Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Elbrus Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik maddə olan heroin istifadə etdiyi məlum olub.
E.Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat miqdarında cərimə olunub.