Vaşinqtonda qvardiyaçılara atəş açmaqda şübhəli bilinən şəxs vaxtilə Əfqanıstanda ABŞ-nin müxtəlif hökumət qurumlarına, o cümlədən kəşfiyyata işləyib.
Bunu "Fox News" telekanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bəyan edib.
"Bayden Administrasiyası şübhəli bilinən hücumçunun ölkəyə gəlişinə onun ABŞ hökuməti, o cümlədən MKİ ilə keçmiş əməkdaşlığına görə icazə verib", - deyə Retkliff bildirib.
Xatırladaq ki, noyabrın 26-da Ağ Evin yaxınlığında atışma baş verib. Naməlum şəxs Milli Qvardiyanın iki xidmətçisinə atəş açıb: "ABC News"un məlumatına görə, söhbət bir kişi və qadından gedir. Onlar xəstəxanaya yerləşdiriliblər.
ABŞ polisi atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Qeyd olunub ki, o, tək fəaliyyət göstərib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Ev yaxınlığında atəş açan şəxsin məqsədinin müəyyən edilmədiyini bildirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp bu hadisəni terror aktı və insanlığa qarşı cinayət adlandırıb.