Bakının Nəsimi rayonunda narkotik ittihamı ilə həbs edilən 1965-ci il təvəllüdlü paytaxt sakini İlhamın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, İlham istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 9,408 qram çəkidə olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıyıb.
O, 24 avqust 2022-ci ildə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13.30-da saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, “kokos” kimi tanıdığı narkotik vasitədən heroindən istifadə edib:
“Mən evdə olan zaman qapı döyüldü, 10-12 nəfər polis əməkdaşı içəri daxil oldu və zor tətbiq edərək məni bölməyə apardılar. Məndən “mal haradadır” deyə soruşdular. Məndə narkotik vasitə olmadığını bildirdim. Məni ailəm ilə hədələdilər. Üzərimdə hər hansı narkotik vasitə olmadı. Üzərimdən aşkar olunan narkotik vasitəni isə polis əməkdaşları sağ cibimə qoyublar. Onlar narkotik vasitənin yaşadığım əraziyə qoyulduğunu və götürdüyünü bildirməyimi istədilər. Mənim ayağımda qolbağ olub. Harada olmağım barədə məlumatın əldə etmək mümkün olub”.
Verilən suallara cavab olaraq təqsirləndiriən şəxs deyib ki, mobil nömrə onun özünə aid olub: “Lakin mənə kiminsə mesaj yazıb narkotik vasitə istəməsini isə xatırlamıram. Telefon yazışmalarım ilə bağlı suala cavab vermək istəmirəm. Üzərimdən aşkar edilən narkotik vasitələr polis əməkdaşları tərəfindən təqdim edilib. Boynuma almaq halını isə tam xatırlamıram. Özümdə olmamışam, polis əməkdaşları tərəfindən döyüldüyüm üçün ağlamışam. Polis əməkdaşları tərəfindən mənə tətbiq edilən zor tətbiqi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmişəm. Amma nəticəsindən məlumatsız olmuşam. Prokurorluq tərəfindən qəbul edilən qərardan savadım olmadığı üçün şikayət verməmişəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham 6 il müddətinə azadlıqdan məhrum edilib.