“Məişət zorakılığı baş verən ailələrin bir çoxunda narkotik istifadəçisi var” – KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Sədaqət Qəhrəmanova: “Məişət zorakılığı və narkotik istifadəsi bir-birinə bağlı məsələlərdir”

“Çox qorxuducu rəqəmdir ki, qadınları da bəzən kişilər narkotik cinayətlərinə cəlb edirlər”

Narkomaniyanın yayılmasında bir sıra amillərin rolu var. Bu amillərdən biri də ailədaxili münasibətlərdir. Hətta mütəxəssislər bu faktorun digərlərindən daha çox tətikləyici rol oynadığını qeyd edirlər, çünki insan fakorunun təməli ailədə qoyulur. Yəni narkomaniyanın arxasında təkcə sosial mühit deyil, ailədaxili münaqişələr, övlad-valideyn münasibələrindəki zəiflik, emosional boşluq, diqqət çatışmazlığı faktorları və s. durur. Elə narkomaniyanı tətikləyən bu nüanslar haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Stop Narkotik”in suallarını cavablandırıb.

- Sədaqət xanım, ölkəmizdə rəsmi statistika üzrə qadın cinayətlərinin, xüsusilə narkotiklərlə bağlı törədilmiş hadisələrdə qadınların payı nə qədərdir?

- Narkomaniya ilə mübarizə günün ən aktual mövzularından biridir. Hansı ki, bizim cəmiyyətimizə təsir edir və korroziya kimi cəmiyyəti dağıdır. Statistikaya nəzər salsaq, 2025-ci ilin nəticələrinə görə, ölkədə ümumi 5750 nəfər cinayət törədib və məsuliyyətə cəlb olunub. Onlardan 174 nəfəri qadın olub. Bu 174 nəfər qadın artıq siqnaldır ki, əgər qadınlar da cinayət törədirlərsə, narkotik alverinə qurşanırlarsa, bununla məşğul olmaq lazımdır. Qeydiyyatda olan 42 mindən artıq narkotik istifadəçilərinin isə min nəfərdən çoxu qadındır. Bu rəqəmlər bizə siqnal verir ki, artıq çox ciddi işləmək lazımdır. Əgər qanunvericilikdə də boşluqlar varsa, bu istiqamətdə də tədbirlər görmək lazımdır.

- Ailədaxili problemlərdə narkomaniya riski ilə bağlı ümumi tendensiya necədir? Sizə olan müraciətlərdə narkotik aludəçiliyi ilə bağı hallar hansı formada özünü biruzə verir və ən çox hansı ailə faktorları ilə əlaqələndirilir?

- Narkotik istifadəçisi bilavasitə ailədədir. Təbii ki, bir ailədə narkotik istifadəçisi varsa, o, ailənin ən böyük faciəsidir. Diqqət etsək, bu gün ailədaxili münaqişələr, məişət zorakılığı, probelmlər - bunların kökündə narkomaniya durur. Ailədə narkotik və yaxud alkoqol istifadəçisi bilavasitə narahatçılıq yaradır, ailə üzvlərini incidir. Narkotiki əldə etməkdən ötrü evdə nə əşya varsa, onları satır, problemlər yaradır. Bunun qarşısını almaqdan ötrü hər bir ailə üzvü diqqətli olmalıdır. Əgər ailədə belə bir insan varsa, təxirə salmadan müraciət etməlidirlər ki, qarşısı alınsın.

