daha effektiv çıxış etməsi ilə bağlı fikrinə etiraz etməyib.
Qeyd edək ki, Tramp daha əvvəl Zelenski ilə bağlı fərqli və ziddiyyətli açıqlamalar verib. O, bir vaxtlar Ukrayna Prezidentini “seçkisiz diktator” adlandırsa da, digər çıxışlarında ona və Ukrayna xalqına hörmət etdiyini vurğulayıb. Eyni zamanda, o, Rusiya Prezidenti Vladimir Putin ünvanına da tənqidi fikirlər səsləndirib.
Zelenski isə bildirib ki, Trampla münasibətləri normaldır. O, ABŞ-nin dəstəyinə və sülh təşəbbüslərinə görə təşəkkür etsə də, bəzi məqamlarda Vaşinqtonun siyasətini tənqid edib./azpolitika.info