Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları Tambovsko-Malışevskaya mütəşəkkil cinayətkar dəstəsinin liderlərindən biri kimi tanınan iş adamı Gennadi Petrovun evində axtarış aparıblar.
Bu barədə Rusiya mediasında məlumat dərc edilib.
Qeyd edək ki, bu gün səhər FSB əməkdaşları Leninqrad vilayətində nüfuzlu kriminal avtoritet, iş adamı və Vladimir Putinin uzun müddətdir tanışı olan İlya Traberi saxlayıblar. Həbsə səbəb 2020-ci ildə Traberin sağ əli hesab edilən Aleksandr Petrovun qətli olub. İş adamının ortağı Vladimir Danilenko da bu işlə əlaqədar saxlanılıb.
1990-cı illərin əvvəllərində Gennadi Petrov Malışevskaya mütəşəkkil cinayətkar dəstəsinin üzvü olub. Sahib olduğu şirkətlər vasitəsilə Peterburq Neft Terminalında və Peterburq Yanacaq Şirkətində paylara sahib olub və bu bizneslər də Traberlə əlaqəli idi. Petrov daha sonra Putinin "Ozero" kooperativindəki dostları - Yuri Kovalçuk, Nikolay Şamalov və Viktor Myaçin ilə birlikdə "Bank Rossiya"da pay əldə edib. 1996-cı ildə Petrov İspaniyaya köçüb və orada yerli hüquq-mühafizə orqanları tərəfindən izlənilib. İspan müstəntiqləri onun FSB general-mayoru Sergey Korolyovla iş gördüyünü aşkar ediblər. Petrov həmçinin Sankt-Peterburq prokuroru Sergey Litvinenko ilə dostluq və yaxın münasibətlər saxlayıb.
İspaniyadakı məhkəməsi zamanı Petrov Putinlə KQB-də işlədiyini iddia edib. 2010-cu ildə Petrov girov müqabilində azadlığa buraxılıb və daha sonra Rusiyaya qaçıb.
Petrov bu yaxınlarda Rusiyada yüz milyardlarla rubl dəyərində iki layihədə iştirak edib: Krımda Tavrida avtomobil yolunun və Sankt-Peterburq ilə Finlandiya arasında Skandinaviya avtomobil yolunun tikintisi. O, həmçinin Rusiya daxilində və xaricdə kömür, çuqun və digər xammallar tədarük edirdi.