Stopnarkotik.az-dan yeni və tam fərqli layihə!
Dəyərli oxucular!
Xəbər verdiyimiz kimi, Stopnarkotik.az saytı hər ayın əvvəlində yeni və tam fərqli layihə ilə görüşünüzə gəlməkdədir.
Belə ki, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” olanları da tanımış olursunuz.
Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.
Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyət də müqayisəli şəkildə təhlil edirik.
Beləliklə, bu dəfə 2023-cü ilin sentybar ayının statistikası ilə oxucularımızı tanış edirik.
İlk öncə onu qeyd edək ki, ötən aylardan fərqli olaraq, sentyabrda Daxili İşlər Nazirliyi narkotik alverçilərinin həbsi ilə bağlı ənənəvi gündəlik açıqlamasına müəyyən qədər ara verib. Belə ki, hesabat ayı ərzində cəmi 7 günlük statistika açıqlanıb ki, bu da toplamda 168 nəfərin həbs olunduğunu göstərir. Aşağıdakı linkə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərsiniz:
Xatırladaq ki, “məzuniyyət ayı” hesab olunan isti avqust günlərində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar ümumilikdə 723 nəfər saxlanılmışdı. Sentyabrda isə 1 həftə ərzində 168 narkotacirin qandallandığını nəzərə alsaq, deməli, orta hesabla ay ərzində həbs olunanların sayı avqustda saxlanılanların sayına yaxındır. Bununla belə, əlimizdə dəqiq rəqəmlər olmadığından, bu haqda konkret fikir bildirmək mümkün deyil.
Lakin onu dəqiq qeyd edə bilərik ki, sentyabrda da narkotik ticarətinə qarşı mübarizədə bütün qurumlar passiv mövqe nümayiş etdirib. Beləliklə, hesabat ayının ümumi mənzərəsinə diqqət edək.
Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi, Su Nəqliyyatında Polis İdarəsi və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən ümumilikdə 4 əməliyyat keçirilib ki, bununla avqust ayına nisbətən xeyli geriləmə müşahidə edilib. Hansı ki, DİN avqustda 6 əməliyyatla digər qurumlardan fərqlənməyi bacarmışdı:
Avqustda ötən aylara nisbətən passiv mövqe ortaya qoyan Dövlət Sərhəd Xidməti (DSX) sentyabrda da hər hansı irəliləyiş əldə edə bilməyib. Belə ki, DSX bu ay ərzində cəmi 4 dəfə İrandan ölkəmizə daxil olan narkotikin qarşısını almağı bacarıb:
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti avqustda 5 fakt üzrə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirilməsinin qarşısını alsa da, sentyabrda qurumun bu barədə heç bir rəsmi açıqlaması yayılmayıb. Ola bilər ki, hesabat dövründə Penitensiar Xidmətdə kadr islahatları aparıldığından, bu sahəyə maraq az olub, ya da qurumun müvafiq əməkdaşları sentyabrı “yuxuda keçirib”.
Eynilə, Dövlət Gömrük Komitəsi (DGK) və Baş Prokurorluq da sentyabr ayı ərzində narkotiklə bağlı mətbuatda özündən bəhs etdirə bilməyiblər.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da avqustda olduğu kimi, sentyabrda da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda hesabatını açıqlamaqla kifayətlənib. Hansı ki, qurumun hesabatında külli miqdarda narktik maddənin dövriyyədən çıxarılması, narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunanların siyahısı və s. açıqlanıb:
Təəssüflə qeyd etməliyik ki, avqustda olduğu kimi, sentyabr ayı ərzində də əksər rayonların polis idarə və şöbələri narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə verə bilməyiblər. Ümumlikdə isə, hesabat ayında “liderliyi” Hacıqabul Rayon Polis Şöbəsi öz üzərinə götürüb. Yəni sentyabrda Hacıqabul polisləri ayrı-ayrılıqda 3 uğurlu əməliyyat keçiriblər ki, bunların hər birində xeyli miqdarda narkotik maddə ələ keçirilməklə yanaşı, bir neçə nəfər narkotacir də saxlanılıb:
Narkotik alverçilərinə qarşı mübarizədə ötən ay birinciliyini bölüşən Şəmkir Rayon Polis Şəbəsi sentyabrda ikinciliyi Quba, Balakən, Biləsuvar, Göyçay, Salyan və Zaqatala ilə paylaşmalı olub. Belə ki, bu rayonların polis şöbələrinin hər biri 2 uğurlu əməliyyatla digərlərindən fərqlənə biliblər.
Abşeron Rayon Polis İdarəsi, Ağcabədi Rayon Polis Şöbəsi, Ağdaş Rayon Polis Şöbəsi, Bərdə Rayon Polis Şöbəsi, Binəqədi Rayon Polis İdarəsi, Cəlilabad Rayon Polis Şöbəsi, Xaçmaz Rayon Polis Şöbəsi, Xətai Rayon Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi, İmişli Rayon Polis Şöbəsi, Kürdəmir Rayon Polis Şöbəsi, Qazax Rayon Polis Şöbəsi, Masallı Rayon Polis Şöbəsi, Nərimanov Rayon Polis İdarəsi, Nəsimi Rayon Polis İdarəsi, Oğuz Rayon Polis Şöbəsi, Sabunçu Rayon Polis İdarəsi, Səbael Rayon Polis İdarəsi, Şabran Rayon Polis Şöbəsi, Şəki Rayon Polis Şöbəsi, Şərur Rayon Polis Şöbəsi, Sumqayıt Şəhər Polis İdarəsi, Suraxanı Rayon Polis İdarəsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları da, hər biri 1 fakt üzrə, bəzi həmkarlarından fərqlənə biliblər. Hansı ki, bu polis şöbələrindən bəziləri sadəcə narkotik tərkibli bitkilərin məhv edilməsi ilə seçiliblər:
Beləliklə, sentyabr ayı ərzində ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin xeyli passiv keçdiyini qeyd edə bilərik.
Stopnarkotik.az
P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, may, iyun, iyul və avqust aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: