“Rusiya Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmağa çalışır” – YÜK MAŞINLARIMIZIN SAXLANILMA SƏBƏBİ

“Azərbaycan əlini Gürcüstanın üstündən götürərsə, bu, qonşu ölkədə çox ciddi iqtisadi, sosial problemlərə səbəb olar”

“Azərbaycana məxsus TIR-lar günlərdir heç bir səbəb göstərilmədən Gürcüstanın gömrük keçid məntəqələrində gözlədilir. Batumi və Tiflisdə eyni vəziyyət yaşanır. Sürücülər bildirirlər ki, Gürcüstan yalnız Azərbaycana məxsus TIR-ları saxlayır, özlərinə və digər ölkələrə aid nəqliyyat vasitələri gömrükdən sərbəst şəkildə keçirlər. Bizi nə üçün saxladıqlarının səbəbi açıqlanmır və konkret cavab verilmir. Kimisi 20, kimisi 40 gündən çoxdur ki, tranzit yüklərlə bərabər TIR-larda gözləməyə və gecələməyə məruz qalıb”.

Stopnarkotik.az xəbər verir ki, bu məlumat bir neçə gün əvvəl AzTV-nin yayımladığı reportajda bildirilib. Sürücülərdən biri deyr ki, Gürcüstan tərəfi Avropaya və digər ölkələrə yük daşıyan Azərbaycan TIR-larının qarşısını süni şəkildə almağa çalışır: “Belə olan halda bizim Avropadakı müştərimizlə aramızda problemlər yaranır”.

Videomaterialda o da vurğulanır ki, Gürcüstan polisi vətəndaşlarımızla kobud rəftar edir, onlara qarşı aqressiv davranırlar. Uzun sözün qısası, sürücülərimiz gürcü məmurlarından tutmuş, gürcü polislərinə kimi, bütün aidiyyəti şəxslərdən şikayətçidirlər.

Maraqlıdır, Gürcüstan rəsmilərinin Azərbaycandan daxil olan yük maşınının sürücülərinə qarşı bu cür qeyri-normal davranışı nə ilə bağlıdır? Məsələyə politoloq Əli Mustafa ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Əli bəy, sizcə, Gürcüstan rəsmilərinin Azərbaycandan daxil olan yük maşınının sürücülərinə qarşı bu cür aqressiv davranlçl nə ilə bağlı ola bilər? 

- Görünən odur ki, Gürcüstan Zəngəzur dəhlizinin açılmasından narahatdır, ona görə TIR-ları ləngidir, bizi incidir. Amma məntiqlə Gürcüstan əksinə orada işləri daha yaxşı qurmalıdır ki, hətta sabah Zəngəzur açılanda belə, biz bu yoldan imtina etməyək, deyək ki, buradan hər zaman gediş-gəliş olub, təhlükəsizlik var, operativ yola salırlar və s. Yəni məntiqlə bunu etməməlidirlər. Əksinə, bu maneə törədilməsi sanki bizi vadar edir ki, Zəngəzurun açılmasını bir az da sürətləndirin, tez açın.

Digər tərəfdən, sosial şəbəkələrdə maraqlı mülahizələrə rast gəldim ki, deyirlər Gürcüstanın bu əməllərinin arxasında Rusiya var. Rusiya bunu etməklə Zəngəzur dəhlizindən pay istəyir. Yəni təzyiq edir ki, oradan mənə də pay təmin edin.

Sonra başqa bir yanaşma var - Gürcüstan bunu ona görə edir ki, siz Zəngəzur dəhlizini açacaqsınız, biz bundan məmnun deyilik. Öz məmnun olmamasını belə ifadə edir. Açığı, bütün bu mülahizələrin içərisində Rusiyanın burada bir formada əlinin olmasını düşünmək olar. Düşünürəm ki, başqa ciddi səbəb var. Bu nəqliyyat vasitələrinin yubadılması ilə Azərbaycanla Gürcüstan arasında gərginliyin yaradılması onu münaqişəyə çevirmək cəhdi ola bilər. Azərbaycanla Ermənistan arasında artıq münaqişə dayanıb. Münaqişəni yaradan qüvvələr münaqişə dayananda bölgəyə girə bimirlər. Ona görə, yeni bir münaqişə yaradıb, bu münaqişə üzərindən bölgəyə qayıtmaq məqsədi ola bilər.

