Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla əldə edərək Şəmkir rayon ərazisinə gətirilməsini və satışını həyata keçirən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyevin üzərinə baxış keçirilən zaman üzərindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. R. Əliyevin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində ona məxsus avtomobilə də baxış keçirilib və oradan 3 kq 190 qram çəkidə heroin və 1 kq 80 qram çəkidə tiryək aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşından aldığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.