Bir aya yaxın hərbi əməliyyatların dayandığı Yaxın Şərq deyəsən yenidən toqquşma meydanına çevrilir.
Belə ki, aprelin 7-də ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirib.
Vaşinqtonun “Azadlıq layihəsi”ni dayandırmasından sonra İran tərəfi ABŞ qüvvələrinə zərbələr endirib. Bildirilir ki, “USS Truxtun” (DDG 103), “USS Rafael Peralta” (DDG 115) və “USS Mason” (DDG 87) esminesləri beynəlxalq dəniz keçidindən keçərkən İran qüvvələri çoxsaylı raketlər, dronlar və kiçik qayıqlarla hücum həyata keçirib.
ABŞ isə bu hücumun qarşısını alıb və mayın 7-də özünümüdafiə zərbələri ilə cavab verərək, İran hərbi obyektlərini məhv edib.
İran isə atəşkəsi ABŞ tərəfinin pozduğunu bildirib. Tehran Vaşinqtonu Cask şəhəri yaxınlığında İran tankerinə atəş açmaqda ittiham edib.
Yaranmış bu vəziyyət hərbi əməliyyatların yenidən alovlanması ehtimalını artırıb.
Politoloq Natiq Miri bakupost.az-a bildirib ki, ABŞ İranın hərəkətinə məhdud şəkildə olsa da, cavab vermək məcburiyyətində idi:
“Mayın əvvəlində Donald Tramp Hörmüz boğazının açılması üçün “Azadlıq layihəsi” təşəbbüsü ilə çıxış edib. Bu fonda ABŞ-nin iki esmines gəmisinə atəş açılıb. Həmin gəmilər zərər görməsə də, atəşin açılması hər bir halda atəşkəsin pozulması faktı kimi qəbul edildi. Bundan başqa, İran ABŞ-yə növbəti mesajını BƏƏ-ə endirdiyi zərbələrlə verdi. BƏƏ-yə 4 qanadlı raket və bir neçə dron atıldı. Bu faktlar ərəb ölkələrində ABŞ üçün müəyyən problemlər yarada bilərdi. Çünki İrana hücumlar bu coğrafiyadan edilib və nəticə etibarı ilə körfəzdəki ərəb ölkələri də Tehranın qarşılıqlı hücumuna məruz qalıblar. Ona görə də məhdud olsa da, Vaşinqton buna cavab vermək məcburiyyətində idi. Yəni baş verənləri bu kontekstdə dəyərləndirmək olar”.
Politoloqun fikrincə, qısa müddətli bombardman əməliyyatı uzun müddətli qarşıdurmaya çevrilmədisə, deməli ortada qeyri-rəsmi bir razılaşma və yaxud anlaşma var:
“Ən azından ABŞ öz sifətini qorumaq üçün belə hərəkət etdi və dərhal da bəyanat verdi ki, bu atəşkəsin pozulması deyil. Yəni atəşkəs davam edir və tərəflər danışıqlarda maraqlıdır”.
Həmsöhbətimiz düşünür ki, müharibənin bitirilməsi istəyi ortada varkən, tərəflərdən heç biri yeni bir hərbi toqquşmaya getməyəcək. Ancaq bu da ekspertə görə, hələ müharibənin birmənalı olaraq bitdiyi anlamına gəlməməlidir:
“Müharibəni yaradan konkret səbəblər hələ həllini tapmayıb. Nüvə silahı və zənginləşdirilmiş uran məsələsi həll olunmayınca müharibə təhlükəsi potensial olaraq qalmaqda davam edəcək. ABŞ regiona əvvəlki ilə müqayisədə indi daha böyük güc toplayıb. Təyyarə daşıyan 4-cü gəmi və onu müşayiət edən esmines raket gəmiləri regiona daxil olub. Dünənki hadisə də buna mesajdır, yəni güc yerindədir və istənilən vaxt daha dağıdıcı hücumlar həyata keçirilə bilər”.