Üzeyir Şəfiyev: “Uşaqlar ailə mühitində sosiallaşmalıdır”
“Cəmiyyətdə mənəvi deqradasiyanı körükləyən paylaşımlar sosial şəbəkələrə yansıyırsa, bu, sözsüz, uşaq və yeniyetmələrdə narkomaniya və digər pis vərdişlərə sürükləndirici təsir göstərir”
“İnsan doğuşdan əxlaqlı olmur”. Hazırda əksər dövlətlərdə cinayətkar dəstələrin, kriminalın yayılmasının səbəbi də məhz bu fikirdə gizlidir. Əxlaq insanlarda doğuşdan olmur, genetiki deyil, kiçik yaşdan öyrədilir. Amma, təəssüflər qeyd etməliyik ki, artıq ailələr əxlaqi dəyərləri öyrədə bilmir, sosial media öyrədir. Ümumilikdə isə, dövlətin birinci vəzifəsi xeyirxahlıq etikasını öyrətməkdir. Bu isə uşaqların körpə yaşlarından başlamalıdır.
Stopnarkotik.az-ın fəaliyyətdə olduğu 3 il ərzində reabilitasiyalardan hazırladığımız videomateriallardan, fikrini öyrəndiyimiz mütəxəssislərin rəylərindən də göründüyü kimi, əxlaq insan cəmiyyətini nizamlayan önəmli məhfumdur. Hətta insanı insan edən də əxlaqdır. Elə narkotiklərin, alkoqolizm və qumarın da vurduğu əsas zərbə insan əxlaqına dəyir. Necə ki, əxlaqın, etik dəyərlərin itirilməsi narkotiklərə qapı açır, narkotiklər də əxlaqdan əsər-əlamət qoymur. Narkomaniya və digər pis vərdişlər zamanı əxlaqi dəyərlərin itirilməsi həm səbəb, həm də nəticə olur. Belə anlaşılır ki, hər şey əxlaqdan başlayır. Elə bu barədə sosioloq Üzeyir Şəfiyevin fikirlərini öyrəndik.
- Üzeyir bəy, belə fikirlər var ki, əxlaq doğuşdan insanda olmur, sonradan öyrədilir. İddia olunur ki, hazırda cəmiyyətimizdə əxlaqi dəyərlər aşındığı üçün kriminal yayılıb. Sizcə, bu, həqitətən belədir? Ümumiyyətlə, hər şey əxlaqdan başlayır?
- Əlbəttə. Mənəvi-əxlaqi dəyərlər olmadan cəmiyyət mümkünsüzdür və hər bir cəmiyyətin özünəməxsus milli-mənəvi dəyərləri var. Bizim cəmiyyətin sosial xarakterini məhz milli-mənəvi dəyərlərimiz müəyyənləşdirir. Ona görə, hər bir cəmiyyət özünün milli-mənəvi dəyərlərini qoruyub saxlamalıdır. Milli-mənəvi dəyərlər hər bir cəmiyyət üçün immonendir, yəni təkcədir, özünəməxsusdur. Cəmiyyət onu sosial miras kimi gələcək nəsillərə ötürməlidir ki, uşaq və yeniyetmələr, gənclər həmin dəyərlərlə formalaşsınlar. Əks təqdirdə, milli-mənəvi dəyərlər korşalırsa, deqradasiyaya məruz qalırsa, o zaman biz gələcəyimiz olan uşaq və yeniyetmələr üçün çətin gələcək proqnozlaşdıra bilərik. Bu olmasın deyə maksimum həm ailələrdə, həm məktəblərdə mənəvi-əxlaqi dəyərlərin təbliği və davamlılığı üçün tədbirlər görülməlidir.
