Ukraynanın Avropa müttəfiqləri arasında Kiyevin müharibəni bitirmək üçün əhəmiyyətli ərazi güzəştlərinə getməli olacağı barədə getdikcə daha çox fikir formalaşmağa başlayıb.
Bu barədə “El Pais” nəşrində dərc edilən məqalədə deyilir.
Qəzet yazır ki, Brüsseldə heç kim Ukraynanın ərazi güzəştinə getməli olacağını açıq şəkildə bəyan etməsə də, bu fikir tədricən Avropa liderləri arasında "daha az ziyan" kimi kök salır.
Nəşr qeyd edir ki, çərşənbə günü Brüsseldə Fransa, Almaniya, Finlandiya, İtaliya və Britaniyadan olan təhlükəsizlik elçiləri ilə Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov arasında keçirilən görüş "məhsuldar" olub, lakin Rusiyanın müharibəni bitirmək üçün tələb etdiyi ərazilərlə bağlı müttəfiq ölkələrin mövqelərində bəzi nüanslar qeydə alınıb: “Bəzi Avropa rəsmiləri, bunu birbaşa demədən, Rusiyanın tələb etdiyi güzəştlərin əhəmiyyətli bir hissəsinə razı olmadan sülhün mümkün olmadığına işarə ediblər. Umerov da öz növbəsində belə bir vəziyyəti qəbul etməyin çətinliyini təkcə emosional, siyasi və təhlükəsizlik baxımından deyil, həm də bu ərazilərin Ukrayna Konstitusiyasında təsbit olunması səbəbindən qaynaqlandığını qeyd edib”.
Nəşrin məlumatına görə, Avropa Ukraynanı dəstəkləməkdə demək olar ki, tək olduğunu və bərpa xərclərinin əsas yükünü öz üzərinə götürməli olacağını başa düşür: "İndi Rusiyanın öz məqsədlərinə - Ukraynanı fəth etməyə və öz təsir dairəsinə salmaqdan ötrü oyuncaq hökumət qurmağa nail ola bilmədiyi üçün Ukraynanın artıq müharibədə qalib gəldiyini iddia edən bir təsəlliverici arqument yayılmağa başlayır."
Eyni zamanda, Ukraynanın mümkün ərazi itkiləri ideyası Baltikyanı ölkələrdə və Polşada ciddi müqavimətə səbəb olur. Onlar bu güzəşti yalnız son dərəcə həssas deyil, həm də öz ərazi bütövlüyünə ciddi təhdid kimi görürlər.
“Lakin reallıq budur ki, Ukraynanı dəstəkləyən “Könüllülər koalisiyası” arasında Kiyev hakimiyyətinin müharibəni bitirmək üçün əhəmiyyətli güzəştlərə getməli olduğu təəssüratı artır. Hazırda əsas sual ABŞ-nin Kremlin yeni hücumunun qarşısını almaq üçün bu müqavilə çərçivəsində hansı təhlükəsizlik zəmanətlərini təklif etməyə hazır olmasıdır”, - deyə nəşr qeyd edir.
Qəzet yazır ki, hazırda sülh danışıqlarında əsas müzakirə Ukraynanın münaqişəni bitirmək üçün hansı güzəştlərə getməli olacağı, Avropanın onu necə dəstəkləyə biləcəyi və Zelenski hökumətinin bu güzəştləri ölkə daxilində necə “sata” biləcəyi ilə bağlıdır. Cavab müttəfiqlərin ABŞ-ni bu prosesə mümkün qədər cəlb etməyə çalışdıqları təhlükəsizlik zəmanətlərindədir. Başqa bir cavab Avropa İttifaqındadır(Aİ). Belə ki, “El Pais” iddia edir ki, Aİ bu quruma qoşulması müqabilində Ukraynanı Rusiya qarşısında müəyyən sərt güzəştlərə razı salmağa çalışa bilər.
Xatırladaq ki, dekabrın 2-də Stiv Uitkoff və Cared Kuşner Moskvada Putinlə beş saatlıq danışıqlar aparıblar, lakin görüşdən heç bir nəticə əldə edilməyib. Sonrakı açıqlamasında Putin Donbası və qondarma “Novorossiya” bölgəsini "hərbi və ya digər vasitələrlə azad etmək" niyyətində olduğunu bildirdi.
Fransa Prezidenti Emmanuel Makron isə öz növbəsində bildirib ki, ABŞ Rusiya ilə sülh danışıqları zamanı, xüsusən də Rusiya tərəfindən işğal edilmiş Ukrayna əraziləri məsələsi ilə bağlı Ukraynaya xəyanət edə bilər./azpolitika.info