Elmar Çiqniyev: “Reabilitasiyanın nə olduğunu bilməyən insan prosesə necə nəzarət edə bilər?”
Cəmiyyətimizin və dövlətimizin düçar olduğu narkomaniya bəlası ölkə miqyasında öz mənfi rolunu oynamaqdadır. Bu, həm maliyyə, həm insan resursları baxımından özünü göstərir. Bu bəladan çıxış yolunu da cəmiyyət və dövlət olaraq axtarırıq. Şübhəsiz, problemin həll yolunu tapmaqda bu işə dərindən bələd olan şəxslərin, mütəxəssislərin yanaşmasına daha çox ehtiyac var. Məhz bu səbəbdən, Stopnarkotik.az-ın əməkdaşı narkomaniya üzrə ekspert Elmar Çiqniyevlə söhbətləşib.
- Sizcə, Azərbaycanda narkomaniyaya maraq hansı səbəbdən artıb? Bu, ölkədə narkotikin asan əldə olunması ilə bağlıdır, yoxsa başqa səbəblər var?
- Bunun çox səbəbləri var. Narkotikin asan əldə olunması da böyük bir səbəbdir, hansı ki, on il bundan əvvəl 14-15 yaşlı yeniyetmə narkotik əldə etmək üçün bu qəbildən olan insanları tapmağa, dost olmağa məcbur idi. Yəni həmin sahəyə aid olan insanlarla zəncirvari əlaqə yaratmağa vadar olurdu. İndi isə narkotiki əldə etmək üçün internet saytlar var ki, orada narkotiklərin çeşidləri, qiymətləri, onu satanların nömrələri var. Alıcı “Whatsapp” nömrəsi ilə onlarla əlaqə yarada bilir.
Təbii ki, dövlət bununla mübarizə aparır. Çox sayda insan həbs olunur. Amma yenə də bu sistem elə qurulub ki, onunla bacarmaq çətindir. Qeyd edim ki, bu sistem xaricdə qurulub. Narkotikləri haradasa gizlədirlər, 13-14 yaşlı uşaq rahat həmin saytdan narkotik tapır, pul köçürür, ona ünvan deyilir, narkotikin yerləşdiyi məkanın şəklini göndərirlər, uşaq da gedir narkotiki tapır, əldə edir.
Bundan başqa narkotikin, alkoqolun və s. ziyanlı vərdişlərin təbliğatı internetdə, filmlərdə çox güclü gedir.
Digər bir səbəb şəxsiyyət pozğunluğu ilə də əlaqədardır. Məsələn, 10-11 yaşlarında elə uşaqlar var ki, o yaşdan kriminala meyllidirlər...
-Sizcə, bu meyl nədən qaynaqlanır?
-Mənim fikrimcə, bu tərbiyədən qaynaqlanır.
-Ailə tərbiyəsindən...
-Bəli, amma burada qaynaq sırf ailə tərbiyəsi də olmaya bilər. Amma bu tərbiyənin qaynağı dayıoğlu, əmioğlu, məhəllədəki mühit, qonşular da ola bilir. Məsələn, uşaq məhəlləyə çıxır, 10-15 yaş böyük uşaqlar onu öyrətməyə başlayırlar. Məsələn, videolarda görmüşəm ki, 5-6 yaşlı uşaqların əlinə siqaret verib deyirlər ki, bunu dodağına qoy, şəklini çəkim. Mən buna “tərbiyə” kimi baxıram. 4-5 yaşında uşağa söyüş söyməyi öyrədirlər. Uşağa deyirlər, "bir əmini söy". Bu da “tərbiyə”dir. Belə “tərbiyə”ni ola bilər ki, ata verməsin, ana verməsin. Ata-ana təbii ki, uşağa yaxşı tərbiyə verir. Amma o uşağın inkişafında təkcə ata-ana rol oynamır axı. Əmioğlu, dayıoğlu, dayı, əmi, nənə, baba, bacı, məhəllədə olan qonşular, kirayənişin - bunların hamısı rol oynayır. Bu amillər hamısı böyük bir təbliğatdır.
- Ölkədə narkomaniya və narkotiklərə qarşı mübarizəni yetərli hesab edirsinizmi? Sizcə, mübarizənin daha effektiv olması üçün əlavə hansı metodlardan istifadə olunmalıdır?