Amma əgər ailədə psixoloji iqlim qaydasında deyilsə, valideyn-övlad münasibətləri, valideynlər arasında münasibət toksikdirsə, şübhəsiz ki, bu, uşaqların sosiallaşmasına təsir göstərir. Xüsusən də məktəb mühitində, əgər sosio-eko mühit sağlam deyilsə, bununla yanaşı sosial şəbəkə platformalarında zərərli kontentlər, informasiyalar, “sarı paylaşımlar” varsa, bu, şübhəsiz ki, uşaqların davranış pozuntusunu körükləyir, deviat davranışı tətikləyir. Dəyərlər baxımından arxetiplərimiz funksionallığını itirirsə, icmada, cəmiyyətdə mənəvi deqradasiyanı körükləyən paylaşımlar sosial şəbəkələrə yansıyırsa, bu, sözsüz, uşaq və yeniyetmələrdə narkomaniya və digər pis vərdişlərdə sürükləndirici təsir göstərir.
Bu səbəbdən, 2025-ci ilin 19 martında cənab Prezident tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqləndi.
Az öncə də qeyd etdiyim kimi, uşaqlar doğularkən artıq ailədə həmin sosio-eko mühiti görməlidir. Bu, uşaqlara valideyn tərəfindən ötürülməlidir. Uşaqlar məhz ailə mühitində sosiallaşmalıdır. Həmin ailə mühiti də milli-mənəvi dəyərlər əsasında olmalıdır. Yad dəyərlərdən uşaqları qorumalıyıq. Çünki bəzən cizgi filmləri, seriallar, eləcə də bir sıra bayramlar vasitəsilə əcnəbi dəyərlər Qərb tərəfindən bizim cəmiyyətə sırınmağa çalışılır. Məsələn, Helouin kimi bayramlar. Və yaxud da ki, cizgi filmlərində bəzən “Şrek” obrazı, “Maşa və ayı” kimi. Əsində, bu cizgi filmlərinin təsiri və uşaqların vasitəsilə cəmiyyətin sosial xarakterini, mənəvi-əxlaqi dəyərlər sistemini dəyişmək istəyirlər. Ona görə, milli cizgi filmlərimiz, milli uşaq ədəbiyyatımız olmalıdır. Baxmayaraq ki, dünya uşaq ədəbiyyatı var, o planetar, ümumbəşəri dəyərlərə aiddir. Bir də xlaqın milli mənəvi dəyərlərini əks etdirən cizgi filmləri, uşaq ədəbiyyatı, uşaq filmləri olmalıdır. Sosial şəbəkə platformaları və İKT-dən istifadə edərək onlara yeni nəfəs verməliyik. Xalq folklor nümunələrimizi, milli oyunlarımızı, nağıllarımızı İKT texnologiyaları vasitəsilə animasiya filmləri ilə yeni nəslə çatdırmalıyıq ki, gələcək nəsillərə də ötürülə bilsin. Əks təqdirdə, əgər bu işlə məşğul olmasaq, bir də baxacağıq ki, cizgi filmləri, uşaq ədəbiyyatı, uşaq filmləri vasitəsilə bizim cəmiyyətimizin milli-mənəvi mühiti dəyişib. Nəticədə biz öz kimliyimizdən, milli identikliyimizdən ayrılmışıq. Ona görə, bu, çox həssas, dövlət üçün də, cəmiyyət üçün də strateji məsələdir. Bunun fərqində olmalıyıq.
- Sizcə, sovet vaxtı adına “pis vərdiş” deyilən, indi isə asılılıq kimi qəbul olunan, nəticəsi narkomaniya, alkoqolizm, qumar olan problemin yayılmasında əxlaqi dəyərlərin axsaması, önəmini itirməsi rol oynayırmı? Gənclərə əxlaqi dəyərlərin aşılanmasında, tərbiyə işində harada səhv edirik? Yoxsa, ümumiyyətlə bu işi aparmırıq?
