SSRİ dönəmində Bakının “Papanin” deyilən yaşayış sahəsi narkotik satışı və narkomanları ilə tanınan bir ərazi idi. İlk baxışdan adama elə gəlirdi ki, burada narkotik satışı “açıq bazar”dır və sakinlərin əksəriyyəti narkotik maddə qəbul edir. Həmçinin, Bakının bir sıra kəndləri haqda da eyni fikri söyləmək olardı.
Müstəqilliyimizin ilk illərində isə bəzi cənub rayonlarında narkotik ticarətinin və narkomaniyanın yayılması haqda xəbərlər gəlməyə başladı. Bu da həmin bölgənin İranla həmsərhəd olması ilə əlaqədar idi. Yəni İranla sərhəd açıldıqdan sonra, ölkəmizə ucuz ərzaq məhsulları ilə yanaşı, ucuz narkotiklər də “ayaq açmağa” başladı. Lakin xoşbəxtlikdən digər bölgələrdə, xüsusən də qərb və şimal rayonlarımızda belə bir problem mövcud deyildi. Və kimsənin ağlına gəlməzdi ki, gələcəkdə hansısa ucqar dağ kəndində insanlar narkotik aludəçisinə çevrilə bilər.
Çox təəssüf ki, son vaxtlar həmin dəhşətli mənzərəni yaşamaqdayıq. Belə ki, indi təkcə İranla həmsərhəd ərazilərdə deyil, əksər rayonlarımızda narkotik satışı və narkomaniya sürətlə genişlənməkdədir. Dediklərimizin sübutu olaraq tanınmış bloger Nail Kəmərlinin Ağstafa rayonundan hazırladığı reportajı misal göstərə bilərik. Belə ki, Ağstafada bu sahədə vəziyyət olduqca acınacaqlı hala gəldiyindən, insanlar küçələrə, hasarların üzərinə “Narkotik satan anasını satsın!”, “Narkotik satan evdəkini satsın” və s. kimi şüarlar yazmağa məcbur olub.
Blogerə şikayət edən sakinlər deyirlər ki, Ağstafada narkotik satışı və narkomanların sayı günbəgün çoxalır, insanlar sürətlə bu bəlanın qurbanına çevrilirlər.
Rayondakı ən dəhşətli mənzərə isə uşaqların oynadığı kiçik bir parkın ərazisində - ağacların dibində, sanitar qovşağın içində və ətrafında yüzlərlə istifadə olunmuş tibbi iynənin (şpris) atılması hesab oluna bilər. Hansı ki, bu, Ağstafada narkomaniyanın çox ciddi problemə çevrildiyinin ən bariz nümunəsidir. Üstəlik, sakinlər deyir ki, təkcə həmin yerdə deyil, bir çox ərazilərdə bu cür mənzərə ilə qarşılaşmaq olar.
Maraqlıdır, son illərədək narkotikdən “xəbərsiz” olan Ağstafa rayonunda bu gün insanların kütləvi halda narkomana çevrilməsi nə ilə bağlıdır? Həmçinin, bu rayona külli miqdarda narkotik haradan və hansı yolla daşınır ki, insanlar onu asanlıqla əldə edə bilir?
Nəzərə alsaq ki, Ağstafa ölkəmizin “qərb qapısı” və Gürcüstanla həmsərhəd rayondur, ilk baxışdan narkotikin bu ölkədən daxil olduğunu düşünmək olar. Lakin əldə etdiyimiz informasiyalar bu ehtimalın üzərindən xətt çəkir. Çünki apardığımız araşdırmalara görə, Gürcüstana narkotiklərin böyük hissəsi Avropadan daxil olur ki, onun da qiyməti hər bir vətəndaşın əldə edə bilməyəcəyi səviyyədə bahadır. Digər tərəfdən, Ağstafada satılan narkotiklərin İran mənşəli, yəni ucuz sintetik vasitələr olduğu bildirilir. Deməli, bu halda Ağstafada, eləcə də digər qərb rayonlarımızda satılan narkotiklərin yenə də cənub sərhədimizdən daxil olduğu ehtimalı üzərində dayanmağa məcburuq.
Doğrudur, İranın Ermənistan üzərindən Gürcüstana narkotik vasitələr daşıdığı haqda informasiyalar da mövcuddur. Xüsusilə də Borçalıda yaşayan soydaşlarımız arasında narkomaniyanın məqsədli şəkildə yayıldığı iddia olunur. Lakin Gürcüstanda İran narkotiklərinin “ümumi çəkidə” azlıq təşkil etdiyini nəzərə alsaq, həmin narkotiklərin oradan Ağstafaya daşındığı ehtimalı çox aşağıdır. Həm də Gürcüstandan Ağstafaya narkotik daşınsaydı, burada Avropa mənşəli “məhsullara” da rast gəlinərdi, hansı ki, qərb qonşumuzda bu narkotiklər daha çoxdur.
Bununla belə, heç bir variant tamamilə istisna da olunmamalıdır. Mümkündür ki, Ağstafada ucuz mallara daha çox “təlabat” olduğundan, buraya yalnız həmin narkotiklər gətirilir. Hər halda, bu məsələni müvafiq qurumların araşdırmasına buraxırıq və hesab edirik ki, tezliklə Ağstafaya, eləcə də digər qərb rayonlarına narkotiklərin haradan və hansı yollarla daşındığına aydınlıq gətiriləcək.
Bizim qənaətimiz isə ondan ibarətdir ki, Ağstafada satılan İran mənşəli narkotiklər məhz cənub sərhədimizdən daxil olub. Yəni bu növ narkotik maddələr paytaxt Bakı da daxil olmaqla, əksər böyük şəhərlərə “ayaq açdığı” kimi, Ağstafaya da gedib çatır. Ən maraqlısı isə odur ki, həmin narkotiklər ölkənin bir ucundan digər ucuna, təxminən 500 km məsafəyə necə və hansı yollarla daşınır ki, aidiyyəti qurumların bundan xəbəri olmur?! Hər halda, bu da araşdırılmalı mövzudur...
Stopnarkotik.az
P.S. Mövzunu davam etdirəcəyik.