PUTİN “KÖHNƏ METODLARA” QAYIDIR – “Bu, elitaya və xalqa mesajdır...”

Rusiya Prezidenti Vladimir Putinin son günlər həm hərbi güc nümayiş etdirməsi, həm də ictimaiyyət qarşısında “yaxın lider” obrazı yaratmaq cəhdləri diqqət mərkəzindədir.

12 may tarixində Putinə Rusiya ordusunun “Sarmat” strateji raket kompleksinin uğurlu sınaqları barədə məruzə edilib. Prezident bu barədə açıqlamasında bildirib ki, “Sarmat” artıq bu ilin sonuna qədər döyüş növbətçiliyinə qəbul ediləcək. Putin kompleksin “dünyanın ən güclü raket sistemi” olduğunu iddia edib və bu sınaqların Rusiyanın hərbi gücünü nümayiş etdirdiyini vurğulayıb.

Müşahidəçilərin fikrincə, bu cür açıqlamalar yalnız hərbi gücün göstərilməsi deyil, həm də daxili auditoriyaya yönəlmiş siyasi siqnaldır. Belə ki, Kremlin bu addımları həm xarici təzyiqlərə cavab, həm də ölkə daxilində prezidentin “güclü lider” imicini qorumaq məqsədi daşıyır.

Eyni günlərdə Kremlin mətbuat xidməti Putinin keçmiş məktəb müəllimi Vera Qureviçlə görüşünü əks etdirən video yayıb. Görüntülərdə Putin müəllimini Moskvaya – Qələbə Paradına dəvət edir və onu şəxsən qarşılayır. Videoda diqqət çəkən məqamlardan biri də Putinin dövlət avtomobili “Aurus”u özü idarə etməsidir. O, müəllimi ilə birlikdə şəhər daxilində hərəkət edir və onu restorana aparır.

Rəsmi təqdimata görə, görüş “səmimi və təsadüfi” xarakter daşıyıb. Lakin müstəqil araşdırmalar bu səhnənin tam təsadüfi olmadığını iddia edir. Belə ki, jurnalist araşdırmalarına görə, Putinin “təsadüfi” qarşılaşdığı şəxs əslində keçmiş mühafizəçi Aleksandr Bazarnıy olub. O, əvvəllər Putinə yaxın strukturlarda çalışıb və Prezidentin ailə üzvlərinə məxsus obyektlərin idarə olunması ilə bağlı şirkətlə əlaqəli olub.

Həmçinin bildirilir ki, Putinin məktəb müəllimi ilə birlikdə həmin otelin foyesində gözləyənlər arasında onun nəvəsi Darya Kreer və onun həyat yoldaşı, biznesmen Andrey Kreer də olub.

Görüşün baş verdiyi məkanın isə Moskvanın mərkəzində yerləşən “Arbat” oteli olduğu qeyd edilir. Bu otel Rusiya Prezident Administrasiyası tərəfindən idarə olunan strukturlara daxildir.

Bir həftə əvvəl bir sıra beynəlxalq media qurumları – o cümlədən “CNN”, “Financial Times” Qərb kəşfiyyat hesabatlarına istinadla yazıb ki, Kremlin daxilində Putinə qarşı mümkün təhlükə və sui-qəsd riski ilə bağlı narahatlıqlar artıb.

Məlumatlara görə, Rusiya Federal Mühafizə Xidməti (FSO) prezidentin təhlükəsizliyini gücləndirib, Prezident Administrasiyasında yoxlamalar sərtləşdirilib, Putinin hərəkətləri daha ciddi məhdudlaşdırılıb və o, bəzi hallarda xüsusi qorunan yerlərdən idarəetmə aparır.

 

Bildirilib ki, Putin artıq əvvəlki kimi Moskva ətrafındakı rezidensiyalara – o cümlədən Valday və Moskva vilayətindəki iqamətgahlara mütəmadi getmir.

Analitiklər hesab edir ki, Putinin son “ictimai çıxışları” və “xalqla görüş” görüntüləri Kremlin informasiya strategiyasının bir hissəsidir. Məqsədin prezidentin “təcrid olunmuş lider” obrazını zəiflətmək və onun hələ də vəziyyətə tam nəzarət etdiyini göstərmək olduğu bildirilir.

Qeyd olunur ki, oxşar texnologiya 2023-cü ildə də istifadə olunub. O zaman qiyam cəhdi və Priqojin hadisələrindən sonra Putin Dağıstana səfər etmiş, şəhərdə vətəndaşlarla görüşmüş və hətta bir uşağı öpməsi ilə gündəmə gəlmişdi.

Rusiya dövlətinə yaxın sorğu mərkəzləri Putinə dəstəyin rəsmi göstəricilərini yüksək saxlasalar da, bir sıra ictimai rəy ölçmələrində son aylarda azalma tendensiyası müşahidə olunur. Məlumatlara görə, bəzi sorğular Putinin reytinqində ardıcıl eniş olduğunu göstərib, digər araşdırmalar isə dəstəyin daha aşağı səviyyəyə düşdüyünü qeyd edir. Dövlət qurumlarının bir hissəsi isə bu göstəriciləri ya gecikdirilmiş, ya da ümumiyyətlə yayımlanmamış formada təqdim edir.

Siyasi analitik Ivan Preobrajenski bildirir ki, Putinin son ictimai çıxışları və “xalq arasında görünməsi” onun real siyasi vəziyyətə nəzarət etdiyini göstərmək məqsədi daşıyır:“Burada əsas məqsəd Putinin hələ də prosesləri idarə etdiyini, şəhərdə sərbəst hərəkət edə bildiyini və ölkədə baş verənləri izlədiyini göstərməkdir. Bu, həm daxili auditoriyaya, həm də elita daxilindəki mümkün narahatlıqlara mesajdır”.

Preobrajenski hesab edir ki, bu tip səhnələr təsadüfi deyil və ciddi siyasi texnologiya nəticəsində hazırlanır. Onun fikrincə, Putin obrazı uzun illərdir eyni çərçivədə saxlanılır və dəyişdirilmir:“Kreml illərdir eyni obrazı təkrar istehsal edir – “stabil lider”, “xalqına yaxın president”, “nəzarəti itirməyən rəhbər”. Bu, artıq siyasi üslubdan çox, sistemli imic istehsalıdır”.

Digər analitiklərin fikrincə, bu strategiya təkcə Putinin şəxsi imicinə deyil, həm də siyasi sistemin davamlılığına xidmət edir.

Bununla yanaşı, bəzi şərhçilər bildirirlər ki, bu cür “səhnələşdirilmiş yaxınlıq” artıq əvvəlki illərlə müqayisədə daha çox şübhə doğurur. Onların fikrincə, informasiya məkanının dəyişməsi və alternativ mənbələrin artması bu cür görüntülərin effektivliyini azalda bilər./azpolitika.info