- Bilirsinizmi, hər şey ailə mühitindən asılıdır. Ailədə vəziyyət, valideyn-övlad münasibətləri qaydasındadırsa, psixoloji mühit normaldırsa, valideynin uşağı üzərində yumşaq nəzarət mexanizmi varsa, böyük-kiçik məsələsi, ağsaqqal-ağabirçək arxetipləri, valideyn kultu gözlənilirsə və rol gözləmələri varsa, şübhəsiz ki, belə hüquqaziddi, əxlaqazidd davranışlara imkan tapıla bilməyəcək. Yox, əgər uşaq nəzarətsizdirsə və uşağa sosial şəbəkə platformaları vasitəsilə, influenserlər vasitəsilə və yaxud da interaktiv platformalar vasitəsilə təsirlər varsa - bir də görürsən uşaq oturur evində, Avropada, qərbdə olan həmyaşıdı ilə internet vasitəsilə danışır, o da şübhəsiz ki, öz pis vərdişlərini uşağa yansıda bilər. Ona görə, burada valideynlərin uşağa nəzarət mexanizminin olması qaçılmaz və zəruridir. Əks təqdirdə, yəni valideyn uşağa vaxt ayırmasa, sosial şəbəkələr ona vaxt ayıracaq və nəticədə itirilmiş bir nəsil böyüyə bilər. Ona görə, biz çalışmalıyıq ki, bu məsələdə həssaslıq olsun, ənənəvi Azərbaycan ailə dəyərlərini, valideyn-övlad münasibətlərini qoruyaq və bunu biz həm də gələcək təhlükəsizliyimizni zəmanəti kimi etməliyik.
- Necə düşünürsünüz, əxlaqi dəyərlər, etik kodeks həm insan, həm vətəndaş olaraq cəmiyyət və dövlət üçün hansı əhəmiyyəti kəsb edir? Məsələn, əxlaqsız vətəndaş əxlaqlı məmur ola bilərmi? Əxlaqı olmasa, bu, onun dövlətə xidmətinə necə təsir edər?
- Əxlaq elə bir anlayışdır ki, insanın uşaqlıqdan mənəvi-əxlaqi dəyərləri olmalıdır ki, filantrop böyüsün, insansevər böyüsün, xeyirxah, səxavət hissi ilə böyüsün. Yox, uşaq əxlaqi dəyərləri deqradasiya şəraitində böyüsə, şübhəsiz ki, o, sabah travmalı böyüyəcək və qərarqəbuletmə sisteminə də bu əks oluna bilər. Freyd deyir ki, uşaq vaxtı qazanılan travmalar bir ömür boyu onun filogenetik inkişafını müşayiət edəcək. Yəni ailədə qazanılan travmalar, gərginlik uşağın xarakterinə təsir göstərir və təsadüfi deyil ki, Avropada, Qərbdə hansısa bir şəxsi qərar qəbul etmə səlahiyyəti olan bir vəzifəyə qoyarkən onun uşaqlıq psixobioqrafiyasına baxırlar. Uşaqlıq keçmişinə baxırlar ki, bu nə dərəcədə bu vəzifəyə, qərar qəbuletməyə hazırdır? Uşaq vaxtı qazandığı travma onun qərar qəbuletmə vəzifəsinə gətirilməsinə nə dərəcədə adekvatdır, nə dərəcədə uyğun ola bilər? Çünki, elə psixoloqların da hesabladıqlarına görə, bəzi liderlər var ki, məsələn Hitler kimi, onuların uşaqlıq keçmişini araşdırırlar, görürlər ki, onun uşaqlıq keçmişində qazandıqları travmalar onların mənfi, bəşəri təhlükəli qərar vermələrinə səbəb ola bilir. Ona görə, bu məsələ çox həssas məsələdir. Buna görə, belə şəxslərin uşaqlıq psixobioqrafiyası mütləq öyrənilməlidir, dəyərləndirilməlidir. Çalışılmalıdır ki, uşaqlar ailədə də, məktəbdə də sağlam şəkildə sosiallaşsınlar. Ən çox da bu gün ailədən də, məktəbdən də çox sosial şəbəkə seqmenti uşaqlara təsir göstərir. Çünki sosial şəbəkələrə, internetə daha çox Z nəsli, @ nəsli və formalaşmaqda olan Beta nəsli istinad edir. Bu da o deməkdir ki, sosial şəbəkələr çox sağlam olmalıdır, toksik mühitdən uzaq olmalıdır, süzgəc mexanizmi tətbiq olunmalıdır. Elə cənab Prezidentin də məhz 27 fevral 2026-cı ildə imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” ilə bağlı sərəncam məhz bu zərurətdən yaranıb. Və Nazirlər Kabinetinə də tapşırılıb ki, 3 ay müddətində bunun yaş məhdudiyyəti ilə bağlı və digər məsələlər nəzərə alınaraq bunun mexanizmi hazırlansın, dövlət başçısına təqdim olunsun. Çox güman ki, yaxın reallıqda biz artıq sosial şəbəkədən istifadə ilə bağlı yaş məhdudiyyətləri ilə rastlaşacağıq. Eyni zamanda da süzgəc mexanizmi barədə sosial şəbəkəni tənzimləyən ayrıca qərarlarla da qarşılaşacağıq.
