Rusiyanın Voronej vilayətində saxlanılan azərbaycanlı Niyaz Əzim oğlu Zahidovun Rusiya Federarsiyası vətəndaşlığından bu ilin iyun ayında çıxarıldığı məlum olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Zahidovun Rusiya vətəndaşlığına Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin 3 iyun 2025-ci il tarixli qərarı ilə xitam verilib.
Zahidovun məlum qərardan üç ay müddətində yuxarı instansiya orqanına şikayət etmək imkanı olub.
Voronejdəki Azərbaycan diasporunun rəhbəri Mehdi Mehdiyev APA-nın Rusiya bürosuna açıqlamasında Zahidova bir neçə il bundan qabaq da xüsusi təyinatlı polis dəstəsinin-OMON-un əməliyyat keçirdiyini, onun doğum günü tədbirinə basqın etdiyini söyləyib.
Diaspor rəhbəri Zahidovun Azərbaycan Respublikasının vətəndaşlığının olmadığını söyləyib. Bildirib ki, Zahidov bir müddət əvvəl Azərbaycandan da deportasiya olunub:
Bu yaxınlarda onun qardaşı rəhmətə getmişdi. Azərbaycana getdi, amma buraxmadılar. Oradan da deportasiya olunub. İndi Rusiya tərəfi də onun vətəndaşlığını ləğv edib. Evinə gəlib bildiriblər ki, vətəndaşlığı əlindən alınıb".
M.Mehdiyev ümumilikdə, Voronejdə diasporla bağlı vəziyyətin sakit olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya mətbuatı xüsusi təyinatlı polis dəstəsi-SOBR-un Voronejdəki azərbaycanlılara qarşı əməliyyat keçirdiyi haqqında məlumat yayıb. Əməliyyatın videosundan məlum olur ki, bir neçə həmyerlimiz xüsusi təyinatlı polis dəstəsi tərəfindən üzü üstə yerə yıxılıb. Saxlanılanlardan birinin Zahidov Niyaz Əzim oğlu olduğu bildirilib.