Azərbaycana külli miqdarda narkotik gətirən iki nəfər yaxalandı - VİDEO/FOTO

İrandan Azərbaycana narkotik vasitələrini qaçaqmalçılıq yolu ilə gətirən daha 2 nəfər Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 1989-cu il təvəllüdlü, Zahid Məmmədov və 1998-ci-il təvəllüdlü Qabil Muradov saxlanılıblar. Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən güclü təsirə malik 22 kiloqram heroin, 23 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4300 ədəd "Metadon" həbi aşkarlanıb.

Araşdırmlarla Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı "Səxavət" adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyən edilib. Dəstə üzvləri narkotikləri Abşeron rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"