Narkotik ticarəti və narkomaniyanın genişlənməsi hazırda əksər dövlətlərin ən ciddi problemlərindən biri olsa da, illər öncə də bu mövzu hər zaman aktual olub. Heç də təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) az qala yarandığı gündən bütün dünyanın diqqətini bu mövzuya yönəltməyə çalışıb. Əsasən də Sovetlər Birliyi dağıldıqdan sonra narkotik böhranı bu qurumun hesabatlarında hər zaman “qırmızı hərflərlə” yer alıb. Məsələn, BMT-nin indiki adı ilə Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin (United Nations Office on Drugs and Crime - UNODC) 1990-cı il tarixili hesabatında bir məsələ xüsusilə diqqət çəkir. Söhbət qardaş Türkiyənin beynəlxalq narkotik marşrutunda oynadığı roldan gedir...

Öncə onu qeyd edək ki, Türkiyə hələ 1970-ci illərin ortalarında alkaloid (tərkibində azot olan əsasi xassəli, adətən, bitki mənşəli üzvi maddə - red.) alınması üçün istifadə edilən xaşxaşın qanuni istehsalına şərait yaratmışdı. Bununla belə, sonrakı illər BMT-nin bir çox hesabatlarında Türkiyənin adı narkotik tranzitində aktiv rol alan ölkələrdən biri kimi qeyd olunurdu.

Belə ki, BMT-nin 1990 və 1991-ci illərdə dərc olunan hesabatında qardaş ölkənin narkotik vasitələrin, o cümlədən heroinin Yaxın və Orta Şərqdən Avropaya daşınan quru “Balkan marşrutu”nda aktiv yer almasına diqqət çəkilir. İddia olunur ki, Türkiyənin müvafiq rəsmi dairələri sayı getdikcə artan heroin dolu TIR-ların normal gömrük yoxlamalarından keçmədən Avropa ölkələrinə daşınmasına şərait yaradır. Hesabatda qeyd olunur:
“Müsadirə edilən narkotiklərin üçdə birindən çoxu belə nəqliyyat vasitələri ilə daşınıb və bu, 1989-cu ildə 193 firmanın beynəlxalq daşıma lisenziyasının itirilməsinə gətirib çıxarıb. Həmin il bir tondan çox heroin və demək olar ki, yeddi tona yaxın çətənə qatranı müsadirə edilib və ölkənin şərq sərhədində yeddi müvəqqəti laboratoriya aşkar edilib. Türkiyənin hazırda 13 ölkə ilə protokolları və əməkdaşlıq müqavilələri var”.

BMT-nin 1991-ci ildə yaydığı hesabatda da narkotik marşrutunun Türkiyədən keçməsi xüsusi çizgilərlə qeyd olunur: “Şərq sərhədləri vasitəsilə İran İslam Respublikasına daşınan “opiate” tədarüklərinin daha sonra Türkiyə vasitəsilə Avropaya nəqli davam edir. Bu ərazilərdə narkotiklərlə mübarizə üzrə güclü əməliyyatlar külli miqdarda opiatların ələ keçirilməsi ilə nəticələnib. 1990-cı ildə təxminən üç ton heroin müsadirə edildi. Amma morfin ticarətinin bərpa olunduğu görünür: 1991-ci ilin yanvar və aprel aylarında müvafiq olaraq 2,3 ton və 1,1 ton morfin müsadirə edilmişdir.
İran İslam Respublikasının şərq sərhədinə nəzarət və möhürlənmə planına uyğun olaraq, Əfqanıstanla həmsərhəd ərazilər qadağan zonası elan edilib: 100-dən çox yeni patrul postu yaradılıb, təxminən 1000 kilometr giriş-çıxış yolu tikilib. Hüquq-mühafizə orqanlarının effektiv səyləri nəticəsində qeyri-qanuni bazarda narkotik vasitələrin qiymətlərinin artdığı bildirilir. Narkomanların müalicəsi respublikanın müxtəlif yerlərində yerləşən 17 narkoloji reabilitasiya mərkəzində aparılır”.

Bu hesabatdan göründüyü kimi, İran İslam Respublikası hələ 90-cı illərdə də narkotik ticarətində əsas ölkələrdən biri olub. Bu haqda növbəti yazımızda ətraflı qeyd edəcəyik.

Türkiyəyə gəldikdə isə, şübhəsiz, qardaş ölkənin “Balkan marşrutu”nda yer alması heç də səbəbsiz olmayıb. Dönəmin aparıcı mətbuat orqanları yazır ki, ölkədən keçən narkotik tranziti birbaşa Müdafiə Naziriliyinin nəzarəti altında olub. Yəni həmin dövrdə bu qurumun rəhbərliyi belə qərara gəlib ki, onsuz da heç bir halda narkotik tranzitinin qarşısını almaq mümkün olmayacaq, ən yaxşı halda hər şey onların nəzarəti altında baş versin. Çünki o dönəmdə sərhədlərə tam olaraq nəzarət etmək mümkün deyildi, narkotik tacirləri atkeçməz yollarla da olsa, öz bizneslərini davam etdirəcəkdi. Bu səbəbdən də Müdafiə Naziriliyinin rəhbərliyi qərara alıb ki, narkotik tranzitinə, belə desək, yarırəsmi şəkildə icazə verilsin və buradan gələn pullar hesabına həm ölkənin sərhəd xətti gücləndirilsin, həm də nazirlik müasir avadanlıqlarla təchiz olunsun.
Əlbəttə, o zaman müəyyən məmurların da narkotik pullarından faydalandığı şübhə doğurmur. Lakin bu şəxslər özlərinə “haqq qazandırmağa” çalışıblar ki, tranzitə şərait yaratmaqla, narkotikin daxili bazara ötürülməsinin də qarşısını almış olublar...
Beləliklə, qardaş ölkənin narkotik tranzitinə “qapıları açması” həmin illərdə Türkiyənin ardıcıl olaraq BMT hesabatlarında yer almasına gətirib çıxarıb.
Stopnarkotik.az
P.S. Maraqlıdır, son günlər Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) də narkotik tranzitinə “yaşıl işıq” yandırması nə ilə bağlıdır? Görəsən, bizim məmurların da bu məsələdə özlərinə məxsus “arqumentləri” var?!