Çox təəssüflər olsun ki, istər valideyn, istər həyat yoldaşı olsun, əgər ailədə narkotik istifadəçisi varsa və onları narahat edirsə, çox vaxt buna susurlar. Bu susma da gətirib faciəyə çıxarır. 2010-cu ildə qəbul olunan Məişət Zorakılığı Qanunu var, o qanuna görə, biz bu istiqamətdə müvafiq tədbirlər həyata keçiririk. Tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, məişət zorakılığına meylli risk qrupuna aid olan ailələri müəyyənləşdirək, onun təhlilini aparaq. Və təhlil göstərir ki, məişət zorakılığı baş verən ailələrin bir çoxlarında narkotik istifadəçisi var. Narkotik istifadəçisi ailədə valideynlərini də, həyat yoldaşını da, övladlarını da incidir. Hətta ölüm cinayətləri də baş verir. Ona görə, bu istiqamətdə güclü tədbirlər həyata keçirilməlidir. Biz də Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komistəsi olaraq bu istiqamətdə böyük maarifləndirici tədbirlər həyata keçiririk. Müəyyən reklam rolikləri olur ki, biz onları TV-lərdə paylaşırıq. Yaxud metropolitenlə əlaqə saxlayırıq, onlara bu istiqamətdə müəyyən maarifləndirici roliklər veririk ki, metrodan istifadə edən insanlar maariflənsinlər.

Bunlar aparılan işlərdir. Amma bu gün biz nəticələrə baxırıq ki, narkotik istifadəçilərinin, yaxud narkotik cinayəti törədənlərin sayı azalırmı? Yox, azalmır. Ona görə, bu istiqamətdə, işin başqa formasını axtarmalıyıq. Məsələn, məişət zorakılığının qarşısının alınması haqa qanununun yerinə yetirilməsi ilə bağlı tədbirlər həyata keçirərək, bütün bələdiyyələrdə gender komissiyaları yaratdıq. Artıq 1,5 ildir ki, bu komissiyalar fəaliyyət göstərir. Amma bu müddətdə hələ profilaktik işlər gedir, yaranan komissiyalardakı əməkdaşlara seminarlar, təlimlər keçiririk, istiqamətləndiririk ki, onlar işi necə qurmalıdırlar.

Bəs niyə məhz bələdiyyə? Bələdiyyənin ərazisi elə də böyük deyil. Hər kənddə 500-600-1000 ailə var. Bu formatda ailəni təhlil etmək, öyrənmək risk qrupuna aid olan ailələri müəyyənləşdirmək heç də çətin deyil. Ona görə, bələdiyyələr onları seçən əhalinin hansı problemlərinin olduğunu bilməlidirlər. Çünki onlar o ailələrə xidmət etmək, onların problemlərini həll etmək üçün seçiliblər. Bələdiyyələr ailələri təhlil edib risk qrupuna aid olanları müəyyənləşdirsələr, onda maarifləndirici tədbirlər də boşa getməz, söz hədəfə vurular. Auditoriyaya təsadüfi adamları toplamarıq. Məhz risk qrupuna daxil olan ailələrin nümayəndələrini dəvət etsək, onlarla danışıb söhbət aparsaq, işimizin təsir qüvvəsi güclənər.

- Risk qrupuna aid olan ailələrdə ən çox zərər görən uşaqlardır. Çox təəssüf ki, bu gün narkomaniyanın da yaşı gəncləşib. Yeniyetmələr arasında belə, narkomanlara rast gəlinir. Belə vəziyyətdə məktəblərdə də maarifləndirmə işləri aparırsınız?

- Bildiyimiz kimi, məktəblərdə məktəb psixoloqları var. Və mən deməzdim ki, o psixoloqların işləri yüksək səviyyədədir. Amma biz onlarla işləməyə başlamışıq, məktəb psixoloqlarına seminarlar, təlimlər keçirik. Seminar və təlimlərin məqsədi ondan ibarətdir ki, şagirdlər arasında narkotik istifadəçisi varsa, yaxud dərslərində zəifləyən, hərəkətlərində dəyişiklik olan şagird varsa, məktəb psixoloqları onunla maraqlansın, ailəsinə gedib araşdırsınlar ki, səbəb nədir. Yəni məktəb psixoloqu, müəllim bunu bilməlidir. Mən öz məktəb illərimizi yadıma salsam, dərslərdə zəifləyərdimsə, yaxud dərsdə özümü düzgün aparmazdımsa, sinif rəhbərim sabah ailəmə gəlməli, valideynlərimizlə danışmalı idi. Valideyn bilməli idi ki, onun övladında nə isə problemlər var. Məktəb-valideyin-müəllim münasibətləri nə qədər sıx olursa, onda uşağı səhv yoldan döndərmək daha asan olur.

