QALİBAF TRAMPI YALAN DANIŞMAQDA İTTİHAM ETDİ - "7 iddianın hamısı yalandır..."

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yaydığını bildirib.Qalibaf bildirib ki, Trampın səsləndirdiyi 7 iddianın hamısı yalandır.

İran parlamentinin sədri bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Amerika Prezidenti bir saat ərzində yeddi bəyanat verib və onların heç biri doğru deyil. Bu yalanlarla müharibədə qalib gəlmədilər və danışıqlarda da uğur qazana bilməyəcəklər", -Qalibaf yazıb.

Qalibaf vurğulayıb ki, bu cür yanaşma ilə ABŞ nə hərbi qarşıdurmada üstünlük qazana bildi, nə də danışıqlar prosesində istədiyi nəticəyə nail ola biləcək.

İran parlamentinin sədri əlavə edib ki, əgər ölkəyə qarşı təzyiq və mühasirə siyasəti davam edərsə, Hörmüz boğazı ilə bağlı mövcud vəziyyət dəyişə bilər. O qeyd edib ki, bu strateji keçiddən istifadə yalnız müəyyən qaydalar çərçivəsində və İranın razılığı ilə mümkün olacaq.

Qalibaf həmçinin ABŞ-nin İran limanlarının blokadasından imtina etməyəcəyi təqdirdə İranın Hörmüz boğazını yenidən bağlamağa hazır olduğunu təsdiqləyib.

Bununla yanaşı, Qalibaf bildirib ki, boğazın açıq qalması və ya bağlanması məsələsi sosial şəbəkələrdə yayılan məlumatlarla deyil, real geosiyasi şəraitlə müəyyən olunur.

Sonda o, informasiya müharibəsinin müasir qarşıdurmaların ayrılmaz hissəsinə çevrildiyini qeyd edərək, İran cəmiyyətinin xarici təsir və yönləndirmə cəhdlərinə qarşı daha dayanıqlı olduğunu vurğulayıb./azpolitika.info