NEFTÇALADA GƏNCLƏRƏ NARKOMANİYANIN ZƏRƏRLƏRİ HAQDA MƏLUMAT VERİLDİ - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi icra planına uyğun olaraq növbəti tədbirini 5 mart tarixində Neftçala rayon Banka qəsəbəsindəki orta məktəbdə keçirmişdir. Tədbir Azərbaycan himninin səslənməsi ilə başlayıb. Şəhidlərimizin ruhu sükutla yad edilib.

Stopnarkotik.az xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı komissiyanın sədri Şaiq Məmmədov mövzu ətrafında geniş çıxış etdi. O, çıxışında narkomaniyanın gənclərimiz arasında yayılma səbəbləri, rayonda bu sahədə görülən tədbirlərdən geniş danışdı.

Təşkilatın təlimçisi “Gənclərin antinarkomaniya İctimai Birliyi”nin sədri Billur Məmmədova öz çıxışında narkomaniyanın gənclərimiz arasında yayılmasını bizi əhatə edən, uğurlarımızı qəbul etməyən qonşu dövlətlərin planı olduğunu qeyd etdi.

Neftçala rayon prokurorunun böyük köməkçisi İsmayıl Məmmədli bu sahədə rayonda aparılan proflaktik işlərdən danışdı. O təəssüflə qeyd etdi ki, rayonda gənclər arasında mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilsə də yenə də narkotiklərdən istifadə hallarına rast gəlinir.

Rayon ağsaqqallarından olan, şəhid atası Baloğlan Ağamalıyev gənclərimizi zəhərləyən bu bəladan uzaq durmağı tövsiyə etdi.

Təşkilatın icraçı drektoru Tələt Qəribov gənclərin bu mövzu ətrafındakı suallarını cavablandırdı.

Gənc fəal Uşaq Səfirlər Məclisinin Neftçala rayon üzrə nümayəndəsi Fidan İbrahimbəyli gənclərə rayonda keçirilən gənclər tədbirləri haqqında məlumat verdi. Tədbir çay süfrəsi arxasında aparılan söhbətdən sonra başa çatdı.