Masallının Qəriblər kənd tam orta məktəbində “Biz sağlam həyatı seçirik” başlığı altında “Narkomaniya və insan alverinin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyini üzvü Əntiqə Tağıyeva tədbirdə çıxış edərək bildirib ki, narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır: “Bəşəriyyət üçün ağır faciə olan, yaşından asılı olmayaraq bütün insanları, millətləri düşündürən ən çətin problemlərdən biri də narkomaniyadır. İstər narkomaniya, istər də ən az onun qədər təhlükəli olan insan alveri bu gün bütün dünyanı düşündürür və onunla mübarizə aparılır. Siz gənclər yalnız təhsilinizə, şəxsi inkişafınıza daha çox önəm verərək, bu bəlalardan uzaq dura bilərsiniz”.
Digər çıxışçılar - Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Ş.Əliyev, Masallı rayon Təhsil sektorunun nümayəndəsi A.Eyvazov, Gənclər İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin əməkdaşı O.Əliyev şagirdlərə zərərli informasiyalar, insan alveri, məcburi əmək, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsi və bu kimi pis vərdişlərin cəmiyyətimizdə yaratdığı mənfi təsirlərdən ətraflı söhbət açıblar: “Sonu faciə ilə nəticələnən bəlalardan bu gün parta arxasında oturan yeniyetmə və gəncləri yayındırmaq, qorumaq məqsədilə pis vərdişlərə qarşı cəmiyyətdə ictimai dözümlülük mühitinin yaradılması olduqca vacibdir. Gənclərə nəyi necə etməyi, hər bir gəncin həyatı və sağlamlığının dövlətimiz, cəmiyyətimiz üçün “sağlam gənclik, sağlam gələcək” demək olduğunu şüurlu surətdə bildirmək lazımdır”.
Tədbirdə şagirdləri düşündürən suallar da ətraflı cavab tapıb.
Onu da bildirək ki, tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayonu üzrə təhsil sektoru, Masallı Rayon Polis Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı sayəsində baş tutub.
Zəfər ORUCOĞLU