Rusiya Prezidenti Vladimir Putinlə ABŞ emissarları Stiven Uitkoff və Cared Kuşner arasında Moskvada keçirilən görüş 5 saat davam edib. Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial şəbəkəsində görüşü “məhsuldar” adlandırıb.
Danışıqlarda Rusiyanın Ukrayna ilə müharibəni dayandırmasına dair ABŞ-nin hazırladığı yeni sülh planı müzakirə olunub. Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, hələlik kompromis variantı yoxdur: Amerikanın bəzi təklifləri Moskva üçün qəbulediləndir, bəzi müddəalar isə Rusiyaya uyğun deyil, ABŞ planının konkret formulları danışıq masasına çıxarılmayıb.
Bununla belə, Uşakovun sözlərinə görə, “ərazi məsələsi müzakirə olunub”.
Görüşdən əvvəl Putin VTB İnvestisiya Forumunda çıxışı zamanı Kiyevin Qara dənizdə Rusiya tankerlərinə hücumlarına cavab olaraq Ukrayna limanlarına və həmin limanlara daxil olan gəmilərə zərbələrin genişləndirilə biləcəyini bildirib. O həmçinin “Ukraynanı dənizdən tamamilə təcrid etmək” hədəsini səsləndirib.
Eyni tədbirdə Putin Donetsk vilayətinin Pokrovsk şəhərinin tam nəzarətə götürüldüyünü iddia edib. Ukrayna Baş Qərargahı bunu qəti şəkildə təkzib edir.
Putin çıxışında Avropanı da sərt tənqid edib. Onun sözlərinə görə, Avropa ölkələri Donald Tramp tərəfindən irəli sürülmüş ilkin sülh planına Rusiyanın qəbul etməyəcəyi dəyişikliklər əlavə etməyə cəhd göstərir və bu, “bütün sülh prosesini bloklamağa yönəlib”.
ABŞ-nin ilk təqdim etdiyi 28 bəndlik planın “Rusiya təklifləri və Ukraynanın bir sıra ideyaları əsasında” hazırlanması bildirilirdi. Sənəd Ukrayna üçün ciddi güzəştlər nəzərdə tuturdu. Moskva planı müsbət qarşılamışdı, lakin Kiyev, Brüssel və Vaşinqtondan ciddi tənqid gəldikdən sonra layihə yenidən işlənib.
Planın yeni variantının məhz bu görüşdə - Putinlə Uitkoff və Kuşner arasında müzakirə edildiyi qeyd olunur./azpolitika.info