- Üzeyir bəy, bir çox hallarda bununla qarşılaşırıq ki, valideynlər öz uşaqlarını necə tərbiyə edəcəklərini bilmirlər. Bu halda da iş dövlətin üstünə düşür, necə ki, sovet zamanında uşaqlar məktəbdə tədrislə yanaşı, tərbiyə də olunurdular. Necə düşünürsünüz, dövlət öz vətəndaşının yetişdirilməsində iştirak etməlidirmi? Etməlidirsə, necə etməlidir?
- Bilirsinizmi, hər şeyi dövlətdən gözləməli deyilik. İlkin sosiallaşma institutu ailə institutudur, valideyn institutudur. O sağlam, möhkəm olmalıdır. Təcrübə göstərir ki, hətta BMT-nin “Uşaq hüquqları ilə bağlı Konvensiyası”nda da var ki, uşağın böyüməsi üçün ən münbit şərait ailə mühitidir. Elə ona görə də uşaqların müəssisələrdən ailələrə verilməsi layihəsi -deinstitutlaşma həyata keçirilir. Azərbaycanda da bu tətbiq olunur: uşaqların sosial xidmət müəssisələrindən valideynlərə verilməsi, ailələrə qaytarılması. Çünki təcrübə göstərir ki, heç bir sosial xidmət müəssisəsi ailə mühitini əvəz edə bilməz. Nə qədər təminatlı olsa belə. Uşaq ailə mühitində formalaşmalıdır. Əlbəttə, ailə mühitindən sonra uşaq məktəbəqədər müəssisə, məktəblər və s. ilə davam etməlidir.
- Bəs, valideyn valideynlik etməyi bacarmırsa?
- Valideyn bacarmırsa, uşaq müəssisələri, sosial xidmət müəssisələri, məktəbəqədər müəssisələr, kollektiv, cəmiyyət, mühit var. Çünki belə söz var, deyir-insan valideynindən çox mühitinin övladıdır. Cəmiyyət də sağlam olmalıdır, media da, mətbuat da sağlam olmalıdır. Ətraf mühit, sosio-eko mühit sağlam olmalıdır ki, uşaq sağlam mühitdə sosiallaşsın və cəmiyyətə faydalı fərd kimi böyüyə bilsin.
- Cəmiyyətdə belə fikir irəli sürülür ki, sosiuma sağlam övlad ötürə bilməyən, sağlam uşaq tərbiyə edə bilməyən valideynə də cəza tətbiq olunmalıdır.
- Valideyn valideyn öz missiyasını yerinə yetirə bilmirsə, valideyn hüququndan məhrum edilmə cəzası var.
- Cəmiyyətdə asayişi tənzimləməkdə cəzalar daha təsirlidir, ya əxlaqi dəyərlər?
- Məncə, paraleldir. Həm hüquqi tənzimləmə, cəza tədbirləri, həm də təbliğat-təşviqat, maarifləndirmə. Ümumiyyətlə, insan valideyn olmazdan, ailə qurmazdan əvvəl onun ailəyə hazır olması məsələsi ayınlaşdırılmalıdır ki, bu adam ailə qurmağa hazırdırmı, valideynlik missiyasını başa düşürmü? Bundan sonra addım atmaq olar.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az