Atasını öldürən şəxsin məhəkəməsi keçirildi

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. 

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib. 

Daha sonra təqsirləndirilən şəxs ifadə verib və o, tutduğu əməldən peşman olduğunu qeyd edib:

"İttiham aktında qeyd olunub ki, mən onu qisas məqsədi ilə öldürmüşəm, amma bu doğru deyil. Biz ailədə beş uşaq olmuşuq. Gözümü açandan həmişə anamı gözüyaşlı görmüşəm; atam ona gün verməyib. Atam həmişə anamı xəyanətdə günahlandırırdı, döyürdü; yazıq qadının gözünün yaşının tökülmədiyi bir gün yox idi. Mən onu müdafiə edəndə məni də anama qatıb şil-küt edirdi. Anam neçə dəfə  boşanmaq istəsə də, atam bunu edəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyirdi. Hadisə günü saat 11-də evdən çıxıb universitetə getdim. Universitetdən qayıdanda, evə daxil olmamış atamın qışqırığını eşitdim. Tez özümü evə verəndə atamın bacıma hücum edərək "Əxlaqsızın biri, indi də  oğlanla gəzməyə başlamısan?" -dediyini gördüm. Yazıq anam atamı tutub saxlamağa çalışırdı ki, bacımı döyməsin. Atam anamı qırağa itələyib bacımın saçından yapışıb onu evdə sürüməyə başladı, qışqırırdı ki, onun canını alacaq. Atam bacımı sürüyüb mətbəxə apardı.  Anam  qorxdu ki, o bıçağı götürüb bacımı vurar, odur ki, onun ardınca getdi. Atam həqiqətən  bıçağı götürüb bacıma saplamağa çalışırdı. Anam özünü onun üstünə atıb bıçağı almağa çalışanda barmaqları kəsildi. Mən mətbəxə qaçanda anamı qan içində görüb elə bildim ki, atam anamın qarnından vurub. Atamı saxlamağa,  bıçağı ondan almağa çalışdım. Atam  bir əli ilə bacımın saçından tutub dartır, digər əli ilə də məni uzaqlaşdırmağa çalışırdı. İnanın, bilmirəm necə oldu  xatırlamıram, bir də gördüm atam yerdə yıxılıb, qan içində xırıldayır.  Özümə gələndən sonra 102 və 103 xidmətlərinə zəng elədim. Mənim niyyətim qisas almaq yox, anam və bacımı qorumaq olub".

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.

Qəsəbə sakini 1981- ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəluzadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunaraq o,təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.