Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə geniş vüsət almaqdadır. Stopnarkotik.az xəbər verir ki, aidiyyəti dövlət qurumları ilə yanaşı, müstəqil ekspertlər də bu istiqamətdə əllərindən gələni əsirgəmir, öz baxışları çərçivəsində problemdən çıxış yollarını göstərirlər. Məsələn, bəzi mütəxəssislər Avropa ölkələrinin təcrübəsinə istinad olunması təklifini irəli sürsə də, tamamilə fərqli mövqe ortaya qoyanlar da var. Belə ki, ikincilərin fikrincə, Azərbaycanda narkotik alverçiləri ayrıca türmədə saxlanılmalı, hətta lazım gəlsə gələcəkdə onlar üçün xüsusi həbsxana da tikilməlidir...
Yeri gəlmişkən, əslində, bu təcrübədən post-sovet ölkələri arasında istifadə edənlər də var. Buna, konkret olaraq, Belarusu misal gətirə bilərik. Hansı ki, prezident Aleksandr Lukaşenkonun Belarusda narkotiklərlə mübarizənin gücləndirilməsi ilə bağlı bir neçə il əvvəl verdiyi xüsusi fərmanda bu fakt öz əksini tapır. Yəni fərman qüvvəyə minəndən sonra müəyyən koloniyalarda narkotiklə əlaqədar məhkum olunan şəxslər ayrıca toplanmağa başladı. Ölkənin Brest vilayətinə daxil olan İvatseviçi yaxınlığındakı "Qurd yuvası" deyilən cəzaçəkmə müəssisəsi həmin vaxtdan narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb olunmuşların ayrı saxlanıldığı "narko koloniya” kimi tanınır.
Qeyd edək ki, ilk vaxtlar bu koloniyada 800 yataq yeri olub və bütün narkotik ticarətçilərinin buraya sığacağı güman edilib. Lakin sonradan məlum olub kli, ölkədə bu tip mindən çox məhbus var. Odur ki, fərmanın qüvvəyə mindiyi birinci ildə narkotik ittihamı ilə məhkum olunmuş 800 nəfər "Qurd yuvası"na, qalan 200 nəfər isə başqa “zonlara”, amma ayrı-ayrı bölmələrə yerləşdirilib. Həmin yerlərdə narkomanları iki-üç, yaxud dörd dəstənin tərkibində toplayıblar və onlar başqa ittihamlarla həbsə düşənlərdən ayrı saxlanılıb.
Azərbaycanda da ekspertlərin belə bir təkliflə çıxş etməsi səbəbsiz deyil. Onlar düşünürlər ki, narkotik ittihamı ilə həbs olunan məhbuslar içəridə digər şəxsləri də zərərli vərdişə alışdırmaması, həmçinin, azadlığa çıxdıqdan sonra onları da yanlış yola çəkməməsi üçün bu tip insanların ayrı saxlanılması məqsədəuyğundur. Eyni zamanda, narkotik alverinin qarşısını almaq baxımından da, bu, mühüm addım olar. Çünki ayrıca kolonda saxlanılan narkotik ticarətçiləri üzərində daha ciddi nəzarət olacaq ki, onlar öz biznselərini, hazırda olduğu kimi, içəridən idarə edə bilməsinlər.
Bəzi ekspertlər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə cəzaların sərtləşdirilməsi mexanizminin işə salınmasını da təklif edir. Onların fikrincə, narkotik ticarətçiləri ən azı 20-25 il müddətinə azadlıqdan məhrum edilməlidir. Hansı ki, hazırda onlar ən çoxu 6-9 il müddətinə cəza alırlar. Ekspertlərə görə, cəza müddəti artırılarsa, narkotik alverçilərinin müəyyən hissəsi bu cür qanunsuz ticarətlə məşğul olmaqdan çəkinəcək. Hazırda cəza müddəti çox aşağı olduğundan, əksər narkotik alverçisi ən pis halda bir neçə il cəza çəkəcəyini düşünərək, bu cür qanunsuz əməllərə yol verirlər.
Əlbəttə, istər narkotik alverçilərinin xüsusi türmələrdə saxlanılması, istər də onlarla bağlı cəzanın 20-25 ilədək artırılması sadəcə mütəxəssislərin irəli sürdüyü təkliflərdir və güman edirik ki, ölkədə narkomaniya bəlasından xilas olmaq üçün müvafiq qurumlar hər iki məsələ ətrafında ciddi düşünməlidir.
Stopnarkotik.az