Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Amil Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahədə yerləşən “Çinar” kafesində baş verib.
Belə ki, kafedə ofisiant işləyən zərərçəkmiş Hacı Vəliyevlə (adı, soyadı şərtidrir) təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxsin təhqiramiz ifadələr işlətməsi və əl zərbələri endirməsi Amili daha da hiddətləndirib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qisas almaq və Hacını qəsdən öldürmək niyyəti ilə üzərində gəzdirdiyi mətbəx bıçağından istifadə edib. O, əməlini törədərkən hərəkətlərinin ictimai təhlükəli xarakter daşıdığını, nəticədə zərərçəkmiş şəxsin ölümünə səbəb ola biləcəyini qabaqcadan dərk edib və həmin nəticəni arzulayaraq birbaşa qəsd niyyəti ilə hərəkət edib.
Materiallarda göstərilir ki, Amil qəfil şəkildə zərərçəkmiş şəxsə hücum edərək onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl bıçaq zərbələri endirib. Hadisə nəticəsində Hacı sağ saidin, sağ əlin və sol dizin kəsilmiş yaraları olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər alıb.
Bununla yanaşı, ona qarın boşluğuna nüfuz edən, daxili qanaxma ilə müşayiət olunan və qaraciyər, dalaq, köndələn çənbər bağırsaq, nazik bağırsaq və böyük piyliyin zədələnməsi ilə nəticələnən üç ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Ümumilikdə zərərçəkmiş şəxsin bədənində 6 ədəd kəsilmiş və deşilmiş-kəsilmiş xəsarət aşkarlanıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilib.
İttihama əsasən, Amil cinayət əməlini davam etdirmək niyyətində olsa da, həmin vaxt kafeyə daxil olan anası və kafedə çalışan digər şəxs dərhal müdaxilə edərək onun qarşısını alıblar. Bundan əlavə, Hacının vaxtında xəstəxanaya çatdırılması və ona təxirəsalınmaz tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı hesab edir ki, Amil qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib. Buna görə də onun əməli digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd kimi tövsif olunub./pravda.az