Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baxılan növbəti cinayət işi bir ailənin faciəsini, bir gəncin məhv olmuş həyatını və narkotikin doğurduğu təhlükəni bir daha üzə çıxarıb.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Zahid Məmmədli zərərçəkmiş isə onun atasının tanışı İnqilab Əliyevdir.
Məhkəmədə ifadə verən təqsirləndirilənin atası Ədalət Məmmədli bildirib ki, oğlu Zahid problemli həyat tərzi ilə seçilib: "Zahid Rusiyanın Krasnodar şəhərində doğulub. Uşaqlıqdan idmana, xüsusilə kikboksinqə meyilli idi. Zahid 2 yaşında olanda Azərbaycana köçdük. Zahid burada da idmanla məşğul olurdu. 2018-ci ildən narkotik istifadə etməyə başladı, idmanı da buraxdı".
Atanın sözlərinə görə, məhz bundan sonra Zahidin həyatı tam dəyişib: "Narkotikə görə onun da, bizim də həyatımız alt-üst oldu. Bir neçə dəfə də məhkum olundu. Hər dəfə azadlığa çıxandan sonra öz bildiyini edirdi... Hadisə günü məndən yenə pul istədi. Narkotik təsiri altında olduğunu hiss etdim, pul vermədim. Özündə deyildi, mənə hücum etdi, yaxamdan tutdu və küçəyə qədər dartıb apardı. Əl qol atırdı, pul tələb edirdi".
Ata bildirib ki, həmin an oğlunun üzərində bıçaq görməyib: "Əvvəllər də bıçaq gəzdirdiyi olmuşdu. Məni küçəyə çıxaranda əlində bıçaq görmədim. Səs-küyə qonşum İnqilab gəldi. O, qarışaraq Zahidi sakitləşdirmək istədi. Zahid ona da hücum elədi. Ona zərbələr vurdu. Qan çıxdığında başa düşdüm ki, ona bıçaqla vurub".
Zərərçəkmiş İnqilab Əliyev məhkəmədə deyib ki, Zahid Məmmədlini sakitləşdirməyə çalışıb, bu zaman onun hücumuna məruz qalıb: “Məni necə gəldi vururdu. Sinəmə, kürəyimə, başıma...”
Zərərçəkmişin sözlərinə görə, ona ümumilikdə 7 bıçaq zərbəsi endirilib. Hadisə yalnız təsadüfi bir qadının “polis gəldi” qışqırığı ilə dayanıb. Zahid bundan sonra ərazidən qaçıb. Ağır yaralanan İnqilab Əliyev dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. O, 8 gün xəstəxanada müalicə alıb. İşin ən diqqətçəkən məqamlarından biri isə zərərçəkmişin mövqeyidir. İnqilab Əliyev məhkəmədə bildirib ki, Zahid Məmmədlidən şikayətçi deyil: “Atasının xatirinə Zahiddən şikayətçi deyiləm”.
Məhkəmə Zahid Məmmədlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.2-ci maddələri ilə - qəsdən adam öldürməyə cəhd cinayətini törətməkdə təqsirli bilib və 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.