Hesab edirəm ki, bu gün məktəbdə psixoloqlar, müəyyən vəzifəli şəxslər diqqətlərini bu məsələyə yönəltməlidirlər. Və Təhsil Nazirliyi ilə bizim çox sıx əlaqələrimiz qurulub. Bu istiqamətdə Bakı rayonlarının bəzi məktəb psixoloqlarını seminarlara cəlb etmişik. Həm məişət zorakılığının qarşısının alınması istiqamətində onları maarifləndiririk, hazırlayırıq, həm də narkotiklərin qarşısının alınması istiqamətində müəyyən töhfələr verilir.

Məişət zorakılığı və narkotik istifadəsi bir-birinə bağlı məsələlərdir. Biz məişət zorakılığı faktını araşdıranda zorakılıq törədənin narkotik istifadəçisi olduğu üzə çıxır. Və burada əsas uşaqdır. Biz məişət zorakılığı faktını araşdıranda ancaq zorakılığa məruz qalan qadının və yaxud yaşlı bir insanın problemi ilə məşğul olurduq. Amma bu gün yanaşmamız fərqlidir. Bu gün biz məişət zorakılığı baş verən ailədəki uşaqların problemi ilə məşğul oluruq. Çünki zorakılıq mühitində olan uşaqlar həmin mühitdə psixoloji zərbə alırlar. Və gələcəkdə həyata atılanda onlar ya qorxaq böyüyürlər, ya da zorakı insana çevrilirlər. Hesab edirlər ki, belə də olmalıdır. Ona görə, birinci növbədə uşaqların reabilitasiyası ilə məşğul olmaq, onları düzgün istiqamətləndirmək lazımdır. Bu, hazırda bizim qurumun qarşısında duran ən vacib məsələlərdən biridir.

İkincisi, məişət zorakılığı törədən psixoloji anormal adamdırsa,  narkotik, alkoqol istifadəçisidrsə, yaxud ümumiyyətlə aqressiv adamdırsa, analiz edib, kateqoriyalara ayırıb, bunlarla işləmək lazımdır. İndi bizim qarşımızda duran vəzifələrdən biri də məişət zorakılığı törədənlərlə işin aparılması və onların sırasındakı narkotik istifadəçiləridir. Maarifləndirici tədbiri aparanda, sözü birbaşa sahibinə demək lazımdır. Əgər mən zorakılıq törədənlə danışmıramsa, ona başa sala bilmirəmsə ki sən zorakılıq törədirsən, öz ömür-gün yoldaşını incidirsən, yaxud qətlə yetirirsən… Bəzən boşanmış ailələrin arasında problemlər daha çox olur. Kişi boşanıb, amma yenə hesab edir ki, bu qadın ona tabedir. Siz boşanmısınız, hərənin öz həyatı var, sən onun həyatına müdaxilə edə bilməzsən. Buna baxmayaraq tərəflərin arasında münaqişələr baş verir, hətta qətlə gəlib çıxır. Buna görə, zorakılığı törədən insanlarla işləmək lazımdır. Bu insanlar başa düşməlidir ki, sən bu qətli törətdin, uşaqların sahibsiz qaldı, sən də həbs olunursan, uşaqlar qalır ortalıqda. Nə qazandın, nə əldə etdin?

- Bunlarla kim işləməlidir?

