Rusiya Prezidenti Vladimir Putin 2036-cı ilədək dövlətin milli siyasətinin yeni strategiyasını təsdiqləyib.
Rusiya mətbuatı xəbər verir ki, strategiya altı bölmə və 61 bənddən ibarətdir, prezidentin müvafiq fərmanı ilə birlikdə dərc edilib.
Sənəddə rus xalqının "dövlət formalaşdıran" rolunun gücləndirilməsinə xüsusi yer ayrılıb. Rus mədəniyyəti və ənənələrinin təbliği ilə bağlı tədbirlərin sayının bütün oxşar tədbirlərin azı 50 faizini təşkil etməsinin vacibliyi vurğulanır. Konsepsiyada rus dilinin və mədəniyyətinin xaricdə təşviqi, həmçinin rusofobiya, eləcə də ksenofobiya və neonasizmlə mübarizənin zəruriliyi qeyd olunur.
"Novaya Gazeta Europe" sənəddə yer alan hədəf göstəricilərdən yazıb. Bildirilir ki, 2036-cı ilədək rusiyalıların 95 faizi "vətəndaş özünüdərki"ni nümayiş etdirməyə başlamalıdır. Rəsmi şəxslərə tapşırılır ki, əhalinin milli münasibətləri müsbət qiymətləndirən hissəsi 85 faizə yüksəlsin. Milli zəmində ciddi qarşıdurmaların yarana biləcəyini istisna etməyənlərin sayı isə 15 faizdən çox olmamalıdır. Konsepsiyaya görə, Ukraynanın işğal olunmuş ərazilərində yaşayanlar ümumrusiya tədbirlərində iştirak etməli, həmin ərazilərdə bu tədbirlər azı 2.5 milyon nəfəri əhatə etməlidir.
Putin hökumətə tapşırıb ki, xarici dövlətlərin sakinlərində Rusiyaya "demokratik, federativ, hüquqi dövlət" münasibəti formalaşdırılsın. Bu dövlətin insan hüquq və azadlıqlarının bərabərliyinin cinsindən, irqindən, milliyyətindən, dilindən asılı olmayaraq təmin olunduğu vurğulanır.
Putin xaricdə rus dilinin və mədəniyyətinin təşviqinə də xüsusi diqqət ayırır. Bu ilin iyulunda yayılan xəbərlərə görə, Rusiya İctimai Rəyi Araşdırma Mərkəzi (VTsIOM) Xarici İşlər Nazirliyinin (XİN) sifarişi ilə xaricdə, özəlliklə Azərbaycanda rus dilinin necə təbliğ olunduğunu öyrənmək üçün sosioloji tədqiqat aparmalı idi. VTsIOM-un bu məqsədlə 34.8 milyon rublluq (443 min ABŞ dolları) tenderi udduğu bildirilirdi./azpolitika