Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində növbəti elmi seminar keçirilib. Seminar fakültənin “Beynəlxalq münasibətlər” kafedrasının təşkilatçılığı ilə baş tutub.
Stopnarkotik.az xəbər verir ki, seminarda “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının müəllimi siyasət üzrə fəlsəfə doktoru Teymur Qasımlı “TRIPP dəhlizinin regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə fakültənin professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak ediblər.
Teymur Qasımlı çıxışında TRIPP dəhlizinin region üçün strateji əhəmiyyətini geniş şəkildə təhlil edib. O qeyd edib ki, müasir dövrdə nəqliyyat və logistika dəhlizlərinin inkişafı yalnız iqtisadi inteqrasiyanı gücləndirmir, eyni zamanda regional təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Məruzədə vurğulanıb ki, bu cür layihələr ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, ticarət əlaqələrinin genişlənməsinə və geoiqtisadi mövqelərin möhkəmlənməsinə xidmət edir.
Çıxış zamanı dəhlizin regional sabitliyə təsiri, iştirakçı ölkələr arasında qarşılıqlı asılılığın artması, eləcə də iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi ilə bağlı nəzəri və praktik məsələlərə toxunulub. Xüsusilə qeyd olunub ki, bu kimi təşəbbüslər regionda davamlı inkişafın təmin olunmasına və yeni iqtisadi imkanların formalaşmasına zəmin yaradır.
Elmi seminar iştirakçıların sualları və mövzu ətrafında geniş fikir mübadiləsi ilə davam edib.