- Bu istiqamətdə bütün yerli icra hakimiyyətlərində monitorinq qrupları yaranıb. Monitorinq qruplarının tərkibinə hüquq-mühafizə orqanlarının nümayəndələri, psixoloqlar, QHT-lərin nümayəndəsi, Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndəsi, Təhsil və Səhiyyə nazirliklərinin nümayəndələri daxildir. İcra Hakimiyyətinin müavini isə Monitorinq qrupunun sədridir. Yəni hadisə baş verirsə, bunlar birlikdə problemin həlli istiqamətində öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Həmin iclasa zorakılıq törədəni də dəvət edirlər, onunla da işləyirlər.

Burada polisin rolu çox güclüdür, çünki zorakılıq törədənləri ram etməkdən ötrü mütləq polisin iştirakı lazımdır. Deyərdim ki, DİN son illərdə bu istiqamətdə daha güclü işləyir. Biz DİN əməkdaşları ilə məişət zorakılığının qarşısının alınması istiqamətində seminar keçirmişik və artıq onlarının özlərinin bu yöndə ekspertləri var, hansı ki, onlar öz əməkdaşlarına belə seminarlar, treyninqlər keçirirlər.

Respublika Prokururluğu ilə çox ciddi işləyirik. Rayonlarda icra hakiiyyətlərində Monitorinq qrupları olduğu kimi, bir Monitorinq qrupu da bizim komitənin nəzdindədir. O Monitorinq qrupunun rəhbəri mənəm. Monitorinq qrupuna əlaqədar dövlət qurumlarının nümayəndələri daxildir. Biz hər kvartalın yekununda müəyyən problemlərin həlli istiqamətində müzakirələr aparırıq. Qanunericilikdə hansısa dəyişikliyi etməkdən ötrü, lazım gəlirsə təkliflər irəli sürülür. Və yaxud hansısa qurumda nə isə tədbirlər həyata keçirmək lazımdırsa, biz o quruma monitorinq qrupu adından müraciət edirik. Bu problemin qarşısını almaq üçün bir yerdə çalışırıq. Amma o problemin qarşısını almaqdan ötrü ən vacib məsələ ailənin özüdür.

- Deməli, sosial mühitdən çox, ailədaxili münasibətlər rol oynayır.

- Bəli. Bilirsiniz, “Böyük dayaq” filmində deyilir ki, “ailə bir yumruqdur, barmağın biri açılsa, kəsib ataram”. Ailədə ananın, qadının rolu çox böyükdür. Övladımız necə nəfəs alırsa, biz onu duymalıyıq. Ana uşağında baş verənləri hiss etmirsə, o ana deyil. Qadınların üzərinə çox böyük məsuliyyət düşür. Əgər ömür-gün yoldaşım narkotik istifadəçisidirsə, yaxud narkotik cinayətinə qoşulubsa, mən qadın olaraq susmamalıyam. Çünki onun zərbəsi mənim ailəmə dəyəcək. Vaxtında bunu lazımi yerlərə çatdırmalıyam.

Çox qorxuducu rəqəmdir ki, qadınları da bəzən kişilər narkotik cinayətlərinə cəlb edirlər. Hesab edirlər ki, qadın bu istiqamətdə onlara daha çox xeyir verə bilər. Amma qadın buna getməməlidir, ağıllı tərpənməlidir. Mən bu efirdən bilavasitə qadınlara müraciət edirəm ki, narkotikin qarşısını almaqdan ötrü biz qadınlar həssas olmalıyıq. Bunu görürüksə, susmamalıyıq, qaynar xəttə zəng vurmalıyıq. Susmaqla biz birinci öz ailəmizə zərər vururuq, sonra isə cəmiyyətə, dövlətə. Ona görə, sözüm qadınlaradır ki, bu istiqamətdə bir az gözüaçıq olsunlar.

- Bir məsələ də var ki, gözüaçıq olması üçün gərək qadın olğun yaşa çatandan sonra ailə həyatı qursun. Amma çox təəssüf ki, bu gün erkən nikahlar həddən artıq çoxalıb...

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA

Gülay SƏLİFOVA

Stopnarkotik.az