Milli Məclisdə nikaha daxil olan cütlüklərin narkoloji müayinədən keçirilməsi ilə bağlı yeni təklif gündəmə gəlib. Təklifə əsasən, ailə qurmağa hazırlaşan şəxslərin narkotik maddələrdən asılılıq vəziyyətinin əvvəlcədən yoxlanılması nəzərdə tutulur. Bu addımın məqsədi gələcək ailələrdə mümkün sosial risklərin və problemlərin vaxtında aşkarlanmasıdır.
Lakin belə bir mexanizmin tətbiqi həm hüquqi, həm də etik baxımdan müxtəlif müzakirələr doğurur. Bu təklif Azərbaycanda real olaraq tətbiq oluna bilərmi və ailə institutuna hansı təsirləri göstərə bilər?
Stopnarkotik.az-ın məlumatına görə, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, nikahdan öncə tibbi arayışın tələb olunması qanuni əsaslara dayanır və hər kəs anlayır ki, burada utanılacaq heç nə yoxdur.
Deputatın sözlərinə görə, həm qız, həm də oğlan tərəfi bu cür tibbi arayışı təqdim etməlidir: “Bu, şəffaflıq və aşkarlıq baxımından, eləcə də sağlam ailə münasibətlərinin qurulması üçün vacibdir. Burada məsələyə həm də o prizmadan yanaşılır ki, bir çox ailələrin dağılmasının əsas səbəbi sonradan məlum olan narkotik aludəçiliyidir. Bu hal qadınlarda da, kişilərdə də ola bilər. Ona görə də bu testin verilməsi olduqca önəmlidir. Testi həyata keçirən qurumlar da bu məsələdə məsuliyyət daşıyırlar. Buna görə hər hansı qapalı, gizli və ya saxtalaşdırılmış sənəd məsələsinə həssaslıqla yanaşılmalıdır”.
Millət vəkili qeyd edib ki, bütün hallarda ailə sağlamlığı və gələcəkdə ailənin dağılmaması üçün insanların əvvəlcədən məlumatlı olması vacibdir: “Çünki belə aludəçilik sonradan üzə çıxanda daha gərgin münasibətlər yaranır. Hətta narkotikin təsiri altında adam öldürmə, ailə üzvlərinə xəsarət yetirmə kimi hallar da cinayət hüququ təcrübəsində kifayət qədər yer tutur.
Bu baxımdan qanunvericilikdə narkotik aludəçiliyinə qarşı münasibətin daha dəqiq tənzimlənməsinə zərurət yaranıb. Belə təkliflər dəfələrlə səsləndirilib və bunun zəruri olduğu vurğulanıb”.