- Effektiv mübarizə üçün hərtərəfli yanaşma olmalıdır. Hüquq-mühafizə orqanlarının işçiləri mübarizə aparırlar. Bundan başqa, müalicə prosesində də düzgün yanaşma olmalıdır. Belə deyək, bir narkoman narkotikin istifadəsinə davam edirsə, burada bir ehtimal da var ki, o gedib başqa insanları da bu problemlə tanış edə bilər. Misal üçün, 20 yaşında bir narkomanı götürək. Tutaq ki, onun qarşısına narkotikə meyli olan başqa bir uşaq çıxır. Ola bilməz ki, narkotikə meyli olmayan insanı kimsə zorla bu yola salsın. Meyli olan şəxs gedib buna uyğun adamlar, narkotiklərlə məşğul olan insanlar tapır. Narkotiklərdən aktiv istifadə edən asılı şəxsin başqasını da bu problemə salmaq ehtimalı var. Amma sağalan şəxsin də bu problemdən əziyyət çəkənləri özünə tərəf çəkmək ehtimalı var. Ona görə, bu problemdən qurtulan, narkotik asılılığından sağalan insan nə qədər çox olsa, bu probelmlə üzləşən insanların xilas şansı da çoxdur.
- Son vaxtlar narkomanların müalicəsi üçün açılmış reabilitasiya mərkəzlərinin sayı artmaqdadır. Nəzərə almaq lazımdır ki, ölkədə bu sahədə ixtisaslaşmış dövlət müəssisələri də var. O halda, müstəqil reabilitasiya mərkəzlərinin fəaliyyətinə ehtiyac nədən qaynaqlanır: dövlət müəssisələrində işin qənaətbəxş olmamasından, yoxsa narkomanların sayının sürətlə artmasından?
- Dövlət tərəfindən müalicə çox vacibdir. Amma bu, tam müalicə deyil. Maştağada və digər dövlət müəssisələrində çalışan narkoloq-həkimlərin işi bu müalicədə birinci addımdır, hansı ki, həmin xəstənin ağrıları olur, dərmanlarla, antidepresantlarla həmin insanı ağrı vəziyyətindən çıxarırlar. Amma müstəqil reabilitasiya mərkəzləri müalicə prosesini tam davam etdirirlər. Fikrimcə, əsl, tam müalicə budur. Amma bu mərkəzlərin artmasının səbəbi, mənim şəxsi qənaətimə görə, bu işə qazanc yeri kimi baxılmasıdır. İnsanlar müstəqil reabilitasiya mərkəzlərinin missiyasına qismən düzgün yanaşmırlar. Məsələn, narkotik asılılığından qurtulmuş müəyyən bir şəxs 5-6 ay heç bir şey istifadə etmir, "mən özüm də bir təcrübəyəm" deyə düşünür, başqa yerdən də pul qazana bilmir. Bir reabilitasiya mərkəzi açır, amma əslində bu terapiyada bacarığı yoxdur. Çoxalmanın səbəbi budur. Əslində, bütün Azərbaycana 3-4 reabilitasiya mərkəzi yetərlidir. Öndə gedən bir neçə reabilitasiya mərkəzi olsun, onlar da öz filiallarını açsınlar. Bu filiallarda həmin mərkəzlərdə müalicə alan məsləhətçilər olsun. Hansılar ki, bu işi davamlı olaraq görsünlər. Amma reabilitasiya mərkəzlərinin sayının həddən çox artması, əslində, çox pisdir.
- Hesab edirsiniz ki, reabilitasiya mərkəzlərinin sayının artması onların hamısının işinin yüksək səviyyədə olmamasından qaynaqlanır...
- Bəli, nəinki qaynaqlanır, işləri qənaətbəxş olmayan mərkəzlər düzgün işləyən mərkəzlərin işinə maneə törədirlər, onlarla rəqabət aparırlar. Məsələn, tutaq ki, işini düzgün quran bir mərkəz var. Onun fəaliyyət göstərməsi üçün adambaşına maddi təlabatı 1300 manatdır...
- Deməli, çox mərkəzlər bu işə bazar, qazanc mənbəyi kimi baxırlar.
