Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Stopnarkotik.az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Elmira Əliyevanın qızı Ə.A.-nin ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:
"2024-cü ilin noyabrında babamla nənəm Türkiyədə oxuyan bacıma baş çəkməyə getdilər, atam da onları aeroporta yola salmağa getdi. Mən qardaşım və anamla evdə qaldım. Həmin gün dərsə getməmişdim; hərdən belə edib dərslərimə evdə hazırlaşırdım. Bir neçə saatdan sonra atam qayıtdı. Atamdan icazə alıb nənəmgilə getdim. Həmin gün və səhər orada qaldım. Telefonum evdə qaldığından geri dönəndə atamı evdə görmədim. Anamdan soruşanda, dedi ki, atam tüfəngini də götürüb gedib. Deyib ki, əgər gec gəlsəm, anam və qardaşımla nənəm Solmazgilə gedək. Babam Türkiyədən gələndən sonra evimizə qayıtdıq. Bir neçə gün keçdi, atamdan bir xəbər çıxmadı. Atamın itkin düşməsi ilə bağlı polisə müraciət olundu. Polisin məlumatına kimi onun anam tərəfindən öldürüldüyünü bilməmişəm. Bu hadisənin səbəbi kimi atamla anamın pis münasibətini bilirəm".
Məhkəmə zalında zərərçəkənin hüquqi nümayəndəsi ilə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.
Təqsirləndirilən Elmira Əliyeva - "Oğlunuzun qəbrinə həsrət qalasınız", - deyə səslənib.
Şahid İ.S. E.Əliyevanın onun qızı olduğunu bildirib:
"Allaha ağır getməsin, amma Samir yaxşı adam deyildi. Həm cani idi, həm də oğru. Hadisədən bir müddət sonra xəbər tutmuşam. Əvvəllər yaxşı münasibətdə olublar. Sonra təmiz dəyişdi: həm öz ata-anasına, həm də qızıma qarşı. Samir öz anası ilə o qədər pis münasibətdə idi ki, anası deyirdi ki, "Gəlmə qəbrimin üstünə. Üç nəfər adam tutacağam, aparıb məni xəndəyə tullasın". Deyirdim bir gün kimsə bunu öldürəcək.
Qızımı ölümcül halda döyürdü. İstəyirdi bizim evə köçsün, qoymadım. Deyirdi "Axı, day-day (həyat yoldaşım) deyir ki, ev sizindir. Dedim ki, "Qoy biz ölək, sonra ev sənin olsun". Bunların ailəsi arı pətəyi kimi bir həyətdə olurdular; hamısı da cani, qatil. Dəfələrlə qızımı bədənindəki xəsarətlərə, sınıqlara görə xəstəxanaya aparmışam. Bir dəfə qızımın bişirdiyi yumurtanı bəyənməmişdi. Qızımı hədəf kimi qoyub yumurtaları onun başında sındırmışdı. Atası Arif kişiyə dedim ki, belə olmaz, bir çarə tapın. Anası deyirdi ki, "Nə edə bilərik, bu onun yoludur".
Evdəkilərə vaxtla, saatla yemək verirdi. Bir dəfə atası soyuducudan pendir götürmüşdü. Bunun üstündə az qala kişini boğurdu. Biz 9 aydan sonra Samirin ölümünü bilmişik".
Məhkəmə tərkibi təqsirləndirilənin azyaşlı oğlunu psixoloq müşayiəti ilə hadisə günü yeganə şahid kimi məhkəməyə dəvət etmək istəyib. Lakin təqsirləndirilən şəxs və zərərçəkənin hüquqi varisi uşağın həssas durumuna görə buna etiraz ediblər.
Növbəti proses avqustun 6-da saat 11:30-a təyin olunub.
Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci Polis Şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.