Azərbaycanda narkotik ticarətinin arxasında hansı məmurlar dayanır? – ONLAR PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXIRLAR... + AUDİO / YENİLƏNİB

Bu gün narkobiznesdən gələn pullar sabah ölkədə bir çox arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər...

I YAZI

Azərbaycanda 2 ildən artıqdır ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə gedir. Demək olar ki, bütün müvafiq qurumlar narkotik ticarətinin qarşısını almaq üçün öz imkanlarını səfərbər ediblər.

Stopnarkotik.az-ın mötəbər qaynaqlardan əldə etdiyi məlumata əsasən, bu məsələdə ən yüksək səviyyədə ortaya iradə qoyulub. Belə ki, Prezident İlham Əliyev ölkədə “narkotik böhranı”nın qarşısını almaq üçün aidiyyəti dövlət strukturlarına ciddi göstərişlər verib. Xüsusilə də, İrandan daxil olan narkotik vasitələrin qarşısını almaq üçün hər bir dövlət qurumuna bütün imkanlarından istifadə etməyi tapşırıb.

Lakin çox təəssüflə qeyd etməliyik ki, ölkə başçısının ciddi tapşırıqlarına və aidiyyəti strukturların ardıcıl tədbirlər həyata keçirməsinə baxmayaraq, Azərbaycanda narkotik ticarətinin və narkomaniyanın kökünü kəsmək mümkün olmur. Hətta əminliklə deyə bilərik ki, bu sahədə vəziyyət günbəgün daha da ağırlaşır. Maraqlıdır, belə olduğu təqdirdə, biz, dövlət olaraq, harada yanlışlığa yol veririk?

Əlbəttə, 44 günlük Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı “narkotik savaşı” apardığı kimsəyə sirr deyil. Yəni demək olar ki, hər gün İrandakı hansısa narkobarona xidmət edən onlarla vətəndaşımızın polis tərəfindən saxlanıldığı, yaxud zaman-zaman ölkəmizə narkotik keçirməyə cəhd edən şəxslərin sərhəddə ələ keçdiyi haqda xəbərlər oxumaqdayıq. Məsələn, Stopnarkotik.az saytının aylıq hesabatına əsasən, təkcə iyun ayında DSX İrandan ölkəmizə 6 fakt üzrə narkotik vasitələrin daxil olmasının qarşısını alıb. May ayında bundan bir qədər də çox olub. Eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən də ay ərzində 1-2 fakt aşkarlandığı bəllidir. Belə olduğu halda, biz molla rejiminin Azərbaycana elan etdiyi “narkotik savaşı”na qarşı mübarizədə harada boşluqlara yol veririk ki, iranlı narkobaronlar və onların ələ aldığı vətəndaşlarımız hələ də ölkədə “ağ ölüm” saçırlar”?!

Sözsüz, indi Azərbaycanda narkotik probleminin səbəbləri ilə bağlı küçə və meydanlarda sorğu aparsaq, respondentlərin böyük əksəriyyəti bu işin arxasında məmurların dayandığını deyəcək. Təsadüfi deyil ki, tez-tez sosial şəbəkələrdə də bu cür fikirlər səsləndirilir və ayrı-ayrı məmurlar ittiham hədəfinə çevrilir. Fərqi yoxdur ki, həmin məmurlar hazırda vəzifə başındadır, yoxsa adları “sabiqlər” siyahısında  çəkilir. Əsas odur ki, onlar hələ də ölkədəki proseslərə təsir etmək gücündədirlər.

Bəllidir ki, narkotik böyük pul mənbəyidir. Görünür, narkotik şəbəkəsinə rəhbərlik edən məmurlar da öz bizneslərini məhz pulun gücünə idarə edirlər. Şübhə yoxdur ki, onlar yüksək vəzifələrdə çalışan hansısa şəxsləri də böyük vəsaitlərin qarşılığında özlərinə ortaq edib, yaxud da bu və ya digər şəkildə onlarla “anlaşa” biliblər.

Nəyə görə burada “böyük vəsaitlər”dən söhbət getdiyini iddia edirik? Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda narkotik ticarətinə qarşı mübarizənin başında Prezident dayanır və məhz onun tapşırığı əsasında cəmiyyətimizi bu böhrandan çıxarmaq istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Lakin, görünür, narkotik ticarəti hansısa məmurlara külli miqdarda vəsait qazandırdığından, onlar öz nəfslərini saxlaya bilmir, hətta ölkə başçısının tapşırığına qarşı getməyə belə, özlərində cəsarət tapırlar. Bu zaman isə bir şeyi unudurlar ki, gec-tez onlar da öz qanunsuz əməllərinə görə qanun qarşısında cavab verəcəklər...

Burada diqqətçəkən daha bir məqam da var. Qeyd etdiyimiz kimi, narkotik ticarəti onun başında duranlara böyük vəsaitlər qazandırır. Deməli, bu gün həmin ticarətlə məşğul olan istər hazırda vəzifədə olan, istər də keçmiş məmurların əlində külli miqdarda pullar cəmləşib. Bir halda ki, bu gün həmin şəxslər Prezidentə qarşı çıxırlar, deməli, sabah həmin pullar ölkədə bir çox arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Hər halda, müvafiq qurumlar bu barədə ciddi düşünməlidirlər. Bu gün narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə prioritet olan məsələlərdən biri də o olmalıdır ki, ölkədəki narkotik dövriyyəsinin arxasında hansı məmurlar var?! Bir halda ki, Prezident ortaya iradə qoyub, gənclərimizi bu bəladan xilas etmək üçün göstəriş verib, bəs kimlər onun iradəsinə qarşı çıxır?!

Stopnarkotik.az