"Al Jazeera" telekanalının yaydığı son hesabatda ABŞ və beynəlxalq sanksiyalar səbəbindən İranın xarici banklarda bloklanan vəsaitlərinin şok statistikası açıqlanıb.
Hazırda İranın dünya üzrə səpələnmiş dondurulmuş aktivlərinin ümumi dəyəri 100 milyard dolları keçir. Bu məbləğ İranın ötən ilki ÜDM-nin təxminən dörddə birinə bərabərdir.
İranın ən böyük ticari tərəfdaşı olan Çində ən azı 20 milyard dollar vəsait dondurulmuş vəziyyətdədir. Bu pullar əsasən neft satışından əldə olunan gəlirlərdir.
Hindistanda 7 milyard dollar, İraqda isə 6 milyard dollar dəyərində İran aktivi bloklanıb. İraqdakı vəsaitlər əsasən qaz və elektrik enerjisi idxalına görə ödənilməli olan borclardır.
2023-cü ildə məhbus mübadiləsi çərçivəsində Cənubi Koreyadan Qətərə köçürülən 6 milyard dollar, İsrail-Həmas müharibəsindən sonra yenidən dondurulub. Avropa İttifaqı banklarında isə 1,6 milyard dollar saxlanılır.
ABŞ-da 2 milyard dollar, Yaponiyada isə 1,5 milyard dollar vəsait istifadəsiz qalıb.
İran XİN-in sözçüsü Esmail Baqai bildirib ki, bu vəsaitlərin sərbəst buraxılması "qarşı tərəfin güzəşti deyil, İranın legitim hüququdur".
Hazırda İslamabadda aparılan sülh danışıqlarında Tehran bu 100 milyard dolların qaytarılmasını əsas şərt kimi masaya qoyub. İran tərəfi bəyan edib ki, aktivlər açılmadan ABŞ ilə heç bir yeni saziş imzalanmayacaq. Ağ Ev isə bu pulların yalnız humanitar məqsədlər (qida, dərman) üçün istifadə olunmasını tələb edir. İqtisadi tənəzzül və inflyasiya ilə boğuşan Tehran üçün bu vəsaitlər rejimin sağ qalması üçün "həyat suyu" əhəmiyyətindədir./musavat.com