Tələbələrin fotolarını montaj edib yayan şəxs həbs olundu - YENİLƏNİB / VİDEO + AUDİO

Tələbələrin fotolarını yaymaqda təqsirləndirilən Fəxri Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, Fəxri Cəbrayılov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

*** 17:40

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, kiberpolisin keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.