"Mərkəzi Bankın banklarda kredit risklərinin idarə olunması qaydalarına etdiyi dəyişikliklər vətəndaşların dələduzluq hallarından qorunmasına xidmət edəcək".
Stopnarkotik.az xəbər verir ki, bu fikirləri "qaynarinfo"ya açıqlamasında iqtisadçı-vəkil Əkrəm Həsənov səsləndirib.
O bildirib ki, söhbət məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinin məhdudlaşdırılması imkanının yaradılmasından gedir.
"Biz hər gün insanların üzləşdiyi problemləri görür və eşidirik. Elə hallar olur ki, vətəndaşın xəbəri olmadan onun adına kredit götürülür və vəsait bankdan çıxarılır. Bunun səbəbi odur ki, bir çox hallarda müştəri bankın sisteminə daxil olarkən məsafədən kredit əldə etmək imkanını aktiv saxlayır. Sonradan isə ona kredit öhdəliyi ilə bağlı bildiriş göndərilir. Mərkəzi Bankın yeni tələbinə əsasən, banklar müştərilərə məsafədən kredit götürmək imkanından əvvəlcədən imtina etmək hüququ verməlidirlər. Vətəndaş istədiyi halda banka bildirə bilər ki, onun adına məsafədən kredit rəsmiləşdirilməsin. Kreditə ehtiyac yarandıqda isə şəxsən banka müraciət edə bilər. Bu, çox müsbət yenilikdir", deyə Əkrəm Həsənov vurğulayıb.
İqtisadçı hesab edir ki, məsafədən kreditləşməyə nəzarətin gücləndirilməsi düzgün qərardır:
"Bu qərar vətəndaşları dələduzlardan qoruyacaq".
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə banklarda kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edilib. Yeni tələblərə əsasən, banklar müştərinin yazılı müraciəti əsasında ona istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları üzrə məhdudiyyət qoymaq imkanı yaratmalıdır.
Həmin məhdudiyyət yalnız müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.