Həmcinslərini fahişəliyə cəlb edən qadın məhkəmə zalında qandallandı

Nərimanov Rayon Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən Fatimə Əsədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbs olunub.

Qeyd: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan məlum olur ki, o, müxtəlif vaxtlarda bir neçə qadını pul müqabilində kişi müştərilərlə cinsi əlaqəyə cəlb edərək bu fəaliyyətdən maddi gəlir əldə edib.

İttihama əsasən, Fatimə Əsədova ilk olaraq 2022-ci ilin iyun ayının əvvəllərində paytaxtın Nərimanov rayonu ərazisində yaşayan zərərçəkmiş M.M. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayıb. O, zərərçəkmiş şəxsi tanışı olan kişi müştərilərlə pul müqabilində görüşdürərək cinsi əlaqədə olmağa razı salıb. Razılaşmaya əsasən, hər görüş üçün 500 manat ödəniş müəyyən edilib, bunun 200 manatı isə təqsirləndirilən şəxs tərəfindən mənimsənilib. Bu sxem üzrə 2022-ci ilin iyun ayından 2024-cü ilin dekabr ayının əvvəllərinədək olan müddətdə M.M. təxminən 10 dəfə Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif otellərdə kişi müştərilərlə görüşdürülüb.

Bundan başqa, Fatimə Əsədova 2023-cü ilin fevral ayında digər zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə oxşar qaydada razılıq əldə edib. O, həmin şəxsi də 500 manat qarşılığında kişi müştərilərlə görüşməyə razı salıb və hər görüşdən 200 manat götürüb. Bu fəaliyyət 2023-cü ilin fevral ayının ortalarından 2024-cü ilin fevral ayının əvvəllərinədək davam edib və zərərçəkmiş şəxs təxminən 4-5 dəfə müxtəlif şəxslərlə görüşdürülüb.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs eyni əməlləri 2024-cü ilin iyun ayından etibarən üçüncü zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) qarşı da törədib. Belə ki, zərərçəkmiş R.R. (adı, soyadı şərtidir) də eyni sxem üzrə kişi müştərilərlə görüşdürülüb. 2024-cü ilin iyun ayından oktyabr ayının əvvəllərinədək olan müddətdə bu şəxs təxminən 15 dəfə müxtəlif şəxslərlə görüşə yönləndirilib və bu prosesdən əldə olunan gəlirin bir hissəsi Fatimə Əsədova tərəfindən götürülüb.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs bildirib ki, əvvəllər masajist kimi fəaliyyət göstərib və maddi çətinliklər səbəbindən bu işə yönəlib. Onun sözlərinə görə, tanıdığı kişi müştərilərdən gələn müraciətlər əsasında mobil telefonunda olan qadınların şəkillərini “Whatsapp” vasitəsilə göndərib, seçim edildikdən sonra isə həmin xanımlarla əlaqə saxlayaraq onları müştərilərlə görüşdürüb. Qadınlar əldə etdikləri məbləğdən müəyyən hissəni ona veriblər.

Fatimə Əsədova qeyd edib ki, bu fəaliyyəti təkbaşına həyata keçirib, müştərilərdən birbaşa pul almayıb, yalnız qadınlardan pay götürüb. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib./pravda.az