Son illərdə İrandakı molla rejimi Azərbaycan üzərindən Avropaya narkotik daşımaqla yanaşı, daxili bazara da külli miqdarda narkotik vasitələr ötürmək cəhdlərindən əl çəkmir. Məsələn, noyabr ayını 15-də Astara Gömrük İdarəsində Estoniyaya gedəcək 90 milyon ABŞ dollarından artıq dəyəri olan heroin ələ keçirildi. 28 noyabrda isə ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəmizin gömrük işçilərinə narkotik vasitələri aşkar etməyə imkan verən texnika təqdim edildiyini bildirdi. Bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edildi.
Dünən, dekabrın 3-də isə İranın Azərbaycandakı səfirliyi ABŞ-ın Bakı səfirliyinə ünvanlanmış bəyanat verdi ki, ABŞ-ın xüsusi avadanlıqları vurğulayan reklam kampaniyaları reallığı gizlədə bilməyəcək. Səfirlik iddia etdi ki, ABŞ və müttəfiqləri Əfqanıstanda 20 ildən artıq müddətdə narkotik istehsalını və qaçaqmalçılığı artırmaqda mühüm rol oynayıb.
Səfirliyin dövlətin rəsmi təmsilçisi olduğunu nəzərə alsaq, İranın bu bəyanatı nə anlama gəlir? Axı, Azərbaycana gələn və tranzit keçən narkotkin 90 %-nin məhz İran mənşəli olduğu məlumdur.
Yeri gəlmişkən, noyabrın 20-də isə İrandan PUA vasitəsilə 33 kiloqram narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı. Həmin vaxt politoloq Elxan Şahinoğlu hadisəyə münasibətini “İranda narkotik daşımaçılığı ilə məşğul olanlar bu qədər dronu necə əldə ediblər? İranda kustar üsulla dron hazırlamaq bu qədərmi asandır, yoxsa əhatə dairəsi geniş olan narkokuryerlər dövlətin istehsal etdiyi dronlardan yararlanırlar”, – kimi suallarla ifadə etdi.
Məsələni Stopnarkotik.az-a şərh edən politoloq bildirir ki, Azərbaycanın qonşu dövlətlərlə quru sərhədləri bağlı olsa da, cənub istiqamətindən - İrandan narkotik daşınması hələ də davam edir:
“Müxtəlif üsullardan istifadə edirlər. İndi də müasir texnologiyalardan istifadə edərək narkotiki dronlarla keçirməyə çalışırlar. Bunun özü də ciddi suallar doğurur. Çünki dornları İranda kustar üsulla hazırlanması mümkün deyil. Dronlar dövlət müəssisələrində hazırlanır. Bu işin içində hansısa iranlı hərbçilər varmı? Bu çox ciddi sualdır, araşdırılması vacibdir.
ABŞ səfirliyinin bəyanatı da ciddidir. Astara gömrük keçid məntəqəsindən 90 milyon dollar həcmində narkotik maddə keçirilməyə çalışılıb və onu Avropa dövlətinə, Estoniyaya aparacaqdılar. Yəni İranda narkotik yetişdirilməsinə və daşınmasına görə ölüm hökmü mövcuddur. Bu da ciddi sualdır ki, ölüm hökmü mövcud olan İranda necə olur narkotik yetişdrilməsi, daşınması belə geniş yayılıb. Bu da ciddi araşdırılası mövzudur”.
Gürcüstanda Azərbaycan TIR-larına problem yaradılmasına da münasibət bildirən politoloq deyir ki, Gürcüstana gəldikdə, gömrük məntəqələrində Azərbaycan TIR-larına yaradılan çətinliklər aradan qaldırılmalıdır.
“Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Bizdən asılılığı da var. Əgər strateji tərəfdaşlığı davam etdirmək istəyirsə, bu cür hallara yol verməməlidir. Yüklərin çox rahat şəkildə Gürcüstandan Avropaya daşınmalıdır. Bu məsələ ilə Azərbaycanın Gürcüstandakı səfirliyi də məşğuldur, amma problemlər yenə də davam edərsə, yəqin hökumət səviyyəsində məsələnin aydınlaşdırılmasına ehtiyac yaranacaq”, - deyə politoloq məsələnin həssaslığını vurğulayıb.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az