İranlı narkotacirin "mal"ını daşıyan Cavid ələ keçdi - NARKOTİKİ 1000 MANAT QARŞILIĞINDA DAŞIDIĞINI ETİRAF ETDİ / FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Mustafayevin sərnişin qismində əyləşdiyi "Opel" markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman saxlanılıb.

C.Mustafayevin üzərinə, eləcə də əyləşdiyi avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən təmiz çəkisi 1 kiloqram 400 qram olan narkotik vasitə - heroin və 50 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı C.Mustafayev Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə tanış olduğu etiraf edərək, aşkarlanan narkotik vasitəni 1 000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Cavid Mustafayev

Bundan əlavə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində bu istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan çəkisi 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.