-Bəli, həqiqətən bu qədər çox sayda mərkəzlərin məqsədi narkomanlara kömək etmək olsaydı, narkomaniya çoxalmaqdansa, azalardı. Çalışma tərzini düzgün qurmayan mərkəzlər işini düzgün quranlarla rəqabət aparıqlarına görə, effektiv fəaliyyət göstərən mərkəzlər sıxışdırılır və onların işi kölgədə qalır. Fəaliyyəti qeyri-effektiv olan mərkəzlər reklama üstünlük verir, müalicə etdiyi xəstələri sonrakı müalicə prosesi üçün bu mərkəzlərə yönəltməsi üçün narkoloq-həkimlərə pul verirlər. Həkimlərin də burada maddi maraqları olduğu üçün pasiyentləri oraya istiqamətləndirirlər. Nəticədə effektiv çalışan mərkəzlər bağlanmağa məcbur qalır.
- Bu metod mənə dərman biznesini xatırlatdı. Burada həkimlərlə apteklərin əməkdaşlığına bənzərlik var. Yəni elə həkimlərin xəstələrin reseptinə bahalı firma dərmanlarını yazması da bu qəbildəndir.
- Nəinki Azərbaycanda, dünyada səhiyyə biznesə çevrilib. Bu çox faciəli durumdur. Həkimə müraciət edəndə həkim xəstənin sağalmağındansa, o xəstəyə qazanc mənbəyi kim baxır. Bu məqam da problemin həllindənsə, o problemin daha da ağırlaşmasına, çıxılmaz hala gəlməsinə səbəb olur. Məsələn, hansı valideynin ki reabilitasiya üçün imkanı var, o, övladını həmin mərkəzlərə yerləşdirir. Amma valideyn bildirir ki, övladım yenə narkotiklərə qayıdıb, həmin mərkəzə getmədi. Soruşmuşam ki, niyə övladınız o mərkəzə getməkdən imtina edir? O insan ki, bir dəfə reabilitasiya prosesini keçib, o, narkotiklərə qayıdandan sonra yenə reabilitasiya mərkəzinə getməlidir. Əgər o mərkəzin işi effektiv olubsa. Həmin şəxs mənə yerləşdirildiyi reabilitasiya mərkəzində nə baş verdiyini danışandan sonra, mən özüm də o şəxsin yerinə olsaydım, düşünərdim ki, gərək “reabilitasiya” sözünü ehtiyatla deyəsən. Çox insanlar bu cür reabilitasiya mərkəzləri görüblər, başqa mərkəzləri də həmin mərkəzlərə aid edirlər. Ən qorxulusu odur ki, həmin aludəçi fayda görmədiyi reabilitasiya mərkəzindən çıxandan sonra sağalmaq şansı azalır. Yəni sağalma prosesi üçün doğru unvanı tapmağa şansı azalır. O mərkəz olmasaydı, həmin durum yaşanmasaydı, mən onu müalicənin doğru ünvanına yönəldə bilərdim. Həmin xəstə üçün “reabilitasiya” sözü o anlama gəlir ki, məni döyəcəklər, söyəcəklər, pulumuzu əlimizdən alacaqlar, çıxandan sonra da deyəcəklər ki, yenə narkotik istifadə etsən, gələrsən. Bu hal yaşanandan sonra heç bir insan reabilitasiyaya getmək istəməz.
- Necə düşünürsünüz, bu mərkəzlərin fəaliyyətini hansısa standartlara görə tənzimləmək lazımdırmı? Və yaxud tənzimləmə prosesi necə olmalıdır, dövlət birbaşa müdaxilə etməlidir, yaxud hansısa qurum nəzarət etməlidir?
- Tənzimləməyə bu işi yaxşı bilənlər, təcrübəsi olanlar rəhbərlik etməlidir. Reabilitasiyanın nə olduğunu bilməyən insan prosesə necə nəzarət edə bilər? Bu işə dərindən bələd olan mütəxəssislər nəzarət etməlidir. Götürək Səhiyyə Nazirliyinin, yaxud hüquq-mühafizə orqanlarının əməkdaşlarını. Belə nəzarət effekt verməyəcək.
-Amma hansı şəkildəsə nəzarət prosesi olmalıdır.
-Bəli.
- Sirr deyil ki, narkotik asılılığından əziyyət çəkən insanların müəyyən hissəsi aztəminatlı təbəqəyə aiddir. Bu səbəbdən, belə şəxslər reabilitasiya mərkəzlərində 1000-2000 manat məbləğ ödəyərək müalicə almaq iqtidarında deyillər. Sizcə, bu məsələ necə həllini tapmalıdır?
- Mənim əvvəl çalışdığım reabilitasiya mərkəzində həmişə bir nəfər pulsuz müalicə alırdı. Son zamanlara kimi orada həqiqətən müalicə almaq istəyən şəxs var idi və onun pulunu biz şəxsən öz büdcəmizdən ödəyirdik. Yəni onu qidalanmasını, vergisini və s. Ümumiyyətlə, mənim tanıdığım bir mərkəz var, onlarda bu iş belə həll olunur - 1500 manat məbləğində və 1200 manat məbləğində. 1500 manat məbləğində olan yeməklər bir az bahalı menyuya aid olur. 1500 manatlıq menyuda düyü olur, 1200 manatlıqda qarabaşaq olur. Həmçinin, bu işə sponsorlar ayrılsa, dövlət də bu işə dəstək olsa, yaxşı olar. Çünki sağalmış hər bir asılı şəxsin sabah cəmiyyətə yaxşı bir faydası ola bilər. O, öz təcrübəsi ilə gəlib başqa bir asılı şəxsi bu yoldan qaytara bilər. Həmn mərkəzdə çalışa bilər. Amma bu insana nəzər yetirmək lazımdır ki, o, könüllü olaraq xilas olmaq istəsin. Bəzən valideyn özü müraciət edir ki, mənim övladıma kömək edin, amma aludəçi şəxs özü istəmir. Baxmaq lazımdır ki, bu asılı şəxsə xilas olması üçün vəsait və güc sərf etməyə dəyər, ya yox. Hər adamı bu kateqoriyaya aid etmək olmaz. Şəxs özü könüllü xilasa can atmalıdır.
- Müstəqil reabilitasiya mərkəzlərinin işinə kömək etmək üçün dövlət qrantlar, yaxud ianələr şəklində onlara maddi dəstək verməlidirmi?
-Məncə, bu, yaxşı olar. Amma əsas sual odur ki, hansı mərkəzlərə. Əgər mərkəzlər həddən çox artıbsa onların işi yoxlamadan keçirilməldiir. Baxılmalıdır ki, o mərkəz işini necə qurub, necə iş görür. Yaxşı olar ki, buna mütəxəssislər nəzarət etsin. Dəstək olsa, əla olardı.
- Ölkədə onlarla reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsinə baxmayaraq, narkomanların sayında ciddi artım var. Çıxış yolu nədir? Dövlət nə etməlidir?
- Dövlər sağalan insanlara kömək etməklə bu prosesin qarşısını ala bilər. Əslində, dərinə getsək, insan narkotik istifadə etmirsə, bu, o demək deyil ki, sağalıb. Bir neçə il narkotik istifadə etməyən şəxsə dövlət dəstək olmalıdır. Məsələn, insan bir ildir ki, narkotik istifadə etmir, evində oturub, nə işi, nə müsbət məşğuliyyəti, heç bir inkişaf yoxdur. Bu qəbildən olan şəxslərə heç bir dəstək olmayanda həmin insan düşünür ki, budurmu sağalmaq, bundansa dərdsiz-qəmsiz yaşayırdım, özüm üçün rahatlıq tapmışdım, yenə həmin rahatlığa qayıdım. O adam ayıqlıq dönəmində inkişaf etməlidir. Asılı şəxs mütləq inkişafda olmalıdır, o, dayansa əvvəlki yaşamına geri dönəcək.
- Dövlət belə şəxslərə necə dəstək olmalıdır: işlə təmin etməklə, yaxud başqa məşquliyyət sahələri yaratmaqla? Təklifiniz nədir?
