Məktəblərdə baş verən son silahlı insidentlərdən sonra Türkiyə hökuməti arzuolunmaz məzmunu bloklama sisteminə malik xüsusi uşaq SIM-kartların tətbiq edilməsi barədə qərar qəbul edib.
Bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.
Bildirilib ki, türkiyəli ekspertlər və analitiklər zorakılığı təbliğ edən videooyunların azyaşlılarda aqressiv davranış riskini artırdığını vurğulayırlar. Nəşrin yazdığına görə, valideynlərin nəzarətində olacaq xüsusi SIM-kartların tətbiqi ilə yanaşı, rəsmilər VPN xidmətlərinin bloklanması və 18 yaşdan aşağı şəxslər üçün internetə çıxışın məhdudlaşdırılması imkanlarını da nəzərdən keçirirlər. Hökumət bir gün fərqlə məktəblərdə baş verən hücumlardan sonra uşaqların oyunlara çıxışına nəzarəti gücləndirmək qərarına gəlib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfada, aprelin 15-də isə Kahramanmaraşda yerləşən məktəblərdə silahlı hücum olub. Hər iki hadisənin nəticəsində 11 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
"Yeni Şafak" qeyd edir ki, istintaq zamanı müstəntiqlər hücum edənlərdən birinin tez-tez "qəddar" kompüter oyunları oynadığını və digər ölkələrdən olan oyunçularla məktəbə hücum planlarını müzakirə etdiyini müəyyənləşdiriblər./oxu.az