Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri, əvvəllər də məhkum olunmuş Harun Layıcov, Zaur İslamov və Məhəmməd Cəyiyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı H.Layıcovun üzərindən aşkarlanan narkotik vasitəni Zaur İslamovdan, sonuncunun isə Məhəmməd Cəyiyevdən 200 manata aldığı və hissələrə bölərək ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manata satdığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə M.Cəyiyevin yaşadığı ünvana da baxış keçirilib və oradan satış məqsədilə hazırladığı ümumilikdə 1 kiloqramdan marixuana aşkar olunaraq götürülüb. O, ifadəsində həmin narkotik vasitəni çöllük ərazidə becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.