Şimali Koreyada Putin üçün malikanə tikilir - Daha əvvəl Si Cinpin üçün də xüsusi malikanə tikilib

Şimali Koreya Pxenyanda Kumsusan qonaq evi kompleksinin ərazisində təcili olaraq üç dəbdəbəli malikanə tikir. Hər malikanə təxminən 13.000 kvadrat metr sahəni tutur.

“NK News”-un peyk görüntülərinin təhlilinə görə, binalar yaxın aylarda yüksək vəzifəli xarici liderləri qəbul etmək üçün hazırlanır. Malikanələrin tikintisi ilə paralel olaraq, yaxınlıqda yeni bir qəbiristanlıq və muzey - Ukraynaya qarşı müharibədə həlak olan Şimali Koreya əsgərlərinin xatirəsinə həsr olunmuş muzey üzərində işlər aparılır.

Peyk görüntüləri layihənin 2025-ci ilin oktyabr ayının sonlarında icraya başladığını, ərazidə böyük bir işçi düşərgəsi yaradıldığını və ötən qısa vaxt ərzində burada çox sürətli irəliləyiş olduğunu göstərir.

“Planet Labs” görüntüləri isə göstərir ki, noyabrın ortalarına qədər üç yeni malikanənin təməli tamamilə tamamlanıb və bir neçə mərtəbə, eləcə də köməkçi tikililər artıq tikilib. Bu, Şimali Koreya hakimiyyətinin layihəni prioritet hesab etdiyini göstərir.

Pxenyan Kim Çen Inla görüşmək üçün xarici liderlərin qarşıdan gələn səfərləri barədə heç bir rəsmi məlumat yaymayıb. Ancaq “NK News”-un məlumatına görə, Ukraynadakı müharibə fonunda Rusiya və Şimali Koreya arasında əlaqələrin güclənməsi səbəbindən Vladimir Putin yeni iqamətgahda yaşamağa ən real namizəd hesab olunur. Onların sonuncu üzbəüz görüşü 2025-ci ilin sentyabr ayında Pekində hərbi parad zamanı baş tutub.

Analitiklər Çin lideri Si Cinpini və ABŞ Prezidenti Donald Trampı Kumsusan Sarayının digər mümkün qonaqları adlandırıblar.

2019-cu ildə Çin lideri Si Cinpinin səfəri üçün də analoji malikanələr tikilmişdi. Həmin tikinti işləri cəmi dörd ay ərzində başa çatmışıd. Bu bina kompleksi daha sonra 2024-2025-ci illərdə yüksək vəzifəli Rusiya rəsmilərini - Sergey Şoyqu, Andrey Belousov və Dmitri Medvedevi qəbul etmək üçün istifadə olunub./azpolitika.info