Ali Məhkəmədə narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmaqda ittiham olunan dəstə üzvləri - Mahizər Məmmədova, Azər Ağayev, Heydər Məmmədov və Sənan Eyvazovun barələrindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Ağayev 11 il, Heydər Məmmədov 12 il 6 ay, Mahizər Məmmədova 10 il, Sənan Eyvazov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Mahizər Məmmədova paytaxtda keçirilən əməliyyatla saxlanılıb. Onun üzərindən 2 kiloqram 50 qram heroin və 321,964 qram metamfetamin götürülüb. Məlum olub ki, 64 yaşlı qadın narkotiki İran vətəndaşından satmaq məqsədi ilə əldə edib və bir neçə dəfə heroin və metamfetaminin satışını həyata keçirib. O, aldığı narkotik vasitələrin pulunu Bakıda təhsil alan iranlı tələbə Afşin Naderinin vasitəsi ilə göndərib. Mingəçevir sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayev də M.Məmmədovaya 3,5 kq heroin satarkən tutulub. H.Məmmədov və A.Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstəriblər. H.Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib.