Ay ərzində 723 narkotacir həbs edilib – BİNƏQƏDİ VƏ ŞƏMKİR POLİSLƏRİ BU DƏFƏ DAHA AKTİV OLUBLAR / SİYAHI

Stopnarkotik.az-dan yeni və tam fərqli layihə!

Dəyərli oxucular!

Xəbər verdiyimiz kimi, Stopnarkotik.az saytı hər ayın əvvəlində yeni və tam fərqli layihə ilə görüşünüzə gəlməkdədir.

Belə ki, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” olanları da tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmırıq, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyət də müqayisəli şəkildə təhlil olunur.

Beləliklə, bu dəfə 2023-cü ilin avqust ayının statistikası ilə oxucularımızı tanış edirik.

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyinin gündəlik verdiyi rəsmi açıqlamaya görə, avqust ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar ümumilikdə 723 nəfər saxlanılıb. Siyahı ilə tanış olmaq üçün təqdim etdiyimiz linkə daxil olun:

Məlumat üçün bildirək ki, avqustda narkotik ticarətinə qarşı mübarizədə bütün qurumlar passiv mövqe nümayiş etdirib. Doğrudur, iyula nisbətən avqustda həbs olunan narkotacirlərin sayı 70 nəfər artıb. Lakin, görünür, havaların isti keçməsi ilə əlaqədar ötən aylarda əksər polis idarə və şöbələri “narkotacir ovu”nu dayandırıb. Beləliklə, avqust ayının ümumi mənzərəsinə diqqət edək.

Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ümumilikdə 6 əməliyyat keçirilib ki, bununla DİN avqust ayında digər qurumlardan fərqlənməyi bacarıb. Daha ətraflı aşağıdakı linkdə:

Bundan əlavə, DİN hesabat ayı ərzində Dövlət Sərhəd Xidməti (DSX) və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə keçirdiyi ortaq əməliyyatlarla da “özünü göstərə bilib”:

İyul ayında ən çox fəallıq göstərən Dövlət Sərhəd Xidməti (DSX) isə avqustda passiv mövqeyi ilə seçilib. Belə ki, DSX bu ay ərzində cəmi 4 dəfə İrandan ölkəmizə daxil olan narkotikin qarşısını almağı bacarıb:

Avqust ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidməti öz passiv mövqeyini qorumaqla, cəmi 5 nəfərin təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirməsinin qarşısını alıb:

Eynilə, Dövlət Gömrük Komitəsi (DGK) də “öz ənənəsini” davam etdirərək, hesabat dövründə cəmi 1 fakt üzrə mətbuatda özündən bəhs etdirə bilib:

Avqust ayında Baş Prokurorluq da narkotik ticarəti ilə əlaqədar beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını ölkəmizə ekstradisiya etməklə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə öz töhfəsini verməyə çalışıb:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlarla bağlı hesabatını açıqlayıb. Hansı ki, qurumun hesabatında külli miqdarda narktik maddənin dövriyyədən çıxarılması, narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunanların siyahısı və s. açıqlanıb:

Yuxarıda qeyd etdiyimiz kimi, avqust ayı ərzində əksər rayonların polis idarə və şöbələri də narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə passiv mövqeyi ilə seçilib. Ümumlikdə isə bu dəfə “liderliyi” Binəqədi Rayon Polis İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi öz üzərinə götürüb. Yəni avqust ayı ərzində Binəqədi və Şəmkir polisləri ayrı-ayrılıqda 3 uğurlu əməliyyat keçiriblər ki, bunların hər birində xeyli miqdarda narkotik maddə ələ keçirilməklə yanaşı, onlarla narkotacir də saxlanılıb:

Narkotik alverçilərinə qarşı mübarizədə ötən ayın “lideri” olan Abşeron Rayon Polis İdarəsi avqustda ikinci yerlə kifayətlənməli olub. Belə ki, Abşeron RPİ-nin əməkdaşları hesabat dövründə 2 uğurlu əməliyyat keçirməklə, mətbuatda özündən bəhs etdirə bilib:

Nəsimi Rayon Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi, Gəncə Şəhər Polis İdarəsi, Zaqatala Rayon Polis Şöbəsi, Qəbələ Rayon Polis Şöbəsi, Bərdə Rayon Polis Şöbəsi və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları da avqust ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal olublar. Onların hər biri ay ərzində 2 uğurlu əməliyyat keçiriblər və bu zaman külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılmaqla, bir neçə nəfər narkotik alverçisi də yaxalanıb:

Sumqayıt Şəhər Polis İdarəsi, Yasamal Rayon Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi, Ağdaş Rayon Polis Şöbəsi, Masallı Rayon Polis Şöbəsi, Cəlilabad Rayon Polis Şöbəsi, Şirvan Rayon Polis Şöbəsi, Yevlax Rayon Polis Şöbəsi, Tovuz Rayon Polis Şöbəsi, Salyan Rayon Polis Şöbəsi, Oğuz Rayon Polis Şöbəsi, Kürdəmir Rayon Polis Şöbəsi, İsmayıllı Rayon Polis Şöbəsi, Qazax Rayon Polis Şöbəsi, Göyçay Rayon Polis Şöbəsi, Goranboy Rayon Polis Şöbəsi, Füzuli Rayon Polis Şöbəsi, Biləsuvar Rayon Polis Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları da, hər biri 1 fakt üzrə isti avqust ayında “yatmağa üstünlük verən” həmkarlarından fərqləniblər:

 

Hesabat dövründə bir sıra qalmaqallı məhkəmə prosesləri də keçirilib ki, bunlardan külli miqdarda narkotiklə yaxalanan şəxslərin sərbəst buraxılması xüsusilə diqqəti cəlb edir:

Bütün bunlardan əlavə, bəzi rayonların polis əməkdaşları narkotik tərkibli bitkilərin məhv edilməsi ilə bağlı da aktivlik göstəriblər. Bu zaman isə Laçın Rayon Polis Şöbəsi, Xocavənd Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsi və Qax Rayon Polis Şöbəsinin əməkdaşları fərqləniblər:

Sonda oxucuların diqqətinə onu da çatdıraq ki, hesabat ayı ərzində Bakı və Gəncədə narkotiklə əlaqədar ümumilikdə 4 kriminal hadisə baş verib ki, onları da sizlərlə paylaşırıq:

Stopnarkotik.az