- Deməli, Rusiya Ermənistanı Gürcüstanla əvəzləmək istəyir…

-Bəli, belə bir niyyət ola bilər. Digər tərəfdən, mümkündür ki, Zəngəzur dəhlizi ilə də bağlı hansısa açıq və gizlin ismarıclar verə bilərlər. Ki, bizi də nəzərə alın, yoxsa sizə problemlər yaradarıq. Qeyd edim ki, Zəngəzur dəhlizi bizim deyil, Ermənistan ərazisidir. Nəsə istəyirlərsə, gedib onu Ermənistandan istəsinlər. Konkret oranın icarədarı Trampdır. Getsinlər Trampa desinlər ki, bizə də pay ver. Bizlik orada bir şey yoxdur. Konkret olaraq 42 kilometrlik ərazi Ermənistan ərazisidir, Azərbaycan ərazisi deyil ki. O başqa məsələ ki, biz də nüfuz yiyəsiyik, bizim də təsir imkanlarımız var, bizim dı nüfuz dairəmizə aiddir, hə, bu belədir. Ona görə də məhz 8 avqustda Amerikada sənəd imzalayanda biz də - Azərbaycan dövləti də oradaydı. Yəni bu, başadüşüləndir. Amma bütün hallarda gürcülər gərək bu addımlara getməsinlər.

Əslində, bu addımlar gürcülərin imicini korlayır. Əvvəla, Azərbaycan uzun illərdir Gürcüstanla dostluq, qonşuluq edir. Bizim neftimiz, qazımız oradan gedir, onun sayəsində Gürcüstan büdcəsinə milyonlarla dollar vəsait daxil olur. Gürcüstan bütün bunları gözardı etməməlidir. Digər tərəfdən, Gürcüstan hakimiyyəti Rusiyayla əlaqələndirilir. Bu gün Amerikanın da, Avropanın da Gürcüstana münasibəti mənfidir. İndi bu mənfi münasibətlərə Azərbaycanı da əlavə etmək, əslində, Gürcüstanın xeyrinə deyil. Onsuz da Avropa İttifaqı narazıdır, Aİ-yə üzvlüklə bağlı danışıqlar dayanıb, Gürcüstan NATO üzvü olmaq istəyir, ona “yox” deyilir, ABŞ-ın özünün də münasibəti artıq sərindir. Açığı dünyada belə bir qənaət var ki, Gürcüstan hakimiyyətinin arxasında Rusiya var. Yəni narazıların arasına Azərbaycanın da əlavə edilməsi Gürcüstana yaxşı bir şey vəd etmir. Amma mən yenə də düşünürəm ki, Azərbaycan tərəfi - kokret rəsmi dövlət qurumları Gürcüstan tərəfi ilə danışmalı və məsələni çözməlidir. Gürcüstan tərəfini başa salmaq lazımdır ki, siz bizi Zəngəzur dəhlizini daha tez açmağa məcbur edirsinz, bu, sizin zərərinizədir. Bundan sonra biz fikirləşə bilərik ki, ümumiyyətlə, bizim boru kəmərlərimiz Gürcüstandan keçsin, keçməsin?! Yəni bizim də təsir imkanlarımız, təzyiq mexanizmlərimiz var. Məsələn, dəmir yolu oradan keçir, onu saxlayaq, ya saxlamayaq?! Sabah Azərbaycan əlini Gürcüstanın üstündən götürərsə, bu Gürcüstana çox ciddi iqtisadi, sosial problemlər, o cümlədən siyasi gərginliklər vəd edir. Ona görə, hesab edirəm ki, bunu çalışıb diplomatik yolla həll etmək lazımdır. Bu addımlar strateji baxımdan Gürcüstanın zərərinədir.

Təbii ki, Güney Qafqaz ölkələri arasındakı münasibətlərə də zərər yetirir. Amma bütün hallarda Azərbaycan öz abiliyini etməlidir, Gürcüstan hökumətiylə danışmalıdır ki, belə şeylərə getməsinlər. Belə “təzyiqlər”lə böyük məsələlər çözülmür.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az