- Ümumiyyətlə, dəstək müalicə prosesində olmalıdır. Çünki mərkəzlərdə sağalan asılı şəxslər var ki, onlar bir məqama qədər tab gətirirlər. Məsələn, Ukraynada dövlət necə dəstək olurdu - sağalan insanlar üçün düşərgələr ayırırdı, ildə 3 dəfə bütün reabilitasiya mərkəzlərindən oraya insanlar gəlirdi, orada idman yarışları, maraqlı konsertlər keçirilirdi. Yetərlidir ki, ildə 3 dəfə belə yığıncaqlar olsun, bunun təşkili də çətin deyil. Lazım gəlsə bu tədbirlərin təşkili ilə məşğul ola bilərik. Burada söhbət ondan gedir ki, ayıq cəmiyyət quraq. Mən narkotik istifadə etməyənləri “ayıq cəmiyyət” hesab etmirəm, ayıq cəmiyyət odur ki, onlar narkotk istifadə ediblər, sonra bu problemdən qurtulub xilas olublar. Ayıq cəmiyyət də qurmaq asan deyil. Məsələn, anonim narkomanlar qrupu var, onlar asılılıqdan xilas olmağa çalışırlar, həmin insanların toplandığı yerlərə polislər gəlir, o insanlar həmin yerlərdən çıxanda onları polis bölməsinə aparırlar. Bu, dəstək deyil. Həmin insanlar bir də həmin yerlərə gəlməzlər, onlar bu yerə qurtulmaq üçün gəlirlər. Əslində, reabilitasiya mərkəzlərinə də lisenziya lazım deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərkəzə gəlib deyirlər ki, sizin çalışmağınız üçün lisenziya lazımdır. Amma bu mərkəzlərdə dərman preparatları ilə müalicə etmirlər, müalicə psixoloji əsasla aparılır. Ola bilsin ki, bu problemin həllini narkotik satanları tutmaqda görsünlər, amma bu, həll yolu deyil. Məsələyə fərqli mövqedən baxmaq lazımdır. Tutaq ki, kiməsə bunu həll etmək lazımdırsa, məndən soruşsa, izah edərəm ki, məsələyə hansı bucaqdan baxmaq lazımdır. Yanaşma dəyişsə problemi kökündən həll etmək olar.
- Sizcə, reablitasiya mərkəzlərində müalicə alan narkomanların təxminən neçə faizi asılılıqdan qurtulub, normal həyata qayıda bilir?
- 100 nəfərdən 10 nəfər.
- Demək, o insanları işlə təmin etmək elə də çətin olmaz. Yəni o qədər də çox iş yeri lazım deyil ki, asılılıqdan qurtulmuş insanlar işlə, məşğullula təmin olunsun, boş qalmasın...
- Ayıq cəmiyyət yaratdıqda hər bir insana iş tapılacaq. Müalicəni bitirənlər üçün zavod, fabrik açmaq lazım deyil. Onların işi reabilitasiya mərkəzində rəhbər, işçi, düşərgələrin təşkilatçılığı ilə məşğul əməkdaşlar, ailələrlə işləyən işçilər qismində olacaq. Bu addımlar atılsa, ayıq şəxslərin hamısı üçün iş təşkil etmək olar.
- Bəs, dediyiniz ayıq cəmiyyəti necə görürsünüz? Narkomanlara münasibət dəyişməlidirmi?
-Belə deyim, narkotik istifadə edən narkoman var və uzun müddət narkotik istifadə etməyən ayıq şəxs var. Həmin ayıq şəxsə münasibət dəyişir. Valideyinlərin ona münasibəti dəyişir. Dostların münasibəti dəyişir. Asılı şəxs özü dəyişdikdə ona yanaşma da dəyişir. Məsələn, Ukraynada küçədə gedərkən divarlarda narkotik satan saytların adı var. Bəzi adamlar var ki, küçələrə narkotik satan saytların adını rəng balonu ilə yazması üçün onlara pul köçürürlər. Ayıq cəmiyyətin könüllüləri isə günaşırı digər rəng balonu ilə həmin küçələrə gedib, həmin saytların üstünü örtmək üçün rəngləyirlər. Ayıq cəmiyyətin rəssamları həmin narkotik saytlarının üzərinə gözəl rəsmlər çəkirlər. Həmçinin, ayıq cəmiyyətin könüllüləri ətraf mühitə, küçələrə atılan zibilləri yığışdırırlar. Bunu könüllü edirlər. 10 il narkotik aludəçiliyi olan, asılılıqdan qurtulmuş insanın cəmiyyətə çox faydası ola bilər. Bu insanlar qocalar evini ziyarət edib yardım edə, həmin yaşlıları şəhərdə gəzməyə apara bilərlər. Sağlamlıq baxımından qüsurlu insanlara yardımçı ola bilərlər. Onların cəmiyyətə çox faydası dəyə bilər.
Stopnarkotik.az
Qeyd: Özünün razılığı əsasında narkomaniya üzrə ekspert Elmar Çiqniyevin telefon nömrəsini qeyd edirik, maraqlananlar əlaqə saxlaya bilərlər: +994 70 706 96 26